Bir neçə gün əvvəl Prezident Administrasiyasında kadr islahatları həyata keçirildi. İslahatlar nəticəsində vəzifəsini itirənlər sırasında Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev də var idi.
Generalın qardaşı, millət vəkili Adil Əliyev bu barədə fikirlərini öz facebook səhifəsində bölüşüb.
Millət vəkili qeyd edib ki, qardaşı tutduğu vəzifədən asılı olmayaraq daima dövlətə, dövlətçiliyə və prezidentinə sadiq insansıdır və elə də qalacaq.
“Mən hesab edirəm ki, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. Məhərrəm Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o heç vaxt yaltaq və ikiüzlü olmayıb. O, vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.
Məhərrəm Əliyev vaxtında Ulu Öndər Heydər Əliyevin silahdaşı olub. Bu gün də cənab prezident İlham Əliyevin sadiq generallarından biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. Mən fəxr edirem ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var. Allah böyüklərimizi qorusun”- deyə Adil Əliyev statusunda qeyd.
Qeyd edək ki, Prezident Administrasiyasında yeni yaradılan struktura əsasən Prezidentin müdafiə məsələləri üzrə köməkçisi və müdafiə məsələləri şöbəsi ləğv olunaraq, yeni şöbə – Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri strukturu yaradılıb.
Bu vəzifəyə isə Fuad Ələsgərov təyinat alıb.
Xatırladaq ki, Məhərrəm Əliyev bu vəzifədən öncə Azərbaycanın Tacikistandakı səfiri, ondan öncə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.