Müdafiə Nazirliyi ermənilərin Azərbaycanın ötən gün cəbhədə TR-107 reaktiv yaylım atəşi sistemindən istifadə etməsi iddialarına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, düşmən tərəfin yaydığı məlumat dezinformasiyadır və əsassızdır.
“Azərbaycan Amerika istehsalı olan TR-107 yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə etməyib. Real fakt odur ki, Ermənistanın atəşkəsi pozması nəticəsində Azərbaycanın dinc sakinləri həlak olub. Adekvat cavab tədbirləri görülüb və düşmən susdurulub”.
Xatırladaq ki, Ermənistan cəbhə xəttində növbəti irimiqyaslı təxribat həyata keçirib. iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.