“Bu düşüncəylə yaşayıb, pul qazanmalıyam. Korrupsiya bilmirəm, oğurluğu bacarmıram. Bizim televiziyanın konseptində istədiyin verilişi edə bilməzsən. Son 5 ildə televiziyamız elə hala düşüb ki, oradan qaçmaq lazımdır və mən də qaçdım. Bizə atalar öyrədib ki, ər arvadından danışmaz, giley etməz. Bu bizim mənəvi, ənənəvi onurğa sütunumuzdur. Bunu dağıdan millətin düşmənidir. Deyirlər, həyətdə arvadı çağıranda adını belə çəkmə. Dostlar yanında oturanda arvaddan danışmaq olmaz. Veriliş açırlar ər gəlir arvaddan danışır, arvad kişidən şikayət edir. Bu nə deməkdir? Bizim mənəvi sütunumuzu televiziya vasitəsilə sındırdılar”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri aparıcı Kamran Həsənli Murad Arifin “Popumuz var” layihəsində deyib. O, efirdə ailə-məişət mövzularına həsr edilən proqramları tənqid edib.
K.Həsənli bildirib ki, telekanallarda vəziyyət getdikcə pisləşir:
“Azərbaycan televiziyasına rüşvət, intellektə düşmənlik, yalançı reytinq girdi. İnsanlarımız televiziyalarımıza nifrət edir. Bu da faciədir… Hər gün “Space”lə savaşım olub. Mənə deyirlər ki, tamaşaçı intellektual verilişə baxmır. Dedim ki, çıxacam “Youtube”da videolar qoyacam, siz də görəcəksiniz. Televiziyada dəyişiklər görmürəm. Dekorativ dəyişikliklər var, mahiyyət yox. Kanalı yandıran kimi görürsən ki, həmin telekanaldır. Bayağılıq və tərbiyəsizliyin azalması dəyişiklik deyil.
“Sizin saat” aparırdım, heç kim demirdi niyə bunu danışdın? Bizim vaxtımızda Eldar Namazov, Etibar Babayev rəhbərim olub. Allah onlara can sağlığı versin. Amma Vaqif Mustafayev deyir, hətta deyir, bunu belə edəcəksiniz. İndi gördüyünüz “Space” onun düşüncəsidir. “Sizin saat” başladı, tutdu və yenidən bağlandı. Mən televiziyaçıyam, orada uğur qazanmışam, sosial şəbəkəyə gəlməməli idim.
“Onda başladıq” efirə getdi, Aqil Abbas mənə zəng vurdu ki, əladır, amma bağlanacaq. Millət vəkilləri oturub baxırdı, qonaq gəlirdi, bu, “Space”in arzusu idi. İki həftə sonra dedi ki, orada cazdan danışmayın. Orada rəqs, mahnı olmalıdır. Vaqif Mustafazadəyə veriliş həsr etdim, səhər yuxudan oyanıb efirə kimlər gəldi. Musiqiçilər çox vaxt səhər yuxudan dura bilmir. Bizdə iclasda savaş çıxdı, ətraflı danışmıram. Qırğın oldu. Vaqif Mustafayev caza nifrət edir. O, hind filmini nümayiş etdirir. Elə bilir ki, camaat hələ də hind filminə baxır.
“Space” təkcə Azərbaycan xalqı üçün yox, televiziya tariximiz üçün qara ləkədir. Elə telekanal ola bilməz.
Sənə baxıb səni söyürlərsə, üzünə tüpürürlərsə, bu, reytinq deyil. Kanallarda janr var, bizdə hamısı eynidir. Müğənni buradan çıxıb, eyni geyimdə gedir başqa kanala. Azərbaycanda ilk canlı efiri mən yaratdım, buna görə də özümə söyürəm. Məni efirdən çıxardıblar, amma ideyam hələ də gedir. İndi divanı qoyub, oxumaq qalıb?”.