Bakıda yaşayıb işləməyimə baxmayaraq, ildə bir-iki dəfə də olsa Naxçıvan Muxtar Respublikasına getmək imkanı qazananda bu imkanı mütləq dəyərləndirirəm. Qədim diyarın təmiz havası, ekoloji və turizm zənginliyi, müasir inkişafı mənə bir hüzur, rahatlıq verir. Hər səfərimdə Naxçıvanda baş verən yenilikləri, dəyişiklikləri görəndə doğulub-böyüdüyüm doğma torpağımla qürur duyuram…
Bu dəfəki səfərim dekabrın ilk günlərinə təsadüf etdi. Pandemiyaya görə Bakı-Naxçıvan təyyarə reysləri azaldılaraq gündə 1 dəfə həyata keçirilir. Hansı ki, bir müddət əvvəl Naxçıvana heç 1 dənə də təyyarə işləmirdi… Böyük Vətən müharibəsində qələbəmizdən sonra mən də hədsiz inanıram ki, Naxçıvana növbəti gəlişim Zəngəzurdan keçməklə qatarla, şəxsi minik avtomobilləri ilə olacaq… Çünki, Naxçıvan nəqliyyat blokadasını tamamilə yarmağını, özünün blokada şəraitində necə yüksək inkişaf yolu keçməyini bütün dünyaya göstərməyi çoxdan haqq edib. Axı, blokadada yaşaya-yaşaya inkişaf edən, iqtisadiyyat, ordu quran, Qarabağın, Şuşanın işğaldan azad edilməsində qəhrəmanlıqla döyüşüb yüzlərlə şəhidlər verən ulu diyardı Naxçıvan…
Xəstəlik muxtar respublikada idarəedilən epidemiya kimi müşhidə olunur
Naxçıvanın və naxçıvanlıların həmişə diqqətimi çəkən cəhətlərindən biri də özünəməxsus model formalaşdırmağı, ən çətin anlarda ən düzgün yol seçməyidir. Bu gün dünyanı lərzəyə salan koronavirus pandemiyasına qarşı effektli mübarizə də dediklərimə nümunə ola bilər.
22 dekabr 2020-ci ilin son statistikasına görə, dünyada bir gündə 575 mindən çox adamda COVİD-19 aşkarlanıb. Son 24 saat ərzində isə 9267 nəfər virusun qurbanına çevrilib. ABŞ-da pandemiya başlayandan koronavirusa yoluxanların sayı 18 milyonu ötüb. Koronavirusun mutasiyaya uğramış yeni növü isə Böyük Britaniya ilə yanaşı, daha 5 ölkədə aşkar olunub.
Lakin Naxçıvanda vəziyyət tamamilə fərqlidi. Elə ilk vaxtlardan Naxçıvanda həyata keçirilən operativ və qabaqlayıcı dezinfeksiya işləri, müayinə tədbirləri, sosial izolyasiyanın tətbiqi və mətbuatın, televiziyanın imkanlarından istifadə etməklə aparılan tibbi-profilaktik maarifləndirmə tədbirləri koronavirusun muxtar respublikada pandemiya səviyyəsinə yüksəlməsinin qarşısını alıb. Naxçıvanda həmsöhbət olduğum həkimlər və jurnalist həmkarlarım dedilər ki, xəstəlik muxtar respublikada idarəedilən epidemiya kimi müşhidə olunur. Xəstəlik aşkar edilən xəstələr dərhal nəzarətə götürülür, sosial izolyasiya edilərək müalicə edilirlər. Mədəni-kütləvi tədbirlər keçirilmir, kütləvi mərasimlərin təşkilinə nəzarət edilir. Lakin burada sərt karantin rejimi tətbiq edilməyib. Çünki xəstəlik bacarıqla idarə edildiyindən buna ehtiyac qalmayıb. Qısası, sərt karantin bütün Naxçıvan sakinlərinə yox, yalnız xəstəliyə tutulanlara və onların ailə üzvlərinə, xəstələrlə təmasda olanlara tətbiq edilir. Məktəblər, universitetlər növbəli faəliyyət göstərir. Məsələn, əgər bir sinifdə 20 şagird vardısa, onların 10 nəfəri günün birinci, digər 10 nəfəri isə günün ikinci yarısında dərslərə gəlirlər. Məktəblər, marşruta çıxan avtobuslar, küçə və prospektlər, bazarlar, hətta ucqar dağ kəndlərinin yol və küçələri, məktəbləri, sinif otaqları da müntəzəm olaraq dərmanlanır, viruslara qarşı dezifeksiya edilir. Bununla da nə uşalar təhsildən, idmandan yayınır, nə də bütün günü evdə oturub passivlikdən, havasızlıqdan əlavə xəstəliklər tapırlar.
Bəzən qaş qoyan yerdə göz çıxarırıq
Xüsusilə, Naxçıvanın televiziya və radiolarının öz təbliğati işlərini təbii və mövsümi qidalarla sağlam qidalanma, təmiz havada gəzmə, sosial məsafəni hər yerdə gözləmək kimi məsələlər üzərində qurması da diqqətimi çəkdi. Əlbəttə ki, güclü immunitet və sağlam həyat tərzi keçirmək hər bir xəstəliyə, eləcə də koronavirusa qalib gəlməyin yoludur və Naxçıvanın ekoloji-təmiz məhsulları, duzlu təmiz havası bu mənada insanların köməyinə çatır.
Lakin ölkəmizin digər yerlərinə baxanda görürük ki, il boyu tətbiq edilən sərt karantin qaydaları demək olar artıq həyat tərzimizə çevrilib. Lakin unutmayaq ki, bu, bəzən qaş qoyan yerdə göz çıxarmaq kimi də olur. İki məktəbli övladım olduğundan bu mövzu məni daha çox narahat edir. Çünki hər şeydən əvvəl məni onların gələcəyi, sağlamlığı və təhsili maraqlandırır. Artıq Bakı və digər rayonlarda dərs proqramlarını onlayn mənimsənilməsinin nə vaxtadək davam edəcəyi belə məlum deyil. Bəzi iş və xidmət sahələrində karantin şərtlərinin yumşaldılması prosesi baş versə də, bu proses məktəblərdən kənarda qaldı… Dərslərin onlayn rejimdə tədrisi üz-üzə dərs keçməyin yerini verə bilmir.
Müşahidələrimdən belə qənatə gəldim ki, virusun qarşısının alınmasında və ona qarşı mübarizədə Naxçıvan modelinin tətbiqi yaxşı nəticələr verə bilər
Naxçıvanda olduğum müddətcə çox az sayda yoluxma sayı eşitdim. Həm də gördüm ki, vacib xidmət və istehsal sahələri, dükan və marketlər, bazarlar öz gündəlik ahəngini pozmadan işləyir, sadəcə yüksək tibbi maarifə malik olan insanlar özlərini qoruyur, sosial izolyasiya qaydalarına riayət edirlər. Əgər kimdəsə xəstəlik aşkarlanıbsa ona öz evində müalicə tətbiq edilir, həkim və tibb işçisi ayrılır, ailə karantinə alınaraq heç kimlə təmasa buraxılmır. Ağırlaşma halı yoxdursa xəstəxanaya aparılmır. Xəstəxanalar isə ən müasir müayinə və müalicə imkanlarına malikdirlər. Beləcə, Naxçıvanda yüzlərlə ailə elə öz evində düzgün müalicə edilərək öz sağlamlığına qovuşub. Bunu koronavirusinfo.az saytının son açıqlamaları da təsdiq edir. Saytın son məlumatına görə, ölkə üzrə ən çox yoluxma 52,5 faizlə Bakıda, ən az 0,03 faizlə isə Naxçıvan Muxtar Respublikasındadır. Ən çox önəm verdiyim təhsil isə öz yerində, pandemiyadan əvvəlki qayda ilə davam edir.
Övladlarımı Bakı məktəbindən çıxarıb Culfa məktəbinə qoydum
Elə məhz bu səbəbdəndir ki, uşaqlarımın təhsildən geri qalmamaları üçün onları yaşadığımız Bakıxanov qəsəbəsindəki məktəbdən çıxarıb Culfanın Gülüstan kənd məktəbinə yerləşdirdim. Onları evimizdə anama, məktəbdə isə yeni müəllimlərinə etibar etdim. Məktəb kənddə olsa da ən müasir səviyyədə tikilib, istiliyinə, təmizliyinə, kitabxanasının, internetə qoşulmuş kopyuter sinifinin zənginliyinə söz yoxdur. Tədrisin səviyyə və keyfiyyəti isə Bakı məktəblərindən nəinki geri qalır, bir çox parametrlərə görə onları üstələyir. Elə ilk günlərdən bunu təkcə mən yox, hətta uşaqlar belə hiss etdi… Xüsusi ilə nəzərə alsaq ki, pandemiya şəraitində uşaqların da immunitetinin təbii üsullarla gücləndirilməsi vacibdir. Bu isə o deməkdir ki, təmiz havada olmaq, təbii məhsullarla qidalanmaq daha da məqsədəuyğundur. Fikrimcə biz insanları evdə qapalı saxlamaqla virusun yayılmasına daha çox şərait yaratmış oluruq. Lakin Naxçıvanda qarşılaşdığım mənzərə tamamilə fərqli idi…
Sakinlər dedilər ki, virusla mübarizə tədbirləri elə ilk günlərdən düzgün təşkil edilib. Ali Məclisdə dəfələrlə müşavirə keçirilib, Ali Məclisin Sədri aid orqanlara tapşırıq və tövsiyyələr verib, koronavirusla mübarizəyə dəstək fondu yaradılıb, müasir tibbi və laboratoriya avadanlqları, steril izolyasiya vasitələri alınıb, yeni Gigiyena və Epidemiologiya Mərkəzinin tikintisinə başlanılıb. Pandemiya ilə mübarizə tədbirlərinə isə Ali Məclisin Sədri Vasif Talıbov şəxsən nəzarət edir və vəziyyəti gündəlik diqqətində saxlayır.
Azərbaycanın hər yerində Naxçıvan modelindən istifadə edə bilərik
Qeydlərimi yazarkən tanınmış həkim Qalib Əsədovun mətbuata açıqlaması diqqətimi çəkdi. Həkim deyib: Adamlar bu virusa təkrar-təkrar yoluxacaq, illər boyu məktəblər işləməyəcək, gənclər toy edə bilməyəcək, işsizlik baş alıb gedəcək. Bütün dünya bunu artıq anlayıb və müvafiq tədbirlər görür.
Testləri çox miqdarda edərək, operativ surətdə yeni xəstələnənləri aşkar edirlər. Dərhal müvafiq müalicə tədbirlərinə başlayır. Apteklərdə də ki, kifayət qədər keyfiyyətli dərman var. Hamı da işində, gücündə. Mən İsveçrə, Belarus, Cənubi Koreya demirəm, elə Azərbaycanın hər yerində Naxçıvan modelindən istifadə edə bilərik. Bir baxın, orda yoluxma və ölüm nə qədərdir. Çünki iş düzgün təşkil olunub”.
Həkimin sözlərinə görə, ölkəmizdə çoxlu test aparmalı, testlərin cavabı operativ hazırlanmalı və apteklər keyfiyyətli dərmanlarla təchiz olunmalıdır:
“Məktəb, universitet, iş yerləri bir sözlə, hər yan açılmalıdır. Başqa yolumuz yoxdur. Dünyanın heç bir yerində ilboyu karantin olmayıb”.
Mən də Qalib Əsədovun fikrinə qoşularaq deyirəm ki, bu vacib məsələdə də Naxçıvan təcrübəsinin öyrənilərək ölkəmizin digər bölgələrində də tətbiq edilməsi məqsəduyğun olardı.
Röya Bənənyarlı
Azərbaycan Televiziyasının əməkdaşı
Bakı-Naxçıvan-Bakı