Bazar , 19 May 2024
Drone Cameras

Köhnə məmur korpusundan qalanların İsmayıllıda yeni başçıya qarşı demarşları, ya…

Samir Adıgözəlli: “Ola bilər ki, elə rayondakı neqativliklərin üstü məhz yeni icra başçısının köməyi ilə açılıb”

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə birgə məlumat yayıb.

Bildirilir ki, daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər qarşılığında “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib və müəyyən olunub ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb. İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, M.Əhmədov şübhəli şəxs qismində tutulub. Qeyd edək ki, bu hadisə ilə bağlı sosial şəbəkələrdə birmənalı münasibət bildirilməyib. Bəllidir ki, DTX digər rayonlarda da analoji əməliyyatlar aparıb, hətta daha yüksək vəzifəli şəxsləri həbs edib. Məhz rayon icra hakimiyyətlərində baş verən neqativliklərin fonunda Prezident bəzi rayonlara gənc icra başçılarını göndərdi. Belə rayonlardan biri də İsmayıllıdır. Sonuncu neqativliyin məhz İsmayıllıda baş verməsi müxtəlif sualların yaranmasına səbəb olur: gənc icra başçısı neqativliklərin öhdəsindən gələ bilmir, yoxsa köhnə məmur korpusu islahatları sabotaj edərək gənclərə işləməyə imkan vermir?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yayılan məlumata müxtəlif aspektlərdən yanaşmaq olar:“Birincisi, belə hadisənin Prezidentin yeni təyin etdiyi gənc icra başçısının rəhbərlik etdiyi rayonda baş verməsi önə çəkilir. Çünki ölkə başçısı onu qəbul edərkən konkret tövsiyələrini vermişdi. Mən inanmıram ki, bu neqativliklərə gənc icra başçısı şərik olsun və ya göz yumsun. Büdcə pullarının necə mənimsənildiyini biz DTX-nın bundan əvvəl keçirdiyi əməliyyatlarında açıq gördük. Bu məsələdə vəziyyət fərqlidir. Ola bilər ki, elə rayondakı neqativliklərin üstü məhz yeni icra başçısının köməyilə açılıb. İsmayılıda baş verən hadisədə icra başçısının fəaliyyətini tənqid edənlər əsasən ona bugünlərdə töhmətin verilməsi arasında paralel aparırlar. Bu hadisələr arasında heç bir rabitə görmürəm. Həmin vaxt icra başçısının etdiyi hərəkət inzibati pozuntu idi. Rayonun turizm imkanlarını müzakirə etmək üçün karantin qaydasını pozmuşdu. Burada isə söhbət köhnə komandadan qalmış məmurun etdiyi cinayətdən gedir. Mən güman edirəm ki, bir çox rayonlarda belə hallar mövcuddur. Bu cür korrupsiya əməlləri mütəşəkkil qaydada törədilir. Görünür, yeni icra başçısı fəaliyyəti şəffaf görmək üçün belə həbslərin reallaşmasına köməklik göstərib. Bu məsələdə islahatları qəbul etməyən bəzi yerli məmurların müqavimət addımları hiss edilir. Korrupsiya əməllərinin qarşısının alınmasının yolu məhz bu cür sərt tədbirlərdən keçir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …