Cümə , 29 Mart 2024
Drone Cameras

“Müharibənin yenidən başlayacağını istisna etmirəm” – Fransanın məkrli planı

Boyukmillet.com sabiq Xarici işlər naziri Tofiq Zülfüqarovun Yenisabah.az-a müsahibəsini təqdim edir:

– Kəlbəcərdə Azərbaycan və Ermənistan arasında baş verən toqquşma irimiqyaslı hərbi əməliyyata çevrilə bilərmi?

– Hazırkı gərginliyin səbəbi də bəllidir. Ona görə də indiki mərhələdə cavab vermək çətindir. Səbəb ondan ibarətdir ki, ermənilər bu təxribatlarla hansısa beynəlxalq qüvvələri bölgəyə cəlb etmək istəyir. Rusiya onlara bəs etmir, çünki artıq Rusiyaya inanmırlar. Bu səbəbdən qərbdən olan hansısa müşahidəçiləri bölgəyə gətirmək niyyətindədirlər.

– Elə bu məsələyə diqqət çəkəcəkdim. Qeyri rəsmi olaraq belə bir məlumat var ki, Fransa ordusu Ermənistan sərhədini qorumaq üçün bölgəyə gətirilə bilər. Siz bunu nə qədər real hesab edirsiniz?

– Ermənistanda olan Fransa səfiri dedi ki, əgər Ermənistan KTMT-nin üzvlüyündən çıxsa, biz müdafiə məsələlərində Ermənistana yardımçı olmağa hazırıq. Bu maraqlı bir bəyanatdır. Dediyim kimi, Ermənistanın təxribatları da ona yönəlib ki, Rusiyanın yerinə hansısa digər ölkələrin müşahidəçilərini cəlb etsin. Yəni bu təxribatlar şüurlu şəkildə baş verir. 

Əslində, realda Azərbaycan mövqelərinə hücum olunsa da, biz görürük ki, bu daha çox Rusiya siyasətinə qarşı olan bir təxribata oxşayır. Məhz buna görə müdafiə nazirlərinin görüşü Rusiyada baş tutur, hiss olunur ki, Rusiya da bu məsələlərdən narahatdır və bundan sonrakı bir çox şey müdafiə nazirlərinin Moskvadakı görüşündən asılıdır. Düzü, real baxımdan Ermənistan sərhədinə hansısa ordunun gəlməsi çox böyük şübhə yaradır. Çünki belə bir şey həm texniki baxımdan çətindir, həm də hesab edirəm ki, Fransada siyasi sistemi hərbi əməliyyatlar keçirmək üçün uyğun deyil, yəni buna qarşı çıxanlar çox olacaq. Çox mürəkkəb məsələdir.

– Yəni baş verənlərdən çıxış edərək sərhəddəki təxribatlarda üçüncü tərəfin rolu və təhrikinin olduğunu deyə bilərik?

– Mən də o fikirdəyəm. Qeyd etdiyim kimi, burada məsələ təkcə Azərbaycana qarşı deyil. Hər şey Qərb və Rusiyanın maraqlarının Ermənistanın siyasi arenasında toqquşmasının əksidir. Maraqlı hadisələrdir, hər halda bəzi məqamlar imkan verir ki, Azərbaycan tarixi və ya milli vəzifələrini həyata keçirsin.

– Bölgədə gərginlik davam edərsə, müharibə yenidən başlaya bilərmi?

– Bu suala indiki mərhələdə cavab vermək çətindir. Amma əgər Ermənistan bəzi məsələlərdə öz mövqeyindən çəkinməsə, irimiqyaslı olmasa da, hansısa şəkildə hərbi əməliyyatların bərpasını istisna etmirəm. Sərhəd öz yerində, amma hazırda söhbət, əsasən, Zəngəzur dəhlizindən gedir və Ermənistan bu məsələdə öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək istəyən tərəflər çoxdur.

Check Also

“Bakı Kiyevə silah verir”yalanında Qərb izi

Müdafiə Sənayesi Nazirliyi erməni iftiralarını təkzib etdi, rəsmi Moskva isə “əsas odur ki, İrəvanın Ukraynaya …