Bazar , 19 May 2024
Drone Cameras

Mübarizin yalnız sosial mediada ifşa olunduqdan sonra qəbahətlərinə dil sürüşməsi…

Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun jurnalist Əvəz Zeynallıya verdiyi müsahibə zamanı bildirdiyi fikirlər günlərlədir ki, ölkə gündəmini zəbt edib.

Bununla bağlı Xalq Hərəkatının tanınmış simalarından olan Qorxmaz İbrahimli öz facebook hesabında paylaşım edib.

Boyukmillet.com sözü gedən paylaşımı sizlərə təqdim edir.

Günaydın, sevgili yurddaşlar, dəyərli dostlar.


Gününüz sağlıqlı və qəşəng olsun.


Bir neçə gün əvvəl Azərbaycan mətbuatında bir “bomba partladı”. Bomba əslində müsahibəni verənin öz “əlində partladı”.


Dəyərli yazarımız, “Xural” tv-nin sahibi, dostum Əvəz Zeynallı Türkiyədə yaşayan Azərbaycan əsilli, Rusiya kökənli biznesin sahibi Mübariz Mənsimovla müsahibə götürmüşdü. Başdan Əvəz bəyin söylədiyi kimi 44 sual olan bir müsahibə idi. Elə oradaca üzürlü (obyektiv) səbəbdən canlı yayınlanmadığını Əvəz bəy məxsusi vurğuladı. Türk dilimizi əla səviyədə bilən birisi olaraq, deyə bilərəm ki, müsahibə verənin senzurasından keçdiyi bəlli idi.


Müsahibəni diqqətlə izləsəm də, o 44 sualdan neçəsinin senzuradan keçmədiyini deyə bilmərəm. Eyni zamanda Əvəz bəy sualları əvvəlcədən biz seyrçiləri ilə paylaşmadığından da hansının sonradan çıxarıldığını və ya heç birinin çıxarılmadığını bilmirəm. Müsahibə verənin doğal haqqı olaraq veriliş yayınlanmadan öncə özünün və elemanlarının dəfələrlə yoxladıqları ehtimal olunur.



Lakin veriliş yayınlandıqdan sonra içəriyində təhlükəli, separatçı, dini ayrıseçkiliyə cəhd etmək kimi düşünülmüş cümlələr diqqət çəkdi.
Fəto terrorçi təşkilatının üzvü olduğunu uğursuz ört-basdır etmək cəhdi zamanı daha böyük uğursuzluğa düçar oldu. Qatı şiə olduğunu deməsi bir yana, Allahşükür Paşazadəni də özünün dini lideri olaraq önə çıxardı. Guya Fətulla Gülənlə Pensilvaniyada uydurduğu bir söhbətlə bu dəfə din xadimlərindən sayılan mollalarımızı və bir zamanlar dövriyədə olan 10 000 manatlıq pul nominantımızı təhqir etdi. Dedi ki, biz mollalara bir şirvan verib, Yasin oxutdururuq. Çox ağır bir cümlə.


Bir neçə ildir özünü zərərdidə və türk milliyətçisi kimi göstərərək, milliyətçi kəsimin bir qisminin sayğısını qazanmış bu adam bütün türk dünyasının və milliyətçi kəsimin sayğın öndəri olan ikinci Prezidentimiz Əbülfəz Elçibəyin ünvanına iki dəfə qəbuledilməz ifadələr işlətdi. Hətta dəyərli Əvəz bəyin düzəltməsindən sonra ikinci dəfəsində daha da ağır sözlər sərf etdi.


Azərbaycan Respublikasının sovetlər dönəmində rəhbəri olmuş mərhum Heydər Əliyevin o dövr üçün yenilik olan müxtəlif sənaye və k/t məhsullarını ölkənin müxtəlif regionlarına satmaqla məşğul olması kimi uyğunsuz ifadələr yer alıb.


Heydər Əliyevin Prezident olduğu dövrdə indiki kimi məmur uşaqlarının, indiki dövrdən fərqli olaraq, bahalı maşın sürmədikləri, bahalı saatlar taxmadıqları kimi yanlış müqayisələr aparılıb.
Siyasətə girmək istəmədiyini dilləndirən adam əslində biabırçı bir şəkildə siyasətə girmək istədiyini müsahibəsilə göstərdi.
Özünün SOCAR şirkətinin keçmiş rəhbəri və komandası ilə nə haqq-hesabı var bizi pək çox ilgiləndirməz. Yeni rəhbərliyə yarınmağa çalışır. O da bizi ilgiləndirməz.


Kriminal aləmlə bağlı dedikləri də bizi əlaqədar etməz. Özü bilər.


Qardaş Türkiyənin keçmiş Naziri olmuş Mehmet Ağarın da haqqında dedikləri öz aralarında çözülər yəqin.
Bizim və şəxsən mənim bu müsahibə ilə mövqe bildirməmə bir neçə məsələ səbəb oldu:
Birincisi, separatçı ifadələrdir ki, zamanında belə halları çox gördük. Dövlətimiz bundan ciddi sıxıntı yaşamışdı və uğurla sonlandırmışdı. Yenidən bunun dilləndirməsi oldu.


Yuxarıda dediyim və demədiyim bir çox dövləti məsələlərimizə provokativ və sayğısız yanaşmasına etiraz etdim.


Xüsusən mərhum Prezidentimiz Əbülfəz Elçibəylə bağlı ifadəsinə diqqət çəkmişdim.
Sosial mediadakı etirazlara dayana bilməyən Mənsimov bir gün əvvəl daha uğursuz bir addım atdı.
Başqa bir adamına Əbülfəz Elçibəy ünvanına söyləmiş olduqlarını Mübariz Mənsimovun adından təkzib kimi sosial mediada paylaşma tapşırığı verib.


Qaş düzəltmək istəyən adam bu dəfə vurub, gözü də çıxarıb. Necə deyərlər, üzürü qəbahətindən böyük.
Əbülfəz Elçibəylə bağlı ifadələrinin dil sürüşməsi olduğunu deyir. Efirə gedib, ifşa olunmayana qədər bir neçə senzordan keçərkən bu dilin sürüşdüyünü kimsə hiss etmir. Yalnız sosial mediada ifşa olunduqdan sonra qəbahətlərinin dil sürüşməsi olduğunu deyir. Lakin rəsmi üzr istəmir və başqa bir yanlış yola girir.


…“Mən Əbülfəz Elçibəyin şəxsiyyətinə və əziz xatirəsinə hər zaman böyük hörmət hissi duymuşam. Elçibəyin təvazökarlığı, səmimiliyi, vətənsəvərliyi, humanistliyi bütün Türk dünyasına yaxşı məlumdur. Elçibəy, dövlətinin və xalqının maraqları naminə tutduğu ali vəzifədən fədakarlıq etməyi bacaran Vətən sevdalısıydı. Şəxsiyyətinə böyük rəğbət bəslədiyim mərhum Azərbaycan Prezidenti Heydər Əliyevlə Elçibəyin siyasi təcrübəsini müqayisə edərkən nitqimdə yaranan dil sürüşməsi Elçibəyi sevənlərdə üzüntü yaratmış, bəd niyyətli insanlar isə bunu öz çirkin məqsədləri üçün istifadə etmişdir.”…


Dediyim kimi üzür qəbahətdən betərdir. Adam guya Əbülfəz Elçibəyi sevir. Lakin böyük dövlət adamı, müstəqilliyin bərpasının banisi, Türk dünyasının sayğın liderlərindən və s kimi ifadələri işlətməməklə zatən sevgisinin saxta olduğunu göstərir.


Daha önəmlisi isə təkzib elə verilmir.


Təkzib müsahibənin yayınlandığı tv kanalında şəxsin öz dilindən açıqlama ilə verilir. Və təkzib veriləndə, üzr istənəndə isə onun yanlışına diqqət çəkən, tənqid edən insanları aşağılamaq, onlara iftira atmaq nə ədəbə, nə əxlaqa sığmaz.


Mübariz Mənsimov bir elemanının onun adından bu açıqlamanı sosial şəbəkələrdən birində yayınlaması ilə yenə də gözə kül üfürmək istəyib. Keçməz!

Qorxmaz İbrahimli

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …