Bazar ertəsi , 16 Fevral 2026
Drone Cameras

Münxendən dünyaya mesaj: Azərbaycan yeni geosiyasi oyunun əsas aktoruna çevrilir

Qlobal təhlükəsizlik sisteminin transformasiya olunduğu və yeni geosiyasi balansların formalaşdığı bir mərhələdə 62-ci Münxen Təhlükəsizlik Konfransı xüsusi əhəmiyyət kəsb edib.

Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və regional sabitlik məsələləri builki müzakirələrin əsas xəttini təşkil edib. Cənubi Qafqazda postmünaqişə dövrünün reallıqları isə beynəlxalq diqqət mərkəzində olub. Bu kontekstdə Azərbaycanın təşəbbüsləri, xüsusilə Trans-Xəzər istiqamətində irəli sürdüyü əməkdaşlıq modeli strateji platformalarda müzakirə mövzusuna çevrilib.

Prezident İlham Əliyevin panel çıxışı ölkənin geoiqtisadi prioritetlərini və sülh gündəliyini sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim edib. Azərbaycanın artan tranzit və enerji imkanları fonunda regionun gələcək təhlükəsizlik arxitekturasında rolu daha aydın konturlarla ifadə olunub.

Milli Məclisin deputatı Nigar Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, qlobal təhlükəsizlik arxitekturasının müzakirə olunduğu 62-ci Münxen Təhlükəsizlik Konfransında Azərbaycan uğurla təmsil olundu:

“Prezident İlham Əliyevin konfrans çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrindəki çıxışı Azərbaycanın geoiqtisadi strategiyasını nümayiş etdirdi. Dövlət başçımız regional nəqliyyat arxitekturasının gələcəyinə, həm də Avrasiya məkanında güc balansının iqtisadi göstəricilərinə bir daha aydınlıq gətirdi. Nitqin əsas istiqamətlərindən biri Cənubi Qafqazda formalaşan yeni reallıqlar idi. Cənab Prezident Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini və regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu vurğuladı. Davamlı sabitliyin yalnız qarşılıqlı tanınma və beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında mümkün olduğunu bildirdi. Müzakirələrin mövzusuna uyğun olaraq Azərbaycan Prezidenti diqqəti nəqliyyat dəhlizlərinin açılması, Orta Dəhlizin inkişafı və Xəzər hövzəsində əməkdaşlığın genişləndirilməsinə də yönəltdi. Bu, Azərbaycanın iqtisadi inteqrasiya və logistikaya verdiyi üstünlüyün göstəricisidir. Cənubi Qafqazda münaqişə mərhələsinin başa çatmasından sonra rəsmi Bakı regional kommunikasiyaların açılmasını strateji prioritet elan edib. Münxen Təhlükəsizlik Konfransında da Azərbaycan etibarlı enerji ixracatçısı olmaqla yanaşı, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas tranzit qovşağı kimi qəbul edilir. Trans-Xəzər əməkdaşlığı isə enerji və nəqliyyat əməkdaşlığı üzərində qurulur. Cənab Prezident Azərbaycanın artıq formalaşmış enerji infrastrukturu üzərində yeni iqtisadi platforma qurmaq niyyətində olduğunu vurğuladı. “Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi üstünlükdür, lakin fiziki infrastruktursuz onun mənası çox deyil”, – deyən dövlət başçımız bildirdi ki, “ötən il Azərbaycan vasitəsilə daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstərici əldə olunub. Bir neçə ildən sonra isə bu göstərici 200 min və hətta 300 min nəqliyyat vahidinə çatacaq. Hədəf 500 min nəqliyyat vahididir”. Bu isə rəsmi Bakının enerji və nəqliyyat diplomatiyasının uğurunun göstəricisidir”.

N.Məmmədova diqqətə çatdırıb ki, Xəzər dənizi üzərindən yükdaşımaların artması, liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasının tərkib hissəsidir:

“Bu, həm dövlət gəlirlərinin diversifikasiyasına, həm də ölkənin qlobal təchizat zəncirində rolunun güclənməsinə xidmət edir.

Cənab Prezident bir daha regional kommunikasiyaların bloklanmasının iqtisadi inkişafı ləngitdiyini vurğulayaraq əməkdaşlıq modelini alternativsiz yol kimi təqdim etdi. Bu kontekstdə “açıq dəhliz” həm iqtisadi inteqrasiyanın, həm də suverenliyin qarşılıqlı tanınmasına əsaslanan təhlükəsizlik modelinin ifadəsidir. Azərbaycan isə tranzit imkanlarının qarşılıqlı fayda platforması kimi qəbul olunmasının tərəfdarıdır.

Münxen kimi qlobal təhlükəsizlik platformasında bu mövzunun qaldırılması təsadüfi deyil. Çünki Avropa üçün alternativ enerji və nəqliyyat marşrutlarının aktuallaşdığı bir dövrdə Trans-Xəzər istiqaməti strateji əhəmiyyət qazanır. Azərbaycan isə bu prosesdə etibarlı körpü rolunu oynamaqdadır.

Eyni zamanda Mərkəzi Asiya ölkələri üçün də Xəzər üzərindən Qərb bazarlarına çıxış yeni iqtisadi imkanlar yaradır. Azərbaycan Prezidenti bu xüsusda çoxtərəfli əməkdaşlığa dəstəyini ifadə etdi.

Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinə dövlət başçımızın “France 24” telekanalına müsahibəsində də xüsusi toxunuldu. Bu platforma vasitəsilə də bəzi siyasi mərkəzlərin regiondakı proseslərə selektiv münasibətinin qəbul olunmadığı bəyan edildi. Eyni zamanda həm regional sülh gündəliyi, həm də Azərbaycanın suveren və müstəqil siyasət xətti beynəlxalq auditoriyaya bir daha təqdim olundu”.

Check Also

Azərbaycanın Ermənistana yanvardakı ixracının ümumi dəyəri açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac …