“Makronun bu addımı Azərbaycan-Fransa münasibətlərinə də ciddi zərər gətirəcək”
Erməniləri özünün “kiçik bacısı” hesab edən Fransanın “erməni soyqırımı”nın tanıdılması istiqamətində həyata keçirdiyi zərərli proseslər bu ölkənin təqviminə 24 aprelin “erməni soyqırımı qurbanlarının” xatirə günü kimi daxil edilməsilə nəticələnib.
Belə ki, Fransa Prezidenti Emmanuel Makron 24 apreli “erməni soyqırımı qurbanlarının” xatirə günü elan edib. Onun bu qərarı Fransanın rəsmi qəzetində dərc edilib. Qeyd edək ki, o, bununla da prezident seçkilərindən öncə, həmçinin, bu ilin fevralında Fransa Erməni Təşkilatları Şurasının tədbirində verdiyi sözü tutub. Fransa Prezidentinin qəbul etdiyi bu zərərli qərarı Azərbaycana, eləcə də Türk dünyasına atılan bir daş hesab etmək olar.
Fransada 24 aprelin “erməni soyqırımı qurbanlarının” xatirə günü elan edilməsinin Azərbaycan-Fransa münasibətlərinin pisləşməsinə gətirib çıxaracağı şübhə doğurmur. Bundan başqa, Azərbaycan və Fransa arasında bir sıra sahələrdə, o cümlədən də iqtisadi, ticarət sahəsində əməkdaşlıq əlaqələri mövcuddur, “Total” başda olmaqla ölkəmizdə Fransanın bir neçə iri şirkəti fəaliyyət göstərir.
Fransanın bu zərərli addımından sonra Fransa-Azərbaycan əlaqələri hansı şəkildə olacaq, eyni zamanda, bu, Azərbaycan hökumətinin Fransa şirkətlərinin fəaliyyəti məsələsinə yenidən baxmasına səbəb olacaqmı?
- Qabil Hüseynli: “Sabah Türkiyə Böyük Millət Məclisi fransızların əlcəzairlilərə qarşı törətdiyi soyqırımla bağlı bir müddəa qəbul etsə, buna təəccüblənmək lazım deyil”
Tanınmış politoloq Qabil Hüseynli məsələni “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, Makronun bu zərərli qərarı nəinki Azərbaycan-Fransa, hətta Türkiyə-Fransa münasibətlərinə də mənfi təsir edəcək.
“Makronun verdiyi qərar çox təhlükəli bir addımdır. Fransızlar qondarma erməni soyqırımı ilə bağlı illərdir həm çox zərərli, həm də təhlükəli addımlar atmaqda davam edirlər. Əvvəllər “soyqırımı” tanıdılar, sonra “soyqırımı” ölkə ərazisində tanımaq istəməyənlərə qarşı qanunvericilikdə cinayət tərkibi yaradan maddələr tətbiq etdilər. Sonra isə Ana Yasa Məhkəməsi bu maddələri aradan qaldırdı, rədd etdi. İndi isə 24 apreli “erməni soyqırımı qurbanlarının” xatirə günü elan ediblər. Ümumiyyətlə, fransızlar çox millətçi və tarixə qarşı çox soyuqqanlı davranan bir xalqdır. Özlərinin tarixinə baxsanız görərsiniz ki, onun hər səhifəsi ötən əsrin 70-ci illərinə qədər qanla yazılıb. 1961-62-ci illərdə fransızlar Əlcəzairdə başlayan milli-azadlıq hərəkatını qan içində boğdular, 1,2 milyona yaxın əlcəzairlini isə, sözün həqiqi mənasında, vəhşicəsinə öldürdülər. Bu elə uzaq tarixdə baş verməyib. Bu faciənin, audio, videomaterialları, şahidləri var. Bilmirəm, bununla bağlı məhkəmə qərarı olub, yoxsa olmayıb. Ancaq bu hadisəni fransızların ərəblərə qarşı soyqırımı kimi qəbul etmək olar. Əlcəzairlilər qeyrət göstərib bu materialları toplayaraq məhkəməyə təqdim etsələr, fransızlara qarşı ciddi iddia qaldıra bilərlər. Bundan başqa, başqa digər müstəmləkə ölkələrində, xüsusən də Mərkəzi Amerika ölkələrində fransızlar hindulara qarşı soyqırımlar törədiblər. Bir sözlə, özünün tarixi başdan-başa başqa xalqlara qarşı soyqırımlar törətmək faktları ilə dolu olan bir xalq başqa bir xalqın tarixində 100 il bundan əvvəl baş verdiyi əsassız olaraq iddia edilən, sübut olunmayan bir məsələni “soyqırım” hesab edir” – deyə bildirən Q.Hüseynlinin sözlərinə görə, Fransa Prezidentinin bu qərarına qarşı Türkiyə Millət Məclisi də fransızların əlcəzairlilərə qarşı həyata keçirdiyi soyqırımı gündəmə gətirə bilər. “Tarixə baş vurmadan, tarixlə hesablaşmadan fransızların, xüsusən də Makronun bu qeyri-ciddi və səfeh addımı Fransa-Türkiyə münasibətlərinə də zərər vuracaq, münasibətlərdə gərginlik yaranacaq. Sabah Türkiyə Böyük Millət Məclisi fransızların əlcəzairlilərə qarşı törətdiyi soyqırımla bağlı bir müddəa qəbul etsə, buna təəccüblənmək lazım deyil. Çünki əlcəzairlilər bunu etmirsə və onların əvəzinə bunu Türkiyə edəcəksə, bu, Fransaya qarşı tamamilə yaxşı bir cavab olar.
Ermənilər Azərbaycan ərazilərinin 20 faizini işğal edib, Xocalıda, Qaradağlıda, Qazaxın Bağanis-Ayrım kəndində soyqırımlar törədiblər. Lakin bu soyqırımlara heç reaksiya verən yoxdur. Üstəlik, də işğal edilmiş ərazilərin həlli məsələsi ən çətin dövrünü yaşayır. Əlbəttə, Makronun bu addımı Azərbaycan-Fransa münasibətlərinə də ciddi zərər gətirəcək. Onsuz da münasibətlər qaydasında deyil. Hazırda Azərbaycanla Fransa arasında münasibətlər çox soyuqdur. Hələ ki, bu münasibətlərin düzəlməsi istiqamətində hər hansı bir perspektiv görünmür. Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinə gəlincə, deyim ki, indi hələ onlara toxunmaq imkanımız yoxdur. Azərbaycan inkişaf etməkdə olan ölkədir. “Əsrin kontraktı”nda iştirak edən fransız şirkətlərini həmin kontraktlardan çıxarmaq, demək olar ki, mümkünsüzdür. Əvvəla onlar xeyli bonus yatırıblar, texniki qazma işləri aparıblar, mühəndis, fəhlə heyəti gətiriblər və s. Ona görə də bu məsələlərdə onları ölkədən çıxarmaq üçün uzun məhkəmə prosesi tələb olunur. Ancaq Azərbaycanla Fransa arasında ticarət əlaqələri var. Bu hadisədən sonra Azərbaycanın Fransa ilə ticarət əlaqələrini ya tamam kəsmək, ya da minimuma endirmək olar. Onlar onsuz da məhsullarını Azərbaycana çox baha qiymətə satırlar. Fransa Azərbaycana hərbi sahədə əməkdaşlıq təklifi etmişdi, Azərbaycan bu təkliflərin heç birini qəbul etməyib. Yəni Azərbaycan-Fransa münasibətləri soyuq mərhələdədir”- deyə Q.Hüseynli vurğuladı.