2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu təxribat törətməsinin ardınca Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu il sentyabrın 27-də Anım Günüdə müqəddəs zəfər yürüşümüzün şərəfinə paytaxtımızda təşkil edilən tədbir hər birimizi qürurlandırdı. Prezident, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və hərbçilərimizin əllərində 3 min şəhidin plakatlarını tutduğu bu əzəmətli yürüş aksiyası tariximizin ötən ilinin möhtəşəmliyini xalqımıza və dünyaya bir daha xatırlatdı.
Təsadüfi deyildir ki, bu gün bir sıra aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə, qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsinin aktuallığını qeyd edirlər. Bu, müasir hərb tarixində yenilik idi. Xüsusilə Şuşa şəhərinin yenidən fəth edilməsi Azərbaycan Ordusunun misilsiz şücaətə və hərbi üstünlüyə malik olduğunu nümayiş etdirdi. Çətin relyef, güclü təbii və ermənilərin qurduğu süni istehkamlar belə Azərbaycan Ordusunun qarşısını ala bilmədi.
Əlbəttə, bütün bunlar ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrinin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ən yüksək inkişaf zirvəsinə çatdığını təsdiqlədi. Bu dövlət başçısının prinsipial siyasəti idi. Azərbaycan zamanı yetişən kimi düşməni öz torpaqlarından vurub çıxarmalı idi və bunun üçün güclü maddi-texniki baza və hərbi biliklərə yiyələnən insan resurslarına əsaslanan güclü ordu formalaşdırmalı idi. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, hərbçilərimizin döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissələri idi.
Beləcə, Azərbaycan Ordusunun şücaəti, silahlı qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımızın qısa müddətdə – 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqımıza böyük sevinc və qürur hissi yaşatdı. Prezident İlham Əliyev bununla bağlı haqlı olaraq bildirir ki, Azərbaycan Ordusunun qarşısıalınmaz əməliyyatları Ermənistan dövlətinin süni olaraq özü haqqında formalaşdırdığı mifi darmadağın etdi. Qələbə sayəsində imzalanan 10 noyabr Üçtərəfli Bəyanatdakı əsas məsələlərin bir çoxu öz həllini tapdı. Bildiyiniz kimi, Ermənistan bu bəyanata imza atmaqla öz üzərinə öhdəliklər götürmüşdür və bu öhdəlikləri məcbur olub yerinə yetirməlidir. Bu öhdəliklərin bir hissəsinin yerinə yetirilməsi müharibədən dərhal sonra baş vermişdir. Yəni, o zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldı.
2020-ci il noyabrın 10-da imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi xeyli müddətdir ki, fəaliyyət göstərir. Monitorinq mərkəzi postmüharibə dövrü üçün çox önəmlidir, belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək qarşısının alınması üçün operativ şəkildə tədbirlər görüləcək. Həmin mərkəzdə Türkiyənin olması bizim üçün çox önəmli bir haldır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. Artıq bu sahədə praktiki işlərə başlanılıb. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır.
Bəyanatdakı maddələrin icrasından danışan dövlətimizin başçısı bu günlərdə verdiyi müsahibə qeyd edib ki, o zaman Ermənistan bu məsələyə çox məsuliyyətli yanaşırdı. Nə üçün? Çünki qorxu içində idi. Çünki bilirdi ki, əgər 10 noyabr tarixində bu bəyanata imza atmasaydı, onların durumu daha pis ola bilərdi. Yəni, bizi dayandıracaq bir qüvvə yox idi və savaş dönəmində dəfələrlə mən Azərbaycan xalqına müraciət edərək deyirdim ki, Ermənistan bizə tarix versin, təqvim versin nə zaman bizim torpaqlarımızdan çıxır, biz dərhal müharibəni dayandırmağa hazırıq. Bu tarix bizə noyabrın 9-da verildi, Ermənistan faktiki olaraq kapitulyasiya, yəni, təslim aktını imzaladı və noyabrın 10-da müharibə dayandı. Ona görə o önəmli məsələlərin həlli Ermənistanın qorxu içində olmasından qaynaqlanır.
Vətən müharibəsində qələbəmizin əsas atributlarından biri də Zəngəzur dəhlizi məsələsinin siyasi gündəliyə daxil olması idi. Prezidentimiz bu barədə deyir: “Digər məsələ dəhlizlərin açılmasıdır. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu, bağlantı təmin edildimi? Xeyr. Amma bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, – hətta Ermənistan buna razılıq da verib,– aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”.
Əlbəttə, Ali Baş Komandan haqlıdır. O, Cənubi Qafqazda yenidən müharibə ocağının yaranmasını istəməsə də, Üçtərəfli Bəyanatın şərtlərin icra olunmasının vacibliyini və bu baş vermədikdə Ermənistanı nələrin gözlədiyini onlara xatırladır. Hər kəsə, o cümlədən Ermənistanın özünə də aydındır ki, əgər onlar Azərbaycana qarşı yeni bir təxribata cəhd etsələr, Ali Baş Komandanın təbirincə desək, “Dəmir yumruq” yerindədir.
Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi Zəngəzura qayıdış üçün zəmin yaradıb. Habelə, bu ilin 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi əsas verir. Qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi tarixi torpağımız olmaqla yanaşı, ölkəmizi qardaş Türkiyə vasitəsilə bütöv bir dünyaya bağlayan strateji yol olacaq. Zəngəzurun bizdən alınaraq Ermənistana birləşdirilməsi, eyni zamanda Türk dünyasını parçalamaq məqsədi daşıyırdı. İndi isə tarixi Azərbaycan torpağı olan Zəngəzur Türk dünyasını birləşdirən bir körpü olacaq.
Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa və Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq.
Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək. Ulu öndər Heydər Əliyevin reallaşdırmaq istədiyi və inşasına başlanılan Mehridən keçən Naxçıvan–Bakı avtomobil yolunun tikintisi layihəsi tikintisi layihəsi o zamankı Ermənistan rəhbərliyinin etirazlarından sonra dayandırılmışdı. Əminik ki, ölkə başçısı cənab İlham Əliyev bu ideyanı da həyata keçirərək və ulu öndərin uzun illər əvvəl hazırlamış olduğu strategiyanı çox böyük ustalıqla gerçəyə çevirəcək.
Müzəffər Ali Baş Komandanımız çıxışı zamanı Azərbaycanın qələbəsinin necə möhtəşəm və əzəmətli, əhəmiyyətli olduğunu bir daha diqqətə çatdıraraq qeyd edir ki, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Rəsmi İrəvanın, təcavüzkar erməni millətçilərinin terrorçu siması və xarakterini əks etdirən məqamlardan biri onların antihumanist davranışı ilə əlaqədar idi. Sirr deyil ki, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan xalqının təxminən 4 minə yaxın nümayəndəsi itkin düşüb. Ermənilər isə onların nəşini bizə qaytarmayıblar, müxtəlif yalanlar və bəhanələrlə dünya ictimaiyyətini aldatmağa çalışmaqla qeyri-insani mövqe sərgiləyiblər. İşğalçını döyüş meydanında layiqincə cəzalandıran Azərbaycan isə həm də humanizm prinsipinə – özünün insanpərvərlik ənənələrinə sadiqlik nümayiş etdirir. Təkcə işğaldan azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb. Odur ki, Azərbaycan dünyada tolerantlıq nümunəsi, multikulturalizm diyarı kimi tanınır, sivilizasiyalararası dialoqun inkişafına müstəsna töhfələr verir. Ölkəmizdə multikulturalizm həm cəmiyyətdə həyat tərzi, həm də dövlət siyasətidir. Azərbaycan nümunəsi milli və dini dözümlülüyü, mehriban və təhlükəsiz birgəyaşayışı əks etdirir. Ermənistan isə bütün bu dəyərlərə zidd yanaşma və mövqe sərgiləyir. Faktlar bu ölkənin və rəsmi İrəvanın cinayətkar obrazını göstərir. Belə ki, uzun illər ərzində işğal altında saxladıqları ərazilərdə illeqal məskunlaşdırma aparan Ermənistan, həmçinin tarixi, dini-mədəni abidələrimizə qarşı vandalizm aktları törətməklə bəşəriyyətin mədəniyyət xəzinəsini – dünya mədəni irsini hədəfə alıb. Bu, sanki sivilizasiyadan uzaq vəhşi bir tayfanın bütün insani və mədəni dəyərlərə qarşı hücumunu əks etdirir.
2020-ci il tariximizdə suveren ərazilərimizin bərpası ilidir – desək, yanılmarıq. 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması tariximizin şanlı qürur – iftixar səhifəsidir.
Müharibənin gedişində Ermənistan ordusunun məhv edilmiş döyüş arsenalınına hər kəs ekranlardan izlədi. Daha sonra onların çoxu qələbə ilə bağlı təşkil olunmuş hərbi paradda nümayiş etdirildi. Bir çoxu hazırda qələbəmizi tarixiləşdirən Hərbi Qənimətlər parkında yerləşdirilib və gələn turistlərə, o cümlədən yeniyetmə və gənc nəslin nümayəndələrinə göstərilir. Müharibə boyunca düşmənin məhv edilmiş və qənimət götürülmüş döyüş arsenalı və texnikasları bunlar idi : Tank əleyhinə vasitələr – 53, “Smerç” – 4, “Qrad” – 97, “Uraqan” – 2, “YARS” – 1, TOS odsaçan – 1, “S-300” zenit-raket kompleksləri – 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası – 1, “TOR” zenit-raket kompleksi – 5, “Osa” zenit-raket kompleksi – 40, “KUB” zenit-raket kompleksi – 4, “KRUQ” zenit-raket kompleksi – 1, zastava – 14, “S-125” zenit-raket kompleksi – 2, pilotsuz uçuş aparatları – 22, “Elbrus” əməliyyat-taktiki raket kompleksi – 2, ballistik raket – 1, “Toçka-U” raket kompleksi – 1, radioelektron mübarizə vasitələri – 5, “R-142” komanda qərargah maşını – 2, “Nebo-M” radiolokasiya stansiyası – 1, müxtəlif radiolokasiya stansiyaları – 7, “Reppelent” radio-texniki maneə vasitəsi – 4.
Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarının siyahısı isə belə idi: Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb. Bu siyahıya məhv edilmiş on minədək düşmən əsgərini də əlavə etməklə açıq-aydın Qələbizimi bird aha təsdiqləmiş oluruq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsinin yekununu belə dəyərləndirirdi: “Biz Ermənistan ordusunu məhv etmişik. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq”.
Bütün yerli və xarici hərbi ekspertlər demək olar ki, eyni fikirdədirlər: Azərbaycanın apardığı hərbi əməliyyatlar XXI əsrin yeni nəsil, yeni tələbləri müharibəsi idi və bütün müasir kriteriyalara tam cavab verirdi. Hətta aparıcı dövlətlərin hərbi məktəblərində və akademiyalarında Azərbaycanın apardığı müharibə təcrübəsi dərs vəsaitlərində əksini tapmasını eşidirik. Hələ də xarici hərbçilər bu müharibənin nəticələrini, əməliyyatların gedişini təhlil edirlər.
Şanlı zəfər yolunun başlanğıc günü olan 27 Sentyabr Prezidentin sərəncamı ilə Anım Günü kimi tarixə yazıldı. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Biz ölkəmizin bütün ərazisində və xaricdə keçirilən izdihamlı anım mərasimlərində bunun əyani şahidi olduq.
Müzəffər Ali Baş Komandanın prinsipial siyasəti, qətiyyətli mövqeyi və xalqımızın onun ətrafında sıx birləşməsi və şübhəsiz ki, Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər bizim illərdir əyilmiş qəddimizi düzəltdi. Tariximizə böyük bir töhfə bəxş etdi. Torpaqlarımızın işğaldan azad olunması nəticəsində 30 illik yurd həsrətimizə son qoyuldu və bu uğurumuz dünya tərəfindən diqqətlə izlənildi. Bütün dünyaya işğal faktı ilə barışmayacağını qətiyyətlə bəyan edən Azərbaycan xalqının və dövlətinin iradəsini hər kəs izlədi. Dünya ölkələri və xalqlarna bir daha əyan oldu ki, Prezident İlham Əliyevin hərb, siyasət və diplomatiya müstəvisində uğurlu fəaliyyəti nəticəsində qüdrətli Azərbaycan dövləti erməni faşizminin başını əzdi – belini qırdı, təcavüzkarı layiqincə cəzalandırdı. Eyni zamanda, torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində ikili standartlara əsaslanan riyakar və qərəzli siyasət yürüdən, işğalçı ilə işğala məruz qalmış tərəfə eyni münasibət bəsləyən dairələr iflasa uğradıldı.
Müharibə zamanı Azərbaycan Ordusunun qabağında tab gətirə bilməyəcəyini görən Ermənistan silahlı birləşmələri daha bir müharibə cinayətinə əl atdılar. Azərbaycan şəhərlərinə ballistik raket zərbələri endirdilər. Aralarında uşaqlar da olmaqla 100-dən çox dinc sakin qətlə yetirildi. Çox ağır günlər olsa da, Azərbaycan Ermənistanın bu mənəviyyatdan tamamilə uzaq müharibə cinayətlərinə döyüş meydanında cavab verdi. Biz onlar kimi müharibə cinyətləri törətməsək də, əvəzində döyüş meydanında onların bütün silahlı qüvvələrini diz çökdürdük. Müharibə zonasından uzaqda yerləşən şəhərlərimizin atəşə tutulması və nəticədə dinc əhalinin qətlə yetirilməsi açıq-aşkar müharibə cinayəti sayılır. Ermənistan əvvəl-axır buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq. Çünki bunlar unudulan və bağışlanan addımlar deyildi.
Mübaliğəsiz qeyd edə bilərik ki, Azərbaycanın tarixi zəfərində–möhtəşəm qələbəsində xalqımızın həmrəyliyinin – milli birlik faktorunun müstəsna yeri oldu. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Bu, Azərbaycan xalqının Vətən sevgisinin ifadəsi və Ali Baş Komandan İlham Əliyevin ümummilli xarakterli qətiyyətli siyasətinin real nəticəsi idi. Eyni zamanda, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli birliyin daha bir təzahürü oldu.
44 günlük müharibənin nəticələri və postmüharibə dövründə Azərbaycanın qazandığı nailiyyətlər sübuta yetirdi ki, müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşmiş, həmrəylik nümayiş etdirən Azərbaycan xalqının mübarizə ruhu sarsılmazdır. Bu, ölkəmizin milli qüdrətinin ifadəsi olmaqla yanaşı, Azərbaycanın gələcək strateji nailiyyətlərə doğru yolunu açan çox mühüm amildir.
Bu gün Azərbaycan dövləti və cəmiyyəti Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımıza, onların ailələrinə, qazilərimizə böyük hörmət, diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalaması isə bu baxımdan xüsusi qeyd edilməlidir. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, dövlət müstəqilliyimizin və suverenliyimizin rəmzi olan üçrəngli bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək mərdlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş silahlı qüvvələrin hərbi qulluqçuları müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Yeni təsis olunmuş – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim edilmişdir. Bu, Azərbaycanın yeni hərb tarixinin yaranması demək idi. Bu qədər igidimizin mükafatlandırılması, təltif olunması Ordumuzun öz qarşısında dayanan döyüş tapşırığını necə məharətli icra etdiyini sübut edir. Müharibədən dərhal sonra ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilir. İndiyədək 9 mindən çox şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunmuşdur. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Evə ehtiyacı olan heç bir şəhid ailəsi diqqətdən kənarda qalmayacaq. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını da verilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan “YAŞAT” Fondu yaradılmışdır. İndiyədək fondda 62 milyon manatdan çox vəsait toplanmışdır. Bütün bunlar bu kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahının, həyat səviyyəsinin yüksəldilməsini başlıca məqsədlərdən biri kimi görür.
Beləliklə, Azərbaycan olduqca mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində öz gücü – qüdrəti ilə münaqişəni həll etdi, işğal faktını aradan qaldırdı, separatizmin məhvinə nail oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”.
Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqla tarix yazdı, dünyada yeni nümunə yaratdı. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı diqqətə çatdırdığı kimi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməsi, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
Regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında mühüm strateji vəzifələr durur. Bu kontekstdə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə postkonflikt mərhələsində bərpa-quruculuq işlərinin həyata keçirilməsi, bölgədə yeni nəqliyyat dəhlizinin yaradılması – kommunikasiya xətlərinin bərpası, sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslə çıxış edir, yüksək fəallıq nümayiş etdirir. Ən əsası, dövlətimizin gücünün, xalqımızın həmrəyliyinin ifadəsi olan “Dəmir yumruq” öz yerindədir və müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”.
Müharibə ilə qələbənin indiki və gələcək nəsillərimiz üçün bir sıra mühüm tərbiyəvi, ibrətamiz nüansları var. Strateji və taktiki gedişlərimizlə zəngin olan bu zəfər yolu göstərdi ki, Azərbaycanın tərəqqisinin təməlində təbii sabitlik, güclü millət, qüdrətli dövlət və güclü liderlik keyfiyyətlərinin vacibliyi dayanır. İndi əvvəlki zəif Azərbaycan yoxdur. İndi müasir, qüdrətli, regionda öz sözünü deyə bilən, heç kəsdən çəkinməyən, heç bir böyük dövlətin forpostu olmayan, heç bir supergücün diktəsi ilə siyasət yürütməyən bir Azərbaycan dövləti mövcuddur. Qazanılan qələbəmizin möhkəmləndirilməsi üçün güclü dövlətin olması vacibdir. Bizim əsas vəzifəmiz qazandığımız qələbəni möhkəmləndirmək olmalıdır.
Adil ƏLİYEV
, Milli Məclis sədrinin müavini