Saatlıdan millət vəkili Əziz Ələkbərli Saatlı rayonunda seçiciləri ilə növbəti görüşlərinə rayonun ən ucqar kəndi olan Sımadakənd kəndindən başlamışdır. Kənddə məskunlaşan Axıska türkləri ilə görüşmüş, kəndin problemlərini, görülməli işləri müzakirə etmişlər. Kənd camaatı kəndin su problemi ilə bağlı təkliflərini vermiş, bildirmişlər ki, Küdrüyə axan beton kanaldan 3 km-lik kanal çəkilsə, kəndin su problemini həll edilmiş saymaq olar.
Kənd camaatı pambığın qiymətinin çox aşağı olmasından, çəkilən xərci ödəməməsindən danışmışlar. Xüsusilə Saatlı kimi sahələri nasoslarla suvarılan rayonda pambığın yetirşdirilməsi xərcinin çoxluğunun nəzərə alınması zərurətindən bəhs olunmuşdur.
Seçicilər kənddə həkim məntəqəsinin bir otaqda yerləşməsindən, yararsız halda olmasından, kənin natamam (9 illik) orta məktəbində sinif otaqlarının çatışmazlığından, bunun üzündən uşaqların qonşu kəndlərin məktəblərində oxumağa getməyə məcbur olmalarından, məktəbin 11 illik tam orta məktəbə çevrilməsi zərurətindən danışmışlar.
Bütün bu və digər təkliflər millət vəkili tərəfindən qeydə alınmış, müvafiq qurumlar qarşısında qaldırılacağına söz vermişdir.