Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Mehdi Xəlilbəyli niyə könüllü həbsi seçdi?..

Dünən məlumat yayıldı ki, Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub. Xəbər rəsmi qurumların adından yayılmadığı üçün, Mehdinin yaxın dostlarından biri ilə əlaqə saxlayıb, məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək qərarına gəldim.

Həmin adam Mehdinin Azərbaycanda saxlandığını təsdiqlədi və bildirdi ki, bu hadisə dünən olmayıb, hardasa bir ay əvvələ təsadüf edir. Maraqlıdır ki, bir ay əvvəl həyata keçirilən həbsdən bizim media yalnız dünən xəbərdar olub.

Mehdi çox ağıllı və bacarıqlı oğlandır. Şərurda mənimlə eyni məktəbdə oxuyub. Bədbəxt bir hadisə nəticəsində, erkən yaşlarından atasını itirən Mehdi bir bacısı ilə anası tərəfindən böyüdülüb. O, orta məktəb illərindən də çox fəalıydı.

Hər ikimiz rus bölməsində oxuduğumuz üçün onunla tez-tez ünsiyyətimiz olurdu. Anası Elmira müəllimə bir müddət bizim məktəbin direktoru da oldu. Yaddaşımda çox səviyyəli və savadlı ziyalı qadın kimi qalıb.

Mehdinin əsli Şərur rayonunun Siyaqut kəndindəbdir. Orta məktəbi bitirən kimi Mehdi Bakıda İnşahat Mühəndislər Universitetinə daxil olur. Ağır 90-cı illərin olmasına baxmayaraq, tələbə ola-ola həm də bizneslə məşğul olur.

Qısa müddətdən sonra imkanlı bir iş adamına çevrilir. Mehdi eyni zamanda Milli Azadlıq Hərəkatında fəal iştirak edib. Sonradan Müsavat Partiyasına üzv olur. Partiyaya səmimi əqidəsilə qoşulduğu üçün nəyi varsa bu yolda qurban verir.

2003-cü il prezident seçkilərindən sonra baş qaldıran kütləvi ixtişaşlar zamanı Müsavat Partiyasının yaxınlığında çəkiliş aparan “Lider” televiziyasının əməkdaşı Sahil Kərimliyə yetirdiyi xəsarətə görə axtarışa verilir.

Lakin onu həbs etmək mümkün olmur. Əslən Şərurlu olan vəzifəli bir dostunun köməkliyi ilə ölkədən qaçmağa müvəffəq olur. Ölkəni tərk edəndə Mehdinin maddi cəhətdən heç nəyi qalmamışdı. Nəyi varıydısa, hamısını İsa Qəmbərin “prezidentliyi” yolunda xərcləmişdi.

Qısa müddət sonra Mehdi öz zəhməti ilə Almaniyada yenidən maddi vəziyyətini yüksək səviyyədə düzəldə bilir və avtomobil biznesilə məşğul olur. Bu müddət ərzində Almaniyada mühacir alverində təqsirli bilinərək həbs edilir və qısa müdfət sonra azadlığa çıxır.

Qeyd edim ki, Mehdi xüsusi əməliyyat nəticəsində saxlanılıb, Bakıya gətirilməyib. O həbs olunacağını bilə-bilə, təyyarəyə əyləşərək, Azərbaycanda uçub. Bir sözlə, özü-öz qoluna qandal vurub.

Almaniyadakı azad yaşaması üçün heç bir təhlükə olmadığı bir halda Mehdi niyə bu addımı atmaqla, həbsi seçsin? Dostu deyir ki, son vaxtlar Mehdi Vətən üçün çox darıxırmış. Hətta bu həsrətə görə ürəyinin “partlaya” biləcəyini də deyirmiş. Mehdinin anasına çox bağlı adam olduğu bildirilir.

Elmira müəllimə xeyli yaşlansa da, sağdır. Mehdi müacirətdə olduğu dönəmdə hakimiyyətə qarşı “qırmızı xətləri” aşan davranış sərgiləməyib. Yəqin əmindir ki, belə davranışı da nəzərə alınmaqla 21 il əvvəl baş verən hadisəyə görə ona elə də ağır cəza verilməyəcək. Allah qapısını açsın!

P.S. Tanınmış Müsavatçının bu addımı həm də təmsil olunduğu partiyanın uzun illərdən sonra iqtidarla açıq dialoq yolunu seçdiyi bir dönəmə təsadüf edir.

Məhəmmədəli QƏRİBLİ
Azinforum.az

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …