Samir Adıgözəlli: “Bu proses dünyanın bir sıra ölkələrinin parlamentlərində də davam edəcək”
Minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən Azərbaycana təqdim edilmədiyi məlumdur. Azərbaycan tərəfi dəfələrlə məsələ qaldırsa da, Ermənistan xəritəni verməkdən yayınır.
Azərbaycan ərazilərini minalamaqla da böyük müharibə cinayəti törədən Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi saysız insan tələfatına, faciəsinə səbəb olub. Ermənistanın xəritəni verməkdən yayınması dünyada bu ölkəyə qarşı müəyyən etiraz dalğalarının başlanmasına səbəb olub. Ermənistanın bu davranışına kəskin etiraz bildirən ölkə İtaliyadır ki, bu ölkənin parlamenti Ermənistandan minaların xəritələrinin Azərbaycana verilməsini tələb edib.
Belə ki, martın 2-də İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul olunmuş “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.
Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyini, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığını bildirdiyi qeyd olunub, Azərbaycan tərəfində saxlanan ermənilərin məhz 9 noyabr tarixli bəyanatın imzalanmasından sonra həbs olunduğu vurğulanıb.
Sənəddə İtaliya hökumətindən BMT, ATƏT və Avropa İttifaqının 9 noyabr 2020-ci il tarixli bəyanatın bütünlüklə icra olunmasına yönəlmiş təşəbbüslərini dəstəkləməsi və həbs edilmiş bütün müharibə əsirlərinin azad edilməsinə çağırış etməsi istənilib. Habelə İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuğu tədbirlərini təşviq etmək istiqamətində hər iki hökumətlə ikitərəfli səviyyədə də iş aparması tapşırılıb.
Qətnamədə, eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulub.
Xatırladaq ki, İtaliya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında 18 noyabr 2020-ci il tarixli qətnamədə 1993-cü ildən Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın digər ətraf yeddi rayonunu da işğal etdiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı qarşıdurmanın dayandırılması və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, eləcə də tərəflər arasında danışıqların başlanmasına çağıran dörd qətnamənin qəbul edildiyi vurğulanıb və Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən 9 noyabr tarixində üçtərəfli bəyanatın imzalanması alqışlanaraq tərəflər bu bəyanatdan irəli gələn digər bütün öhdəliklərə əməl etməyə çağırılıb.
Ekspertlər bildirirlər ki, İtaliya parlamentinin Ermənistana qarşı çıxardığı qətnamə digər ölkələrin parlamentlərində də analoji addımların atılmasına şərait yaradır. Onlar hesab edirlər ki, yaxın gələcəkdə digər ölkələrin parlamentləri Ermənistan qarşısında minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi tələbi ilə çıxış edəcəklər.
- “İtaliya parlamentinin Deputatlar Palatasının da qəbul etdiyi qətnamə Ermənistana təsir etmək baxımından atılan mühüm addımlardan biridir”
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri, politoloq Samir Adıgözılli “Bakı-Xəbər”ə bildirdi ki, İtaliya parlamentinin müvafiq palatasının atdığı addım onu göstərir ki, artıq dünyanın bir sıra ölkələrinin parlamentlərində də Ermənistan qarşısında bu tələb qoyula bilər. “Minalanmış ərazilərin xəritəsini verməməklə Ermənistan Azərbaycana qarşı məkrli, terror və faşist niyyətlərini davam etdirir. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra qəbul olunmuş üçtərəfli 9-10 noyabr bəyanatına əsasən, Ermənistan bu sənədin bəndlərindən irəli gələrək üzərinə düşən öhdəlikləri təxirə salmadan icra etmək, yerinə yetirmək əvəzinə, hələ də qeyri-insani davranışlarını davam etdirir. Belə ki, minalanmış ərazilərin xəritəsini vermir. Bilirsiniz ki, Ermənistan hərbi baxımdan təyinatı olmayan əraziləri də minalayıb. Ermənistan cinayətkar fəaliyyətini davam etdirərək xəritələri verməkdən boyun qaçırır, destruktiv əməllərini davam etdirir. Təbii ki, Ermənistanın bu davranışları beynəlxalq konvensiyalara, beynəlxalq hüquqa ziddir. 1999-cu ildə qəbul olunmuş qərarlara əsasən, piyadaların əleyhinə olan minaların verilməsi, təşkili ilə bağlı qadağalar qüvvəyə minib. Amma buna baxmayaraq, Ermənistan bu məsələdə öz cinayətkar fəaliyyətindən qalmır və yenə də hərbi cinayətlərini davam etdirir”.
S.Adıgözəlli hesab edir ki, Ermənistan heç cür özünün bu cinayətkar, faşist mövqeyindən əl çəkmək istəmir. Bu gün bir çox beynəlxalq təşkilatın Ermənistana “gözün üstə qaşın var” demədiyini deyən S.Adıgözəllinin fikrincə, bununla belə, bir sıra dövlətlər tərəfindən Ermənistanın bu addımları narazılıqla qarşılanır. Azərbaycanın bu istiqamətdə fəaliyyətini davam etdirdiyini və beynəlxalq təşkilatlara, dünya birliyinə müraciətlər etdiyini deyən S.Adıgözəlli hesab edir ki, ölkəmizin bu müraciətləri cavabsız qalmır, bəzi dövlətlər Ermənistana təsir etmək istiqamətində addımlar atırlar: “İtaliya parlamentinin Deputatlar Palatasının da qəbul etdiyi qətnamə Ermənistana təsir etmək baxımından atılan mühüm addımlardan biridir. Hesab edirəm ki, bu proses dünyanın bir sıra ölkələrinin parlamentlərində də davam edəcək. Digər ölkələrin parlamentlərinin də minalanmış ərazilərin xəritəsinin Azərbaycana verməsi ilə bağlı Ermənistanın qarşısına tələb qoyacağı gözlənir. Bu tələb, birmənalı olaraq, qoyulmalıdır da. Azərbaycan dövləti bu istiqamətdə də fəaliyyətini davam etdirir. Bu məsələdə Ermənistana mütləq şəkildə beynəlxalq aləmin təsiri, təzyiqi olmalıdır ki, bu ölkə çirkin, məkrli niyyətindən əl çəksin, xəritələri Azərbaycana təqdim etsin, eyni zamanda, üçtərəfli bəyanatın bütün bəndlərinin tələblərini yerinə yetirsin” – deyə S.Adıgözəlli qeyd etdi.
İradə SARIYEVA