Bazar , 19 May 2024
Drone Cameras

MƏN KƏNDİMDƏ NƏLƏR GÖRDÜM, GÖRMƏDİM

Nələr görmədim…

Mən böyüyüb boya- başa çatdığım evimizin əzəmətin, məhləmizin gül-çiçəyin, hər bir evin bacasından tüstülənən sobaların hənirtisin, babaların-nənələrin, ataların-anaların nəsihətin, bulaq başında səhənglərə su dolduran qız-gəlinlərin şaqraq səsin, at üstündə çovkan oynayan gənclərin gur nərəsin, çilik-ağac, dirədöymə oynayan uşaqların xoşbəxtliyin görənmədim.
Kəndimizin həyat tərzin: mal-qoyunun mələrtisin, toyuq-cücənin ciggiltisin, köhlən atların kişnərtisin, atlını-atdan salan itlərin hikkəsin eşitmədim, görəmmədim.

Mən 30 ildən artıq sıfırlanmış bir həyat gördüm, bir kabus yaşadım.

Viran olmuş, talan olmuş evlər gördüm, dağıdılmış, qəbristanlıqlar, xarabalığa dönmüş kəndlər gördüm, xəyallara dönmüş uşaqlığımı, itirdiyim yeniyetməliyimi, ilk qədəm qoyduğum orta məktəbin xarabalıqlarını gördüm. Uçub-dağılaraq daş-ağac yığınına dönmüş evimizin qalıqları altından atamın qarın, yağışın altında çürümüş kitablarını gördüm.
Uşaq yaşlarında top, dirədöymə, çilik-ağac oynadığım şəhid olmuş dostlarımın kəndimizin girişində xatirə lövhəsini gördüm. İlk uşaqlıq sevgimin nəfəs alıb, baş qaldırıb, boy atdığı çəmənlərin kol-kos basan halın gördüm…

BİR BİLƏSİZ NƏLƏR GÖRDÜM.

ÜMİD GÖRDÜM , İNAM GÖRDÜM.

Yandırılıb, külə dönmüş məhlələrdə yeni salınan qəsəbələr gördüm. Çəmənlərdə, həyətlərdə, tər açılmış gül-çiçək gördüm. Meşələrdə boy qaldırmış gənc ağaclar, ağlamaqdan kor olmuş bulaqların yenidən dum-duru axışını gördüm. Doğma yurdda həsrət qaldığım gəncliyimi xəyalən, ruhən yaşamağa çalışdım. 31 il görmədiyim ata yurduma bir anda alışdım, qaynaşdım, küsdüyüm taleyimlə barışdım.
Mən keçmişimə, uşaqlığıma, yeniyetməliyimə xəyalən səyahət, bu torpaqda yaşamadığım gəncliyimə isə təəssüf etdim, bu torpaqlarda qocalmaq ümidimi isə heç bir zaman itirmədim…
Bizə gördüklərimizi və görmədiklərimizi yaşatdıqlarına görə Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.
AMİN!

Vüqar Qədirov

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …