Çərşənbə axşamı , 25 Fevral 2025
Drone Cameras

Muxtar respublikada ilk dəfə təşkil olunan festival qonaqların gözü ilə

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikasının İdman federasiyalarının təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Saat meydanı” turistik istirahət mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilib. Festivalda ölkəmizin tanınmış idmançıları, idman mütəxəssisləri, məşqçi-müəllimlər və rəsmi şəxslərin fikirlərini öyrəndik.

 Səmayə Məmmədova – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri: – Bildiyimiz kimi, 25 il bundan öncə, 1995-ci ildə Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin olimpiya, dünya çempionları, idman ictimaiyyəti ilə görüşü olub. Məhz həmin dövrdən başlayaraq Azərbaycanda vahid idman strategiyası müəyyən edilib, idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin 2005-ci ildə imzaladığı müvafiq sərəncam ilə hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur, bununla əlaqədar ölkəmizin hər yerində müxtəlif idman yarışları keçirilir. Artıq idman festivalının təşkili də ənənə halını alıb. Ulu öndər Heydər Əliyevin 25 il öncə atdığı mütərəqqi addıma həsr olunmuş budəfəki idman bayramının ölkənin idman siyasətinin əsasını qoyan dahi şəxsiyyətin dünyaya göz açdığı Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Muxtar respublikanın son illərdə beynəlxalq yarışlara ev sahibliyi edən bir məkan kimi də diqqəti çəkməsi seçim prosesində həlledici məqam oldu. Festivalın Saat meydanı kimi belə gözəl məkanda və yüksək səviyyədə təşkili Bakıdan buraya üz tutan idman ictimaiyyətini hədsiz dərəcədə sevindirdi. Bu idman bayramının mühüm xüsusiyyətlərindən biri də ölkənin yüksək titullu idmançıların, idman ictimaiyyətinin bir araya gələrək gələcəyə, inkişafa yönələn maraqlı dialoqlar qurmasıdır ki, bu da, son nəticədə, bu sahədə yüksəlişə xidmət edir. Biz burada olduğumuz müddətdə muxtar respublikada fəaliyyət göstərən ayrı-ayrı federasiyaların hazırladığı nömrələrə tamaşa etdik, güclü-qüvvətli idmançıların məşq prosesini seyr etdikcə, həqiqətən, könlümüz açıldı. Festival çərçivəsində buradakı idman veteranları ilə də görüş oldu ki, bu da idmanımızın dünəninə verilən böyük dəyərdir. Ümumilikdə, onu deyə bilərəm ki, idman festivalı yüksək səviyyədə, rəngarəng formada keçdi, burada iştirak etməyimə çox şad oldum.

 Nizami Paşayev – ağır atletika üzrə dünya və Avropa çempionu: – Bu gün çox əlamətdar bir gündür. Bayramımızı dahilər, sərkərdələr yurdu Naxçıvanda qeyd etməyimiz bizim üçün ikiqat xoş əhval-ruhiyyə yaratdı. Onu da deyim ki, bu mənim Naxçıvana ilk gəlişim deyil, əvvəllər burada bir neçə dəfə təlim-məşq toplanışlarında iştirak etmişəm. Bir idmançının hərtərəfli yetişməsi üçün qədim diyarın əlverişli müsbət xüsusiyyətləri çoxdur. İnsanı daim gümrah saxlayan gözəl havası, təbiəti var, peşəkar formada yetişmək üçün idman infrastrukturu da yüksək səviyyədədir. Son illər Naxçıvan idmançılarının beynəlxalq arenalarda özlərini yaxşı tərəfdən göstərmələri də aparılan uğurlu idman siyasətinin nəticəsidir. Burada ağır atletika üzrə artıq yeniyetmələr arasında olimpiya mükafatçısının, Avropa birinciliyinin qalibinin olmasını nümunə kimi göstərmək olar. Sevinirəm ki, bugünkü festival sayəsində naxçıvanlı idmançılarla bir daha görüşə bildim. Fürsətdən istifadə edib bütün idmançıları, idman ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.

Fərid Mansurov – Olimpiya çempionu: – Ənənə halını alan idman festivalı bu dəfə ölkəmizin qədim diyarı olan Naxçıvanda təqdirə­layiq şəkildə təşkil olunmuşdu. Festivalda Azərbaycanın tanınmış idmançıları, məşqçilər, olimpiya, dünya çempionları və idman veteranları iştirak etdilər. Demək istərdim ki, Naxçıvandakı idman festivalı əsl bayram əhval-ruhiyyəsi ilə keçdi. Ayrı-ayrı federasiyaların yetirmələrinin nümayiş etdirdikləri nömrələrə baxdıq, ardınca da gözəl konsert proqramı oldu. Ümumilikdə, festival bənzərsiz çalarları ilə yadda qaldı. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi yeniyetmə və gənclərimizin idmana olan həvəsini daha da artıracaq. Ümidvaram ki, naxçıvanlı idmançılar gələcəkdə daha da uğurlu nəticələr əldə edəcəklər.

Ağasəlim Mircavadov – veteran futbolçu, məşqçi: – Bu gün idman sahəsində fərqlənən, uğurlara imza atan və əldə olunan qələbələrə sevinən hər bir azərbaycanlının, ən əsası milli idmanımızın bayramıdır. Mən çox şadam ki, Naxçıvanda təşkil olunan möhtəşəm idman festivalında iştirak edirəm. Əsası ümummilli lider tərəfindən qoyulan idman siyasətinin bu gün muxtar respublikada da uğurla davam etdirildiyinin şahidiyik. Burada idmana böyük diqqət və qayğı var. Mən Naxçıvana idman tədbirləri üçün tez-tez gəlirəm. Əminliklə qeyd edə bilərəm ki, hər il idman sahəsi daha da inkişaf edir, yeni-yeni nailiyyətlər əldə olunur. Yetirmələrimdən olan Əsgər Abdullayevin adını çəkmək istəyirəm. Bildiyiniz kimi, futbolda əsas iş məşqçinin üzərinə düşür. Əsgər Abdullayev Naxçıvanda yeni inkişaf etməkdə olan futbolun kütləviliyinə xidmət edir. İnanıram ki, muxtar respublika futbolçuları onlara göstərilən bu etimadı doğruldacaq və dünya səviyyəli peşəkar futbolçu kimi yetişəcəklər. Bu gün burada təşkil olunan möhtəşəm tədbir də sadaladıqlarımın əyani göstəricisidir. Fürsətdən istifadə edib qəzetiniz vasitəsilə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün azərbaycanlıları, həmkarlarımın bayramını təbrik edir, daha böyük zəfərlər, nailiy­yətlər arzu edirəm.

Şəfəq Kərimova – veteran voleybolçu, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri: – 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı qədim diyarımızda keçirilən idman festivalında iştirak etdiyim üçün çox şadam. Biz bu gün əvvəlcə Heydər Əliyev Muzeyində olduq. Orada dahi siyasətçinin keçdiyi ömür yoluna bir daha nəzər saldıq. Bildiyiniz kimi, bu günün qeyd olunması da ulu ödərin adı ilə bağlıdır. Azərbaycanda ənənə halını alan idman festivalı hər il möhtəşəm formada keçirilir. Naxçıvandakı festival da çox yüksək səviyyədə təşkil olunub. Tədbirin iştirakçıları da əsl bayram əhvalı ilə öz hünərlərini göstərirlər. Festivalın təşkilində əməyi olanlara minnətdarlığımı bildirirəm.

Rəşad Əhmədov – taekvando üzrə dünya çempionu, taek­vando üzrə yığma komandanın böyük məşqçisi: – Belə bir möhtəşəm tədbirdə iştirak etmək qürurvericidir. Bu gün burada Azərbaycan idmanını beynəlxalq arenalarda layiqincə təmsil edən idmançılar iştirak edirlər. Hər biri öz idman növündə, demək olar ki, ölkənin ən istedadlısıdır. Festivalın Naxçıvanda keçirilməsi həm də əlamətdar bir hadisədir. Çünki bir çox idmançımız məhz burada idmanın sirlərini öyrənib. Muxtar respublikada ilk dəfə təşkil olunan festival öz gözəlliyi, cəlbediciliyi ilə bütün idmançıların yaddaşında dərin iz buraxacaq. Keçmiş idmançı kimi öz peşəsini sevən, bu sahədə Azərbaycanın bayrağını dünya arenalarında dalğalandıran bütün idmançıların, məşqçilərin, idman ictimaiyyətinin bayramını təbrik edirəm.

Festival iştirakçılarının təəssüratlarından da göründüyü kimi ölkəmizin idman ictimaiyyəti öz əlamətdar peşə bayramlarını ikiqat sevinclə qeyd etdi. Buna səbəb isə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan idman və gənclər siyasətinin muxtar respublikada uğurlu və yaradıcı şəkildə davamını sərgiləyən əsl idman bayramı – idman festivalı oldu. Bu festival doğma diyarımızın idman potensialını hərtərəfli sərgiləməsi, bu qədim diyarda idmanın inkişafına dövlət qayğısı göstərilməsini təsdiqləməklə ­yaddaşlarda qalacaq.

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …