Arzuxan Əlizadə: “Milli Şuranın bu səviyyəsiz hərəkəti, bütövlükdə müxalifətə ləkə vurdu və cəmiyyətdə müxalifətə inamı sarsıtdı”
Milli Şuranın Koordinasiya Mərkəzi üzvlərinin yeni videokonfransının görüntüləri ortaya çıxıb. Sözügedən videoda Milli Şura üzvləri öz aralarında apardıqları müzakirələr zamanı küçə ifadələri, təhqiramiz sözlər, söyüşlər işlədir, cəmiyyətin tanınan ziyalılarını, mühacirləri, müttəfiq partiyaları və hətta xalqı aşağılayırlar.
Yeni videoda Gültəkin Hacıbəyli və Vidadi Mirkamal Azərbaycan xalqını, sözün birbaşa mənasında, aşağılayır, Əli Kərimli isə ”mənim xalqım” dediyi toplumun təhqir olunmasına reaksiyasız qalaraq, gülümsəyir. Görüntülər Koordinasiya Mərkəzi üzvlərinin Nemət Pənahlını lağa qoyub gülməsi ilə başlayır. Vidadi Mirkamal isə efirin vaxtının düzgün seçilmədiyini dilə gətirib. O, həmin gün eyni saatda Türkiyənin “Eşkiya dünyaya hökmdar olmaz” teleserialının olduğunu, camaatın bu seriala baxdığını bildirib: “Həmin vaxt efir toqquşsa, bu, baxışı kəskin aşağı sala bilər”.
Gültəkin Hacıbəyli isə seriala baxanları aşağılayan ifadə işlədir. Vidadi Mirkamal bir daha serialın onların çıxışlarına təsir etdiyini vurğulayıb.
Onu da qeyd edək ki, bundan bir neçə gün əvvəl də Milli Şuranın videokonfransının görüntüləri yayılıb. Həmin görüntülərdə Milli Şuranın Koordinasiyası Mərkəzi üzvlərinin cinsi azlıqları, professor Altay Göyüşovu təhqir etdikləri, “Müsavat” və “Real” partiyalarının fəaliyyətlərini lağa qoyduqları ortaya çıxıb. Sözügedən skandal səbəbindən indiyə qədər Milli Şuranın rəhbər heyətindən ikisi – Eldəniz Quliyev və Rafiq Manaflı ictimai qınaqlara dözməyərək, istefa veriblər.
Sonuncu video Milli Şuranın necə rəzil bir qurum olduğunu bir daha ortaya çıxardı.
- “Onlar hər vəchlə üzləşdikləri bu pis durumdan müxtəlif bəhanələrlə çıxmağa çalışırlar, ancaq reallıq ortalıqdadır”
Sözügedən məsələni dəyərləndirən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin fikrincə, Milli Şurada baş verən son olaylar Azərbaycan siyasi səhnəsi üçün utancverici haldır. “Bu gün Azərbaycan cəmiyyətində, az da olsa, onlara inanan, arxalarınca gedən insanlar var. Onlar bu hadisələrdən xəyal qırıqlığına uğradılar. Düzdür, onlar hər vəchlə üzləşdikləri bu pis durumdan müxtəlif bəhanələrlə çıxmağa çalışırlar, ancaq reallıq ortalıqdadır. Bu cür qeybət səviyyəsində müzakirələr siyasətçiyə yaraşan hərəkət deyil. Bu onu göstərir ki, Milli Şurada belə səviyyəsiz müzakirələr birinci dəfə deyil. Deməli, davamlı olurmuş. Çünki biz orada kiminsə bu fikirlərə əks reaksiyasının şahidi olmadıq. Deməli, bu cür yanaşma, başqası haqqında təhqiramiz ifadə işlədib aşağılamaq onlar üçün qəbul olunmuş doqma imiş. Bu isə Azərbaycanın siyasi səhnəsində baş ucalığı gətirən hal deyil. Bu onların olan-qalan nüfuzuna da zərbə vurdu. Bu təkcə Milli Şuraya yox, eyni zamanda, bütövlükdə Azərbaycanın müxalif düşərgəsinə zərbə oldu. Bu gün Azərbaycan müxalifəti çox geniş spektrə malikdir və Milli Şuradan ibarət deyil. Bu gün Azərbaycan müxalifətinin təsnifatı aparılmayıb. Milli Şuradan başqa, ölkədəki siyasi proseslərə tamamilə fərqli yanaşan müxalif qüvvələr və orada dövlətin gələcək inkişafını, üzləşdiyi problemlərin həllini fərqli formada görən çox səviyyəli, bacarıqlı, yüksək intellektə malik insanlar var. Lakin Milli Şuranın bu səviyyəsiz hərəkəti bütövlükdə müxalifətə ləkə vurdu və cəmiyyətdə müxalifətə inamı sarsıtdı”.
Vidadi ORDAHALLI