Bazar , 22 Dekabr 2024
Drone Cameras

“Le Penin qələbəsi Avropanın sonudur” – Avropalı komissardan avropalılara həyəcanlı çağırış

Avropa Birliyinin iqtisadi və maliyyə məsələləri üzrə komissarı Pyer Moskoviçi Fransanın “Milli Cəbhə” pariyasının lideri Marin Le Penin aprel ayında keçiriləcək prezident seçkilərində qalib gəlməsi halında Avropanın dağıdılmış və zəif duruma düşəcəyini bildirib.

Avropalı məmurun sözlərinə görə, bu hadisədən Rusiya və ABŞ öz məqsədləri üçün istifadə edəcəklər.

“Milli Cəbhə” partiyasının prezident seçkilərində qalib gəlməsi tanıdığımız və bildiyimiz Avropanın sonunu gətirəcək. Le Pen Avropa Biliyindən və avrozonadan çıxmağı təklif edir. Mən Avropanı Fransasız təsəvvür edə bilmərəm”, – Pyer Moskoviçi deyib.

Avropalı komissar Marin Le Penin qələbəsi ilə bağlı Komissiyada hər hansı ssenarinin mövcud olmadığını söyləyib:

“Siyasət işində çoxillik təcrübəm kimsənin “B” planı ilə hazırlıq görməməsi gərəkdiyini söyləyir. Əgər sizin “B” planınız varsa, demək, “A” variantına artıq inanmırsınız. “A” planı isə budur: Le Pen seçkilərdə uduzur. Ümid edirəm, belə də olacaq”.
Moskoviçi fransızları Marin Le Penin təklifləri qarşısında yoldan çıxmamağa çağırıb. O, həmçinin Avropa Birliyinə daxil olan ölkələri ABŞ prezidenti Donald Trampa qarşı birləşməyə çağırıb.

“Bizim amerikalılarla mövqelərimiz tam tərsinədir. Onlar bizi parçalamaq istəyir. Ona görə ki, bir-birindən ayrı 27 dövlətlə danışmaq həm ABŞ-ı, həm də Rusiyanı daha güclü mövqelərə sahib olmasına şərait yaradır. Biz birlikdə güclüyük”, – avropalı siyasətçi əminliyini ifadə edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti 
Fransua Olland da özünün əsas vəzifəsinin Marin Le Penin seçkilərdə qalib gəlməsinin qarşısını almaqdan ibarət olduğunu söyləyib.

“Son 30 ildə ultrasağlar hələ bu qədər populyar olmamışdılar. Lakin Fransa Le Penin seçkilərdə qalib gəlməsinə yol verə bilməz. Ən azı ona görə ki, bu Fransadır və o, bilir ki, 23 apreldə və mayın 7-də keçirilən seçkilər yalnız onun deyil, Avropa Birliyinin də taleyini həll edəcək”, -Olland bəyan edib.
Fransa prezidenti deyib ki, Marin Le Penin baryerlər, sərhədlər və gözətçi qüllələri ilə əhatələnmiş Fransa istəyir.

Marin Le Penin özü isə Rusiya ilə baş verə biləcək “soyuq müharibə”nin Avropanın gələcəyi üçün təhlükə törətdiyini bildirib. ABŞ-ın CBS News kanalının müxbirinin verdiyi “Siz Rusiyanın Avropa üçün təhlükə törətdiyinə inanmırsınızmı?” sualına Le Pen belə cavab verib: “Mən qəti olaraq inanmıram. Bunun uydurulmuş hekayə olduğunu düşünürəm. İstərsəniz Avropa üçün nəyin təhlükəli olduğunu söyləyim. Bu Rusiyanı Çinin ağuşuna ata biləcək soyuq müharibədir”.

Bundan başqa, Le Pen qalib gəlməsi halında ölkənin xarici siyasətində radikal dəyişiklikləri həyata keçirəcəyini, o cümlədən Fransanın Avropa Birliyində üzvlüyünün yenidən baxılacağını vurğulayıb.
Le Pen NATO-nun mövcudluğunun məqsəduyğunluğuna şübhə ilə yanaşdıqlarını və Fransanın Rusiya ilə yaxınlaşmasına tərəfdar olduqlarını söyləyib.

Vaqif Hüseyn, musavat.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir