“Azərbaycanda ucuz, hər kəs üçün əl çatan olduğu üçün daha təhlükəli olan narkotik vasitələrin yayılması narahatlıq doğurur. Bu gün gənclər arasında şüşə, yaxud “patı” deyilən maddənin istifadəsi adiləşib”.
Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Mən dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin, məsələ köklü həll edilməlidir. Sirr deyil, bu zəhər Azərbaycana ən çox hardan gəlir, biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, ordan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar necə olur öz sərhəddini rahat keçə bilir? Niyə bir dəfə biri öz ölkəsinin sərhəddini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlamır? Bütün bunlar deməyə əsas verir ki, bu problemi elə özümüz həll edə bilərik, kimdənsə mədət gözləməyə dəyməz. Düzdür, cəzanı sərtləşdirmək həmişə effekt vermir, amma biz digər tədbirlər fonunda cinayət qanunvericiliyindəki 234-cü maddəni, habelə, narkotik vasitələrin istehlakına təhrik etməyə görə sanksiyaları çox ciddi formada sərtləşdirilməliyik ki, Azərbaycan narkotik alverçisi, narkotik təminatçısı olan istənilən əcnəbi yaxud vətəndaş üçün qorxulu bir hüquqi zonaya çevrilsin”.