Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Millət vəkili: “İrandakı hakim fars rejimi qorxur ki…”

“İran Azərbaycanın qonşuluğunda olan ölkədir, bizim ortaq sərhədlərimiz var və Azərbaycan bütün qonşu dövlətlərlə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət şəraitində yaşamaq prinsiplərini gözləyən və əməl edən bir dövlətdir. O cümlədən qonşu İranla. Üstəlik, qardaş Türkiyə kimi, İran da bizimlə eyni dindən olan ölkədir və bu ölkədə bizim 40 milyon azərbaycanlı-türk soydaşımız yaşayır. Bundan əlavə, bizim ortaq tariximiz var, indiki İran ərazisi Türk tayfalarının təşəkkül tapdığı, formalaşdığı və bütün dünyaya yayıldığı bir coğrafiyadır, qədim Türk yurdudur”.

Bunu TNS-ə açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Millət vəkili bildirib ki, tarixin çox az dönəmində bu coğrafiyada farslar hakim olublar – Əhəmənilər, Sasanilər və son yüzillikdə Pəhləvilər: “Bu sülalələrin hakimiyyət illəri üst-üstə min il etmir, amma bu coğrafiyada Azərbaycan türklərinin azı dörd min illik dövlətçilik tarixi var. Belə olan surətdə bu iki qövmün hakimiyyət uğrunda bir-biri ilə rəqabəti normaldır. Firdovsi məşhur “Şahnamə”sində İran-Turan müharibələri kontekstində bu qarşıdurmadan geniş bəhs edib. İranda bu qarşıdurma bu gün də var. Bu, daha çox yerli azərbaycanlı-türk əhalinin dilinin, mədəniyyətinin sıxışdırılması şəklində özünü göstərir. Lakin bu, onların öz daxili işidir. Amma bugünkü İran dövlətinin işğalçı, terrorçu, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, orada türk-müsəlman mədəniyyətinə qarşı görünməmiş vandallıqlar törədən, son iki yüz ildə tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirən Ermənistanla, ermənilərlə strateji müttəfiqlik və qardaşlıq münasibətləri saxlaması, bu faşist dövlətin iqtisadi, hərbi gücünü artırmaq üçün var gücü ilə çalışması təkcə İranın daxili işi deyil. Bu, həm də Azərbaycanın məsələsidir. Üstümüzə gələn erməni tanklarının, erməni hərbi texnikasının İran yanacağı ilə işlədiyi heç kimə sirr deyil. Əslində, bu, İran dövlətinin öz əhalisinin böyük türk kəsiminə qarşı çevrilmiş siyasətidir”.

Əziz Ələkbərlinin sözlərinə görə, qonşuluğunda Azərbaycan kimi müstəqil siyasət yeridən, günü-gündən güclənən qüdrətli bir dövlətin olması kimlərisə narahat edə bilər.

“Bu, tam normaldır. Amma bu, İran dövləti və İran xalqı olmamalıdır. İran sevinməlidir ki, qonşuluğunda Türkiyə və Azərbaycan kimi dini, dili, tarixi, mədəniyyəti ortaq olan güclü dövlətlər var və bu dövlətlərdən ona heç vaxt təhlükə gələ bilməz. Əksinə, bu dövlətlər onu real təhlükələrdən qoruya bilər. Azərbaycan həmişə çalışıb və bu gün də çalışır ki, İranla normal münasibətlər saxlasın. Amma təəssüf ki, biz bu münasibəti qarşı tərəfdən hələ ki, görmürük. Ona görə də belə hesab edirəm ki, İran öz daxili və xarici siyasətində redaktələr etməlidir. “Şahnamə” təfəkküründən uzaqlaşıb, Türk dünyasına inteqrasiya yolunu seçməlidir. Bu gün Türk dünyası ilə yaxından-uzaqdan qohumluq əlaqələri olan dövlətlər bunu edir, İran bunu niyə etməməlidir?! İran qardaş Türkiyədən sonra dünyada türklərin ən çox yaşadığı ölkədir. İran Azərbaycan türklərinin dünyada ən çox yaşadığı ölkədir. Ola bilər, İrandakı hakim fars rejimi qorxur ki, ölkədə türk kəsimi fars kəsimini üstələyə bilər. Əgər bu yolla İran bir dövlət olaraq özünün mövcudluğunu sürdürməkdə və daha da güclənməkdə davam edəcəksə, tam səmimi şəkildə beyninin və ürəyinin qapılarını Türk dünyasına açmalıdır. Birdəfəlik bilməlidir ki, müsəlman məscidində donuz saxlayan erməni kimi yaramaz bir toplumdan İran İslam dövlətinə və xalqına dost və qardaş ola bilməz”, – millət vəkili əlavə edib.

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …