Cümə , 22 Noyabr 2024
Drone Cameras

Müşavir: “Gələn il də iqtisadiyyatımızın inkişafı ekoloji amillərlə təsbit olunmuş siyasətə əsaslanacaq”

“Növbəti illərdə də Azərbaycanın iqtisadi inkişafı ekoloji amillərlə təsbit olunmuş siyasətə əsaslanacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, son dövrlərdə ölkədə qəbul olunmuş strateji sənədlərdə ekoloji aspektlər ön sıradadır və bu, ətraf mühitlə bağlı mövcud problemlərin həll olunması ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və dinamik iqtisadi inkişaf fonunda ekoloji təhlükəsizliyin təmin olunmasına gətirib çıxaracaq: “Azərbaycan təbiəti zəngin biomüxtəlifliyə və qiymətli təbii sərvətlərə malikdir. Bu sərvətlərin qorunması və effektiv idarə olunması ölkədə həyata keçirilən dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yeni strateji mərhələdə iqtisadiyyatın davamlı və yüksək templə artması fonunda qlobal iqlim dəyişikliklərinə cavab verən və əhalinin sağlam mühitdə yaşamını təmin edəcək yüksək keyfiyyətli ətraf mühitin təmin olunması kimi mühüm vəzifələr qarşıya qoyulub”.

R.Səttarzadə qeyd edib ki, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetinə əsasən hazırlanan və bu ilin iyulunda təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması və təbii ehtiyatlardan səmərəli istifadəni nəzərdə tutan fəaliyyətlər qeyd olunur: “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” prioriteti çərçivəsində hədəflərə çatmaq üçün hazırlanaraq cari ilin noyabrında təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın da əsas istiqamətlərindən biri bu ərazilərdə məhz ətraf mühitlə bağlı problemlərin həlli, dinamik iqtisadi inkişaf fonunda ekoloji təhlükəsizliyin təmin olunması, ən müasir yaşıl texnologiyaların tətbiqi və təmiz ekoloji mühitin yaradılmasıdır”.

Nazirlik rəsmisi bildirib ki, hər iki sənəddə “işğaldan azad olunmuş ərazilərə böyük qayıdış”, “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetləri arasında tam sinerji təmin edilib: “Strateji sənədlərdə su ehtiyatlarının və tullantıların idarə olunması, hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemlərinin təkmilləşdirilməsi, bioloji müxtəlifliyin qorunması, meşə və yaşıllıq ərazilərinin mühafizəsi və genişləndirilməsi, torpaq ehtiyatlarının bərpası, mineral xammal bazasından səmərəli istifadə, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması, ekoloji təmiz nəqliyyat vasitələrindən və yaşıl texnologiyalardan istifadənin dəstəklənməsi və s. məsələlər əsas prioritetlər kimi göstərilib”.

Check Also

Xidmət rəisi: Azərbaycan ərazisindən köçəri quşların ən böyük miqrasiya yollarından biri keçir

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə – may və oktyabr aylarının …