“Azərbaycan televiziyalarında qadınlarla bağlı müntəzəm olaraq verilişlər, proqramlar yayımlanır. Azərbaycanda son illər çəkilən seriallarda da cəmiyyətdə olan bütün məqamlar, analarımızın, bacılarımızın problemləri öz əksini tapır”.
“Report” xəbər verir ki, bunu “Qadınlara qarşı zorakılığa YOX deyək” mübarizə Konsepsiyasına həsr olunmuş konfransda Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev deyib.
O bildirib ki, Azərbaycanda serial çəkilişləri yeni olduğu üçün son illər çəkilən bütün serialların yüksək səviyyədə işlənilib təqdim olunduğunu demək olmaz: “Əlbəttə, bu giriş, başlanğıc idi, müəyyən problemlər var idi. Əsas odur o seriallarda biz özümüzük”.
Sədr müavini qeyd edib ki, Azərbaycan cəmiyyətində ailə institutu ifadəsinin məna və məzmun yükü digər ölkələrlə müqayisədə daha ağır və samballı səslənir: “Qadının cəmiyyətdə rolunun ifrat dərəcədə şişirdilməsinin, onların qarşılaşdıqları çətinliklərin dramatikləşdirilmə, reallıqdan daha uzaq formada cəmiyyətə təqdim edilməsinin, mediaya çıxarılmasının əleyhinəyəm. Azərbaycan efirində qadınlarla bağlı çox yaxşı verilişləri gedir. Bu gün Azərbaycanda fəaliyyət göstərənlərin yarıdan çoxu qadınlardır”.