Cümə , 22 Noyabr 2024
Drone Cameras

Millət vəkili sayılan şəxs dövlət işçiləri qarşısında “şortikdə” – Azərbaycanda yeni təcrübə…

Samir Adıgözəlli: “Bir deputatın şortikdə dövlət işçilərinin qarşısına çıxması…”

Milli Məclisin deputatı Ramil Həsənlə Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınmış biznesmen Almari Vael Süleymanın hüquqlarını müdafiə edən Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında yaşanan məlum mübahisənin videogörüntüsü sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən məqamlardan biri R.Həsənovun vəzifə borcunu yerinə yetirən dövlət işçilərinin, rəsmi nümayəndələrin qarşısına şortikdə çıxmasıdır, rəsmi dövlət təmsilçilərinin üzünə qapını şortikdə açan millət vəkilinin sərgilədiyi bu davranış müsbət qarşılanmayıb.

Ekspertlər deyirlər ki, bu geyimdə rəsmi nümayəndələri qarşılamaq bir millət vəkilinə yaraşmayan hərəkətdir və bu, qətiyyən normal qəbul edilə bilməz.

Qeyd edək ki, iş adamının övladını qanunsuz olaraq Azərbaycana gətirən millət vəkilinə cinayət işi açılıb.

  • “Cəmiyyət bunu müsbət qarşılamır, qarşılamayacaq da”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli hesab edir ki, bir millət vəkilinin bu şəkildə görünməsi birmənalı olaraq mənfi haldır. “Şortik geyinmək qadağan deyil, amma əndazəsində olanda. Hansısa bir istirahət yerində, qapalı bir məkanda geyinmək olar, amma ictimai məkanda nəinki deputatın, ümumiyyətlə, tanınmış şəxsin, ictimai simanın şortik geyinib camaat qarşısına çıxması normal sayıla bilməz. Təsəvvür edin ki, bir ictimai-siyasi sima, bir deputat ictimaiyyət arasına, yaxud beş-üç nəfər şəxsin qarşısına şortikdə çıxır, bu necə qarşılanar? Təbii ki, cəmiyyət bunu müsbət qarşılamır, qarşılamayacaq da. Təəssüflər olsun, bizim bəzi millət vəkilləri, ayrı-ayrı dövlət vəzifələrində işləyən müəyyən şəxslər geyim-protokol qaydalarını da bilmirlər. Deyək ki, misal üçün, kabinetində bir adamı qəbul edir, amma geydiyi ayaqqabı, şalvar, bir sözlə, geyim onun qəbul qaydalarına uyğun deyil. Qəbulda kostyumda olmalıdır, bəlli bir geyim forması olmalıdır. Çünki bu nazirdir, deputatdır, komitə sədridir.

Vəzifəli şəxslər istirahət yerində, dağda-bağda sərbəst geyinə bilərlər”.

Konkret olaraq, deputat R.Həsənovun rəsmi qurumların, dövlət təmsilçilərinin qarşısına şortikdə çıxmasına gəlincə, bu qəbuledilməz bir haldır: “Bir deputatın şortikdə dövlət işçilərinin qarşısına çıxması birmənalı olaraq qəbul edilə bilməz. Təəssüflər olsun ki, bu kimi hallar, pis nümunələr get-gedə artmaqdadır.

Yeri gəlmişkən, bir haşiyəyə çıxım. Təxminən keçən əsrin 70-ci illərində (ola bilsin, tarixini səhv edərəm –  S.A.) Əbdürrəhman Vəzirov Gəncədə komsomol katibi işləyərkən məhz şortik geyinib it gəzdirdiyinə görə o dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev tərəfindən ciddi töhmətləndirilmişdi, səhv etmirəmsə, hətta vəzifəsindən uzaqlaşdırılmışdı. Burada bizim mentalitet də var. O zaman şortik geyən Vəzirov Gəncədə komsomol katibi idi və bu vəzifəni daşıdığı üçün şortik geyə bilməzdi. İndi isə it də gəzdirirlər, şortiklə də çölə çıxırlar, başqa formalarda da görünürlər. Bilirsiniz, geyim də bir ədəb məsələsidir. Bizim dini və milli düşüncəmiz var, geyim məsələsində də buna riayət edilməlidir. Millət vəkilləri də, məmurlar da bilməlidirlər ki, geyiminə də mütləq mənada diqqət yetirməlidir.

Ramil Həsənovun da adının üzərində millət vəkili sözü varsa, o, geyimini də mandatına uyğun geyməlidir. Görürsünüz ki, videoda da deyir ki, mən millət vəkiliyəm, dövlət adamıyam, mənim mandatım var, ona hörmət edin. Mandatına hörmət istəyən deputat gərək, ilk növbədə, özü öz mandatına hörmət etsin ki, xalq da o mandatı daşıdığı üçün ona hörmət qoysun”.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …