Şənbə , 2 Noyabr 2024
Drone Cameras

“Mənim burda erməni müştərilərim də var” – Vaşinqtondakı azərbaycanlı vəkilin müsahibəsi

Vəkil İsmayıl Şahtaxtinski: “Burda yaşaya bilmək üçün gecə-gündüz çalışmalısan”; “90 faiz ünsiyyətdə olduğum şəxs Azərbaycan adını eşidən kimi onu keçmiş Sovet respublikası olaraq xatırlayırlar”

Amerikada uğur qazanmış azərbaycanlı görmək çox qürurvericidir. “Yeni Müsavat” daha öncə bir neçə dəfə Amerikadakı azərbaycanlı vəkil İsmayıl Şahtaxtinskidən müsahibə alıb. Təbii ki, virtual yolla. Amma bu dəfə Vaşinqtona gəlib, onu ofisində, iş prosesində görüb, söhbət etmə fürsəti qazandıq.

Bəli, Vaşinqtonda, hüquq firmaları arasında özünə yer edən, adından söz etdirən, “azərbaycanlı vəkil” olaraq populyarlaşan İsmayıl bəylə söhbətimizi də elə bu uğur hekayəsinin detalları üzərində qurduq. Amma daha sonra söhbəti siyasiləşdirib, Trampın mühacir siyasətinə də toxunduq. Nəticədə bir hüquq adamının dili və baxışı ilə mənzərə daha da aydınlaşdı.

-İsmayıl bəy, bir azərbaycanlı vəkilin Amerika kimi rəqabət ölkəsində bu qədər irəliləməsi, ciddi uğurlara imza atması böyük bir hekayə deməkdir. Biz bu hekayəni sizdən bir dinləyək.

-Mən Amerikaya 2000-ci ildə gəlmişəm. Uşaqlıqdan fikrim vardı ki, hüquq oxuyum. Amma Azərbaycanda bunu oxumaq istəmədim. Azərbaycanda Neft Akademiyasını bitirdim. Bura gələndə isə uşaqlıq arzumu həyata keçirmək üçün hüquq məktəbinə getdim. 2006-cı ildən başlayaraq lisenziya aldım. Bu lisenziya Nyu York, Vaşinqton, Merlon və Virciniya ştatlarına aid idi. O zamandan bəri burda vəkil kimi çalışıram.

-Yəqin ki, hər şey ilk günlərdə indiki qədər parlaq olmayıb. Bu tramplində yüksəlmək üçün bir xeyli əziyyət çəkməli olmusuz. Hardan haraya?

-Burda vəkil olmaq üçün yurispridensiya dərəcəsi almaq lazımdır. Bunun üçün də bakalavr dərəcəsi almaq şərtdir. Doktoranturada 3 il ərzində yalnız oxumaqla məşğul olsan, buna nail ola bilirsən. Amma mən bura təzə gələndə maddi imkan mənasında bir qədər çətinlik oldu. Oxumaq xərclərini qarşılamaq üçün mən gün ərzində işləyir, axşamlar isə oxuyurdum. Ona görə də dərəcəni 4 il ərzində aldım. Təsəvvür edin ki, gün ərzində səhərdən axşama qədər işləyirdim. Sonra isə hüquq məktəbinin qarşısında, maşında bir saat yatıb, dərsə gedirdim. Sonra da dərslərimi oxuyub, yenidən səhər işə gedirdim.

-Amerikaya macəralar ölkəsi ilə yanaşı, fürsətlər ölkəsi də deyirlər. Bu cəmiyyət ondan olmayanlara belə şans verir, qapılarını açır. Ən azı sizin nümunənizdə bu, özünü göstərir. Bəs baryerlər daha çox özünü harda göstərir?

– Əsas dil baryeridir. Amerikada oxumuş, böyümüş adamla sənin aranda böyük bir fərq var. Hüquq məktəbinə başlayanda ilk qəbul testini verirsən, onu keçmək üçün məndə daha çox çətinlik oldu. Hüquq məktəbinə testlər riyaziyyat deyil ki, sən onu düsturlarla həll edəsən. Burda dil baryeri var. Digər tərəfdən, gərək maddi imkanın güclü olsun. Ya o qədər yüksək bal toplamalısan ki, sənə pulsuz oxumaq imkanı verilsin. Ya da gərək işləyəsən, çalışasan, cibində maddi imkanın olsun ki, oxuya biləsən. Özü də bu məktəblərdə oxumaq o qədər də ucuz deyil. İllik təhsil haqqı 20-30-50 min dollara yaxındır.

unnamed (5).jpg (36 KB)

-İndi isə aradan uzun illər keçib. Yəqin ki, Amerikaya öyrəşmə prosesi geridə qalıb. İnteqrasiyadan danışmağa isə heç dəyməz, onu həll etdiyiniz açıq-aşkardır. Amma indi bir azərbaycanlı üçün Amerikada yaşamağın çətinlikləri nələrdir? Yanınıza xeyli sayda miqrantlar gəlir, vətəndaşlıq almaq istəyənlər müraciət edir.

-İlk çətinlik miqrasiya baxımdandır. Burda insanın necə status alacağı mühümdür. Mənim bəxtim onda gətirmişdi ki, Green Cardı lotoreyada udmuşdum. Amma mənim qardaşlarım oxumağa gəlib. Sponsor vasitəsilə bura gələnlər də var. Hərə gəldiyi vasitə ilə burda qalmağa, davam etməyə çalışır. Mən miqrantlarla işlədiyim üçün onların problemlərini daha çox bilirəm, mənə danışırlar. Bilirəm ki, onların çətinlikləri daha çox nədə olur. Burda ən çox həyat tərzinə assimilyasiya problemdir. Burda həyat tərzi çox dinamik, proqressivdir. Kimsə Amerikaya gəlmək istəyirsə ki, burda sakit həyat tərzi keçirsin, onlar bura gələndə çox təəccüblənirlər. Çünki burda işlə, yaşayış, qazanmaqla bağlı gərək adam ortaya cəhd qoysun. Gecə-gündüz çalışmalısan. Amerikada sosial dəstək çox azdır. Bura gələnlər əgər düşünürsə ki, Green Card alacam, ev verəcəklər, asanlıqla iş tapacam… Bunlar olmayacaq. Gərək gecə-gündüz işləsinlər, təhsil və sertifikat alsınlar. Bir çox ölkələrdə həyat tərzi daha relaks, yəni, rahatdır. Amma Amerikada dinamika güclüdür. Gərək gəldiyin gündən etibarən bir dəqiqə də itirməyəsən, iş axtarasan, həyata davam etmək üçün səy göstərəsən. Oxuyasan, sertifikat alasan, iş qurasan… Burda hər zaman rəqabət var. Həyat çox qaynayıb inkişaf edir. Məsələn, Amerikada bayramlar çox az olduğu üçün məzuniyyət az olur. Bəzən hansısa bir işdə çalışmağa başladınsa, bir il boyunca məzuniyyət üzü görmürsən. İl boyu 5-6 bayram qeyd olunur. Azərbaycan kimi ölkədə 1 həftə Novruz Bayramında, 10 gün yeni il bayramında iş olmadığını nəzərə alsaq (gülür), Amerika sistemi bizə bir qədər sərt görünə bilər. Assimilyasiya ona görə çətindir ki, burda dinamika güclü, istirahətə ayrılan vaxt isə azdır.

“Amerikaya assimilyasiya ona görə çətindir ki, burda dinamika güclü, istirahətə ayrılan vaxt isə azdır”

-Mən gəlməzdən öncə düşünürdüm ki, yəqin ofisinizin qapısında saysız-hesabsız miqrantları görəcəm. Donald Trampın miqrantlarla bağlı mövqeyi onları hərəkətləndirib, özlərini sığortalamağa sövq edir. Düzdü, miqrantları görmədim qapınızda (gülərək), amma bu, kritik situasiyanın keçdiyi anlamına gəlmir. Son durum necədir? Trampın miqrantlarla bağlı ilk gündən verdiyi anonsun həyata keçmə ehtimalı böyükdür?

– Xeyr, böyük deyil. İlk anonsla bağlı Federal Məhkəmə qərar çıxardı və bunun konstitusiyaya zidd olduğunu deyərək, qadağa qoydu. Düzdü, proses davam edir və iş Ali Məhkəməyə doğru gedəcək. Amma proseslər onu göstərir ki, bu, Trampın xeyrinə qərar olmayacaq. Başqa yollarla Amerikada immiqrasiyanın çətinləşdirilməsi, qeyri-qanuni burda olanların deportasiya proseslərini tələsdirmək üzrə işləyirlər. Reallıq odur ki, burda qeyri-qanuni olanların miqrasiya məhkəməsinə cəlb edilməsini, qanuniliyi hamı istəyir. Amma reallıq odur ki, resurs yoxdur. Burda qeyri-qanuni olan şəxsi deportasiya etmək o qədər də asan məsələ deyil. Konstitusiya ona dinlənmək şansı verir. O insanı götürüb avtobusa və təyyarəyə qoyub, geri göndərmək olmaz. Onun gərək deportasiya prosesi başladılsın. O insanın imkanı və hüququ var ki, immiqrasiya məhkəməsində hüquqşünasla təmsil olunsun. Onu dinləməlidirlər. Yalnız bundan sonra hakim qərar qəbul edə bilər. Bu da bir neçə il davam edən prosesdir. Bu gün də daha çox panika var, nəinki real təhlükə. Halbuki Tramp administrasiyası o anonsları həyata keçirə bilməz.

– Bəs Azərbaycan viza verilməsinə qadağa qoyulan o 7 müsəlman ölkələrinin siyahısına qatıla bilərmi? Yəni, açıq olmasa da, gizli şəkildə. Çünki mən özüm Amerikaya viza alanda müraciət edənlərin 80 faizinə rədd cavabı verildiyini gördüm. Bu, mümkündürmü?

-Hər şey mümkündür. Amma elə bir şey olsa da, bunun üstü açılacaq və bu, administrasiya üçün böyük problem olacaq. Burda gizli dediyiniz heç nə edə bilməzlər. Gizli etsəydilər, elə Obama dövründən təhlükəli ölkələr siyahısında olan o 7 ölkənin vətəndaşına viza qadağasını da gizli edərdilər də. Azərbaycandan bu günə qədər heç bir təhlükə olmayıb və ola da bilməz. Onun gizli olması mümkün deyil. Ümumiyyətlə, bu ölkədə heç nə gizli ola bilməz(gülür). Amerikada Hillari Klintonun seçki kampaniyası dövründə yazdığı emaillər belə sonradan üzə çıxır.

 

-Trampdan öz mövzumuza qayıdaq. Mənə maraqlıdır, azərbaycanlı vəkil hansı məqamlarda Amerikada öz ölkəsini tanıdır? Sizdən Azərbaycanı necə soruşurlar? Sizin çevrənizdə bizim ölkə nə qədər tanınır?

– Bu, daha çox iş prosesində olur. Yəni, əgər mən Azərbaycandan olan müştərini təmsil edirəmsə, bu, belə olur. Tutaq ki, siyasi sığınacaqla bağlı işdirsə, mən hakimə Azərbaycanı bir ölkə kimi tanıdıram. Əgər o işə aiddirsə, hətta Azərbaycanın tarixini də danışıram. Ümumilikdə isə hər zaman maraq olur. Kiminlə işləyirəmsə, eləcə də kolleqalarım, immiqrasiya işində qarşı tərəf (müstəntiq) Azərbaycanla bağlı soruşurlar. Bəzən hansısa azərbaycanlı mühaciri təmsil edəndə hakimə, eləcə də immiqrasiya müfəttişinə Azərbaycanın xəritəsini göstərirəm ki, qoy daha yaxşı tanısın, anlayışı olsun ki, bu ölkə hardadır. Amma istər kolleqalarıma, istər iş prosesində qarşılaşdığım adamlara Azərbaycanı tanıtmaq üçün Türkiyənin və ya Rusiyanın qonşuluğunda olduğunu demirəm bir çoxları kimi. 90 faiz ünsiyyətdə olduğum şəxs Azərbaycan adını eşidən kimi onu keçmiş Sovet respublikası olaraq xatırlayırlar.

-Sizin iş prinsipiniz necədir? Daha çox azərbaycanlılarla işləməyi tərcih edirsiz, ya professionallıq sizin üçün ön plandadır? Hər halda, biz azərbaycanlılar ölkədən kənarda bir-birimizi qoruyub, müdafiə etməyi sevirik…

-Ümumiyyətlə, professional baxımdan çalışıram ki, azərbaycanlı avantajı olmasın. Amma emosional baxımdan yəqin ki, daxili nəzarət bir qədər zəifləyir. Məsələn, biz bu ofisi 6 ay öncə aldıq, sonra onu yenidən tikəsi olduq, təmir etdik, bütün avadanlıqlar, texnologiyaları yenilədik. Maraqlı orasıdır ki, bu ofisi təmir edən də azərbaycanlılar idi, alqı-satqı işini həyata keçirən də, kontraktı yoxlayanlar da, dizayn edənlər də, texnoloji işləri görənlər də, köhnə ofisdən əşyaları bura daşıyanlar da (gülür).

-Təsadüf idi?

-Çoxunu mən tanıyıram, ünsiyyətdə olmuşam. Bəziləri müştəridir, bəziləri müştərinin tanışı. Bir də ki, sadəcə nə istədiyimi onlara başa salmaq daha asandır. Amma sualınızın cavabı belədir ki, ikisinin kombinasiyasıdır. Həm professionalizm, həm də emosional olaraq azərbaycanlılarla işləmək istəyi də var.

unnamed (2).jpg (38 KB)

-İsmayıl müəllim, əminəm ki, burda iş prinsiplərində etik nüanslar ciddidir. Amma sizə erməni milliyyətindən olan müştərilər tez-tezmi müraciət edir? Onların müraciətinə necə cavab verirsiz? Erməni olması faktorunu nəzərə alırsızmı?

-Mən nəinki o faktoru nəzərə alıram, ümumiyyətlə, hesab edirəm ki, erməni olmaqla insan düşmən olur söhbəti doğru deyil. Bu, səhv yanaşmadır. Hansısa bir ölkənin siyasəti, aqressiyası ilə düşmən olmaq o demək deyil ki, o ölkədə yaşayan hər kəsə qarşı eyni münasibəti göstərmək lazımdır. Hər kəsin fərdi fikirləri var. O gün Rusiyada Ukraynaya dəstək üçün neçə minlərlə insan etiraz etdi. Mənim də burda erməni müştərilərim var. Bir müştərim vardı ki, burdan siyasi sığınacaq almışdı. Deməzdim ki, mən onu məhz seçmişdim. Amma bu erməninin işində Azərbaycanı dəstəkləyən, onun işğala uğraması faktorları yer alırdı. Professionallıq ilk gəlir.

-Oxumaq üçün Amerikaya gələn və daha sonra həyatını, karyerasını burda quran azərbaycanlı vəkil hansı halda Azərbaycana geri qayıda bilər?

– Qorxuram ki, cavabım çox siyasi olacaq. Amma mənim qayıtmağım ancaq bir halda mümkün ola bilər ki, Azərbaycan normal, demokratik ölkə olsun. İndiki halda Azərbaycana qayıtmaq ehtimalım zəifdir. Burda evlənmişəm, uşaqlarım burada dünyaya gəlib. Azərbaycana qayıtmaq planım olmasa da, mənə hansısa formada, demokratik dəyərlərin inkişafı baxımdan ehtiyac olsa, yardım etməyə hazıram.

-Bəs övladlarınız nə qədər Azərbaycan, nə qədər Amerika düşüncəsindədilər? Onları necə yetişdirirsiz?

-(gülür) Bu barədə danışmaq çox tezdir. Çünki birinin 2.5, digərinin 1.5 yaşı var.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir