Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqının açıq məktubuna cavab verib

İyulun 10-da Rusiya Jurnalistlər İttifaqı “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına açıq məktub ünvanlayıb.

Söhbət iyunun 30-da Bakıda saxlanılan “Sputnik Azərbaycan” informasiya agentliyinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun həbsindən gedir. Bunu Rusiya Jurnalistlər İttifaqı “özbaşnalıq” kimi dəyərləndirir.

“Biz sizə müraciət edərək vəziyyətə təcili müdaxilə etməyə və həmkarlarımızın dərhal azad olunmasına kömək göstərməyə çağırırıq.

Azərbaycan hakimiyyətinin jurnalistləri xarici xüsusi xidmət orqanları ilə əlaqədə günahlandırması da daxil olmaqla, bu istiqamətdə atdığı addımlar Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası, eləcə də mətbuat azadlığı prinsipləri ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.

Sübutların olmaması, saxlanılan şəxslərə rusiyalı diplomatlar və vəkillərin çıxışına imkan verilməməsi, həmçinin “Sputnik Azərbaycan” redaksiyasının fəaliyyətinə məhdudiyyətlərin qoyulması müstəqil jurnalistikaya qarşı sistemli və məqsədyönlü təzyiqin bariz nümunəsidir”, – İttifaqın beynəlxalq ictimaiyyətə ünvanladığı məktubda belə deyilir.

İqor Kartavıx və Yevgeni Belousov iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyinin “Sputnik Azərbaycan”ın ofisində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etmə kimi müxtəlif maddələrdə ittiham olunurlar. Jurnalistlərin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycanın Mətbuat Şurası isə öz cavab bəyanatında bildirir ki, adıçəkilən jurnalistlərin saxlanmasının jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur.

“Həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. Bu baxımdan onların saxlanılması mövcud qanunvericiliyə tam uyğun və qanuni müstəvidə həyata keçirilən hüquqi tədbirdir.

Vəziyyəti daha dolğun şəkildə başa düşmək üçün diqqəti bir fakta cəlb etmək istərdik. “Sputnik Azərbaycan”a əvvəllər bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib. Bundan əvvəl o, “Sputnik Cənubi Osetiya” agentliyinə, daha sonra isə “Sputnik Moldova”ya başçılıq edib. O, bu vəzifələrdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarından yararlanaraq, Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyalarına rəhbərlik edib.

Təxribat fəaliyyətinə görə Denisov Azərbaycandan və Moldovadan qovulub, bu isə bir daha təsdiq edir ki, cəmiyyəti məlumatlandırmaqdan uzaq olan vəzifələr çox vaxt jurnalist fəaliyyəti adı altında həyata keçirilir. Söhbət onları qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan əlaqələndirilmiş təsir və müdaxilə cəhdlərindən gedir”, – bəyanatda belə deyilir.

Moskva ilə Bakı arasında münasibətlərdə yeni gərginlik, iyunun 27-də Yekaterinburqda azərbaycanlıların saxlanılmasından sonra baş verib.

Rusiya İstintaq Komitəsi onların 2001, 2010 və 2011-ci illərdə törədilmiş qətllər və suiqəsd hadisələri ilə bağlı cinayət işlərində təqsirləndirilən şəxs olduqlarını bildirib.

Saxlanılan şəxslərdən ikisi vəfat edib.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, onlardan birinin ölüm səbəbi ürək çatışmazlığı olub.

Azərbaycan tərəfi ekpertizadan sonra açıqlayıb ki, həyatlarını itirən iki nəfər – Ziyəddin və Hüseyn Səfərovlar qardaşları xüsusi amansızlıqla qətlə yetiriliblər.

Hadisədən sonra, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi fəaliyyətinə bu ilin fevralında son verilmiş Rusiya dövlətinə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində olan “Sputnik Azərbaycan”da əməliyyat keçirərək, 7 nəfər saxlayıb. Onların ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə Rusiya Bakıda saxlanılan rusiyalı jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə bir-birinə qarşılıqlı nota veriblər.

Check Also

DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.Boyukmillet.com xəbər …