İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli Azərbaycana səfəri çərçivəsində ADA Universitetində rektor Hafiz Paşayevlə görüşüb.
Boyukmillet.com xəbər verir ki, rektor İtaliya-Azərbaycan Universiteti layihəsinin təsis edilməsi sahəsində görülmüş işlər və gələcək planlar barədə məlumat vermiş, müxtəlif sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsində tərəfdaş italyan universitetləri ilə birgə fəaliyyətindən söhbət açıb.
Nazir müavini Edmondo Çirielli bu layihənin, ümumilikdə mədəniyyət və təhsil sahəsində əməkdaşlığın iki ölkə arasındakı münasibətlər üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb və ADA Universitetinin bilik və təcrübə mübadiləsindəki rolunu təqdir edib.
Görüşdən sonra rektor Hafiz Paşayevlə birlikdə İtaliya-Azərbaycan Universiteti layihəsinin ADA Universitetinin kampusundakı tikinti sahəsi ilə tanışlıq olub, xatirə şəkli çəkilib.
Qeyd edək ki, İtaliya-Azərbaycan Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsüdür. Bu Universitet barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. ADA Universiteti və italyan universitetləri ilə akademik əməkdaşlığa dair sazişlər 2022-ci il sentyabrın 1-də Romada imzalanıb. Bu təşəbbüs çərçivəsində təklif olunan ilk iki magistr proqramı 2023-cü ilin sentyabr ayından etibarən tətbiq olunacaq. Cari ayın 25-də isə Alma Mater Bolonya Universiteti ilə kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair ilk qısamüddətli birgə sertifikat proqramı həyata keçiriləcək.