Cümə , 22 Noyabr 2024
Drone Cameras

Media Agentliyi reyestrdən keçməyən saytları məhkəməyə verib

Hüquqşünas: “Media orqanlarının qapadılması Konstitusiyaya və beynəlxalq aktlara ziddir”

Medianın İnkişafı Agentliyi (MİA) son bir həftədə media reyestrində qeydiyyat üçün müraciət etmədiklərinə görə azı 3 media orqanının –“xeberal.az”, “azerbaycanrealligi.com” və “millitv.az” saytlarının fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib.
Sumqayıt Apelyasiya Məhkəməsi artıq “xeberal.az” onlayn media resursunun fəaliyyətinə xitam verilməsi haqda qərar çıxarıb.

Hüquqşünas Xalid Ağəliyev bildirir ki, agentliyin iddiası “Media haqqında” qanunun 78, 65 və 62-ci maddələrinə əsaslanır. Həmin maddələrin tələbi isə belədir:

“Hər hansı media Media Reyestrində qeydiyyatdan keçmək üçün Media Agentliyinə müraciət etməli, reyestrə daxil edilməlidir. Etmirsə, Agentlik məhkəməyə müraciət edib, həmin medianın fəaliyyətinə xitam verilməsini tələb edə bilər”.

Hüquqşünas deyir ki, yerli məhkəmələr indiyədək belə iddiaların hamısını sırf “Media haqqında” qanunun işığında araşdırıb. Baxılan iddiaların hamısını təmin ediblər.

Onun sözlərinə görə, bu, tamamilə yanlış, əsas qanuna – Konstitusiyaya sayğısız praktikadır:

“Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik sənəddir (Konstitusiyanın 147-ci maddəsi). Konstitusiyanın 149-cu maddəsinə görə, qanunlar Konstitusiyaya zidd ola bilməz. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ aktlar ölkə Konstitusiyası ilə yanaşı Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələrə də uyğun olmalıdır”.

Konstitusiyanın 148-ci maddəsində vurğulanır ki, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, həm də qanunlarla müqayisədə üstün hüquqi qüvvəyə malikdir. Beynəlxalq aktların hüquqi qüvvəsini tənzimləyən Konstitusiyanın 151-ci maddəsinin tələbinə görə, Azərbaycanın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə ölkənin tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilməlidir.

Xalid Ağəliyev deyir ki, Azərbaycanın tərəfdar çıxdığı əsas beynəlxalq müqavilələrin başında BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Avropa İnsan Haqları Konvensiyası gəlir. Media qurumlarının fəaliyyətinə xitam verilməsi praktikasına hər iki beynəlxalq müqavilənin tətbiqi təcrübəsinin yanaşması olduqca aydındır:

“BMT İnsan Haqları Komitəsi deyir ki, jurnalistika, bloq yazarları, çap, internet və başqa platformada fərdi yayınçılıqla məşğul olan başqaları da daxil olmaqla, çoxçeşidli aktorlar tərəfindən paylaşılan bir fəaliyyətdir və jurnalistlərin qeydiyyatının aparılması və ya lisenziyalaşdırılması BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə uyğun deyil”.

Hüquqşünas əlavə edir ki, Avropa Məhkəməsinin müvafiq presedent hüququ da eynidir. Presedent hüquq nəinki mediaya qeydiyyat sisteminin tətbiqinə imkan verir, hətta, teleradio tezliklərinin lisenziya qaydasında verilməsinin də bir metod olaraq artıq önəmini itirdiyini vurğulayır. Yəni, qeydiyyat – texniki səbəbdən media, ifadə azadlığına müdaxilə yolverilməzdir:

“Qısası, Konstitusiyamız deyir ki, “Media haqqında” qanun yox, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasdır. Beynəlxalq müqavilələrin nə dediyini də ifadə etməyə çalışdım”.

2021-ci ilin sonunda Azərbaycanda “Media haqqında” Qanun parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qanun qüvvəyə minib.

Yeni qanun həmçinin media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.
Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, “Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.

Beynəlxalq təşkilatlar və o cümlədən, Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verib, bunu ifadə azadlığına müdaxilə sayıb.

Mirağa Qafarov

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …