“Media haqqında” yeni qanunun hazırlanması vacib idi. Bunu şərtləndirən çoxlu səbəblər var. Bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
Ekspert qeyd edib ki, köhnə qanun elə bir vəziyyətə düşmüşdü ki, artıq həmin qanuna əlavə və dəyişiklərin həcmi qanunun ilkin versiyasındakı həcmindən dəfələrlə çox idi. “Kütləvi informasiya vasitələri haqqında” 22 il bundan öncə qəbul edilmiş və 79 dəyişikliyə məruz qalmış qanunun hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil.
“Bu özü -özlüyündə onu ehtiva edir ki, qanun müasir dövrlə səsləşmirdi. Ötən dövrdə yeni media vasitələrinin meydana gəlməsi və mən deyərdim ki, əsas media subyektlərinə çevrilməsi ümumilikdə media siyasətinə dövlətin yeni baxışını ortaya qoymalı idi. Son onillikdə vüsət alan xəbər portallarının hüquqi statusu qanunvericiliklə qeyri müəyyən olaraq qalırdı. Təsəvvür edin ki, ölkənin informasiya mühitinin əsas seqmentinin hüquqi statusu mövcud deyildi.
Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və bu subyektlərin fəaliyyəti ilə bağlı hüquqi statusunu tanıyır.Ümid edirik ki, qanun dövrümüzün bəlası olan reket jurnalistikasının da “əlini-qolunu” bağlayacaq.
Bu hal jurnalistlərin və jurnalistikanın adına ciddi xələl gətirir. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir.
Bir çox müzakirələrdə reyestrin məcburi qeydiyyat kimi təqdim edilməsi isə çox təəssüf doğurur. Uzun müddətdir ki, hər birimiz jurnalistlərə güzəştlərin verilməsi, kreditlərin götürülməsi və digər jurnalistlərin sosial təminatının yaxşılaşması ilə bağlı təkliflərlə çıxış edirik. Bu təşəbbüslərin həyata keçirilməsi üçün isə ümumi mənzərənin olması vacibdir.
Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.Qanunda təsbit olunan “jurnalist anlayışı”nın təkcə əmək müqaviləsi ilə məhdudlaşmaması, eyni zamanda xidmət müqaviləsi əsasında işləyən jurnalistlərin də nəzərə alınması dövlətin media sahəsində mütərəqqi baxışını ehtiva edir.
Sözsüz ki, layihə düzəlişlər ehtiyac olan bəzi texniki məqamlar ola bilər, bu məsələlərin bəziləri Milli Məclisdə keçirilən ictimai müzakirədə səsləndirilmiş, böyük ehtimal bəzi məqamlar isə plenar iclasda müzakirə ediləcək.
Yeni qanunun qəbul edilməsi medianın inkişafına təkan olmaqla yanaşı, həm də onun xilasına səbəb olacaq. Çünki milli informasiya məkanı dövlətin təhlükəsizliyi və davamlı inkişafı üçün əsas prioritetlərdən biridir.”