Malidə hökumətin yeni tərkibi məlum olub.
Boyukmillet.com xəbər verir ki, bu barədə FRI radiostansiyası məlumat yayıb.
Belə ki, Malinin keçid dövrünün prezidenti Assimi Qoita 13 yeni nazirin daxil olduğu ölkə hökumətində dəyişiklik edib.
Keçid dövrünün baş naziri Çoqel Kokalla Maiga, eləcə də xarici işlər və müdafiə nazirləri vəzifəsini qoruyub saxlayıb. Hökumətə yeni nazirlərin gəlməsi ilə hərbçilərin sayı artıb.
2020-ci ilin yayından indiyədək Malidə iki hərbi çevriliş olub. Avqustun 18-də baş tutan birinci çevrilişdə prezident İbrahim Bubakar Keyta hakimiyyətdən uzaqlaşdırılıb. Polkovnik Assimi Qoitanın rəhbərlik etdiyi hərbi qrup Ba Ndaonu müvəqqəti prezident təyin edib. Lakin o, 2021-ci il mayın 26-da həmin hərbçi qrupu tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Mali Konstitusiya Məhkəməsinin qərarı ilə Qoita keçid dövrü üçün dövlət başçısı təyin edilib. Hərbçilər 2024-cü ilin fevralında ölkədə prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.