Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Haaqada İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Direktorlar Şurasının sədri və üzvləri, habelə bu təşkilatın baş katibi ilə görüşüb.
Boyukmillet.com xəbər verir ki, görüş zamanı azərbaycanlı diplomat həmsöhbətlərə regionumuzdakı vəziyyət, Bakı ilə İrəvan arasında danışıqlar prosesinin gedişatı, Qarabağ regionunun Ermənistanın işğalından azad edilmiş şəhər və kəndlərinin dirçəldilməsi, həmçinin azad edilmiş ərazilərin minalardan təmizlənməsi haqqında məlumat verib.
Səfir itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinin aydınlaşdırılması istiqamətində Azərbaycan Prezident Administrasiyası, nazirlik və qurumları tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq təşkilatlarda diplomatiyamızın dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etmək səylərini vurğulayıb.
Görüş zamanı tərəflər ötən ilin iyun ayında Azərbaycana səfəri nəticəsində komissiyanın nümayəndə heyətinin hazırladığı qiymətləndirmə hesabatının məzmunu ilə bağlı fikir mübadiləsi aparıb, Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin Azərbaycan vətəndaşlarının probleminin həlli ilə bağlı komissiya ilə ölkəmiz arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində gələcək addımları müzakirə ediblər.
Səfir R.Mustafayev ICMP Direktorlar Şurasının diqqətini bu məsələnin bütün Azərbaycan cəmiyyəti, ilk növbədə itkin düşənlərin qohumları və yaxınları üçün vacibliyinə cəlb edib. O, xüsusilə vurğulayıb ki, bu problem həll edilmədən Bakı ilə İrəvan arasında etimadlı münasibətlərin qurulması və regionda dayanıqlı sülhün bərqərar olması mümkün deyil.
Komissiyanın rəhbərliyi bu məsələ ilə bağlı Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın intensivləşdirilməsində maraqlı olduqlarını, itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması və müəyyən edilməsində hərtərəfli elmi-texniki və digər yardımlar göstərməyə hazır olduqlarını vurğulayıblar.
Qeyd edək ki, ICMP 1996-cı ildə ABŞ Prezidenti Bill Klintonun təşəbbüsü ilə yaradılıb. Komissiyanın ilkin mandatı 1991-ci ildən 1995-ci ilədək baş vermiş hərbi əməliyyatlar nəticəsində itkin düşmüş 40 minədək insanı tapmaq olub. Bu gün Komissiya dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir və itkin düşmüş şəxslərin problemləri ilə məşğul olan əsas hökumətlərarası təşkilatdır.
Azərbaycanın Komissiya ilə əməkdaşlığı 2022-ci ildən Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və Azərbaycanın digər nazirlik və qurumları vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın vətəndaşın taleyinə aydınlıq gətirmək məqsədilə həyata keçirilir.