Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Mehman Əliyev: “Hakimiyyət, ola bilsin ki, medianın sayını azaltmaq fikrindədir”

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) “Media Haqqında” Qanuna edilən yeni dəyişikliklərlə bağlı iyulun 16-da bəyanat yayıb. 

Bəyanatda deyilir ki, Azərbaycan parlamenti KİV haqqında qanuna etdiyi dəyilikliklərlə onsuz da ölkədə müstəqil medianın fəaliyyətini mümkünsüz edən qanunun bir az da sərtləşdirilməsinə yol açıb.

“Media Haqqında” Qanuna dəyişiklik edilməsi barədə qərar iyulun 14-də Milli Məclis tərəfindən qəbul edilib

Həmin dəyişikliklər informasiya agentlikləri üçün daha sərt tələblər müəyyən edir. Belə ki, agentliklərin azı 20 media orqanı ilə müqaviləsi və beş xarici ölkədə akkreditə olunmuş jurnalisti olmalıdır.

Dəyişikliklərə əsasən, həm də xarici media qurumlarının filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra yeddi iş günü ərzində Media Reyestrinə daxil edilməlidir. Qanun pozulduqda və ya Media Reyestrindən çıxarıldıqda həmin qurumların fəaliyyəti dayandırılacaq, onların saytlarına giriş məhdudlaşdırılacaq.

“Bu qərar, İlham Əliyev rejiminə xidmət edən qanunverici maskaraddır və keçən ay müstəqil “AbzasMedia” xəbər saytının jurnalistlərinin özbaşına və şokedici şəkildə məhkum edilməsinə əlavə olunur. Məqsəd müstəqil medianın fəaliyyətini boğmaq və etibarlı məlumatların yayılması üzrə yeni təşəbbüsləri məhv etməkdir”, –  RSF-nin bəyanatında belə deyilir.

“Burada əsas məsələ yeni müstəqil medianın yaranmasının qarşısını almaqdır”

Qanuna edilən dəyişikliklərlə informasiya agentliklərinə daha sərt tələblərin qoyulmasını Meydan TV-yə şərh edən hazırda fəaliyyətini dayandıran “Turan İnformasiya Agentliyi”nin direktoru Mehman Əliyev deyir ki, “əsas məqsəd Azərbaycan məkanında hansısa yeni bir müstəqil İnformasiya Agentliyinin yaranmasının qarşısını almaqdır”. 

“Onlar faktiki agentliklərin yaranmasının qarşısını alırlar. Tutaq ki, sizin 20 media orqanı ilə müqaviləniz olmalıdır. Nəzərə alsaq ki, bütün KİV nəzarətdədir, onlar agentliklə müqavilə bağlaya bilməyəcəklər. Çünki yuxarıdan icazə verilməyəcək. Bu da sizə məhdudiyyət qoyur ki, artıq agentlik yarada bilmirsiniz”.

Ümumilikdə isə Mehman Əliyevin fikrincə, yeni qərar ölkədə medianın sayının azaldılması istəyi ilə bağlıdır: 

“Ola bilsin ki, medianın sayını azaltmaq fikrindədirlər. Amma təbii ki, burada əsas məsələ yeni müstəqil medianın yaranmasının qarşısını almaqdır”.

Azərbaycanda media haqqında yeni qanun 2021-ci ilin sonunda qəbul edilib. Bu, qanun layihəsinin hələ Azərbaycan parlamentində müzakirəsi mərhələsində müstəqil jurnalistlərin yeni qanunun KİV-in fəaliyyətini kəskin məhdudlaşdıracağını bildirmələri və etirazları fonunda baş verib. Müstəqil jurnalistlər qanun layihəsinin Milli Məclisdə üçüncü oxunuşunadək parlament binası qarşısında qanunun mövcud vəziyyətdə qəbul edilməməsi tələbi ilə etiraz aksiyası keçiriblər. Buna baxmayaraq, qanun demək olar ki, hər hansı dəyişiklik olmadan qəbul edilib.

Həmin vaxtdan etibarən Azərbaycanda 20-dən çox jurnalist həbs olunub. Hazırda əksəriyyəti “AbzasMedia”, Meydan TV və “Toplum TV”-nin əməkdaşları olan 25-dən çox jurnalist həbsdədir.

Check Also

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə onu təyin etdi

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. Boyukmillet.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı …