Rövşən Nurəddinoğlu
Ənənəvi müxalifət deyəsən bir az da belə getsə, düşərgədə olmasının yubileyini keçirəcək. Siyasi ömrünü uzada bilsə, 25 illiyini…
Hətta sürünə-sürünə bu müddətə qədər gedib-çıxa bilsə öz 25 illik yubileyində ömürlük müxalifət statusunu da qazana bilər. Hələ ki, bu vaxta az-çox var. Lakin məsələ ondadır ki, özlərini ömürlük müxalifət elan etmək vaxtlarına qədər bunu indi də etiraf edənlər var. Məsələn, AXCP, Müsavat və s. kimi partiyaların “liderləri” bu gün mətbuata-filana çıxıb nə isə danışanda demillər ki, hakimiyyətə iddialı müxalifət, deyirlər ki, “demokratik müxalifət”.
Azsaylı elektoratının gözləntiləri baxımından böyük rüsvayçılıq
İndi bunların demokratik, ya da qeyri-demokratik olub-olmamalarını ictimai rəy daha yaxşı bilir. Daha dəqiq desək, xalq bunların nə qədər “demokrarik” tərzdə siyasət yürütmələrini çox yaxşı bilir. Ancaq məsələ ondadır ki, bu gün özlərini 23 ilin müxalifəti kimi qəbul etmələri onlara az-çox inanan azsaylı elektoratının gözləntiləri baxımından da böyük rüsvayçılıqdır. Çünki ötən dövr ərzində ənənəvi müxalifət dəfələrlə (!) Azərbaycan hakimiyyətinə məğlub olub. O da bəllidir ki, acı məğlubiyyətlərinin əvzində çıxış yolu üçün normal proqram ortaya qoymağı belə, bacarmayıb. Çünki aralarındakı düşmən münasibətlər və lider olmaq uğrundakı mənəm-mənəmlikləri buna əsas səbəbdir.
“Məhsul” stadionundan istədikləri siyasi məhsulu əldə edə bilməmələri barədə düşünməlidirlər
Digər tərəfdən, cəmiyyətə və demokratik düşərgəyə ənənəvi müxalifətin partiya sədrlərinin hansı xarici siyasi qurumlara, mərkəzlərə tabe olduqları, yalnız öz şəxsi mənfəətləri üçün işləmələri barədə faktlar məlumdur. Əgər bir cəmiyyətin əksəriyyəti onun müxalifətinin satılmasına inanırsa və təkid edirsə ki, Azərbaycanda müxalifət yoxdur, o zaman bu belə də qəbul edilməlidir. Ən azından, cəmiyyət gəlir-çıxarını yaxşı bilir və dərk edir. Əslində, “Milli Şura” və AXCP “liderləri” nəyə görə “Məhsul” stadionundan istədikləri siyasi məhsulu əldə edə bilməmələri barədə düşünməlidirlər. Məsələ də məhz bundadır!
Uzun illərdir səmərəsiz şəkildə meydanlarda yer tutan qurum rəhbərləri, partiya sədrləri düşünməli və düşündükdən sonra, düşünmədən getməlidirlər!