Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
V Yazı
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Denikinçilərin ya da Denikin ordusunun Dağıstana və Azərbaycana təcavüzü ilə bağlı da Nəsib bəy Yusifbəylinin mövqeyi dəqiq, qəti olmuşdur. belə ki, millət vəkillərindən birinin Denikinin ordusunun Azərbaycan sərhədlərini keçməsi iddiasına qarşı baş naziri bildirmişdir ki, “bizim hüdudumuzu kimsə keçməmişdir və ancaq meyitlərimiz üzərindən keçə bilərlər”.[1] Sonra o, parlamentə məlumat verib ki, Dağıstana, yəni Petrovskiyə və Dərbəndə kazaklardan ibarət 3-4 eşalon gəlib: “ İngiltərə nümayəndələrinə söylədim ki, biz vədlərdən artıq doyduq. Bundan belə biz özümüzə güvənəcəyik və lazım olsa bir adam kimi azadlıq və istiqlalımızı müdafiə qalxışacağıq. Kim olursa olsun, dünyanın böyük və qüvvətli dövləti olursa olsun, qarşısına çıxıb müdafiə edəcəyik…”. [2]
Yusifbəylinin fikrincə, bu dövrdə Azərbaycan türkçülüyünün, milli istiqlalın ziddinə olan əsas qüvvə isə bolşevizm və bolşeviklər olmuşdur. “Bolşevizm bizim üçün bir təhlükədir, bəlkə də daha böyük təhlükədir” [3] deyən, Nəsib bəy daha sonra qeyd edirdi: “Əgər bu saat mənə desələr ki, səni tanıyıb və istiqlalını təsdiq edirəm, mən sabah burada bir bolşevik qoymaram. Çünki bolşeviklərin təhlükəsini biz öz istiqlalımız ilə ölçürük. Biz hürriyyəti-vicdan tərəfdarıyıq”. [4] Bu anlamda Azərbaycanın baş naziri Milli İstiqlalın yaşaması üçün, Sovet Rusiyasıyla münasibətdə diqqətli olmağı hər şeydən vacib hesab edirdi. Ona görə, Azərbaycanın Rusiyanın daxili işlərinə qarışmağa haqqı yoxdur: “Rusiyada hansı təriqət qalib gələcək, hansı adamlar iş başına keçəcək – bu, bizim vəzifəmiz deyil, böyük Rusiyanın öz işidir. Biz Rusiya dövləti ilə hər zaman sülh və səlahla dostluq keçinmək istəriz.Yalnız bir məsələ var ki, bolşevik Rusiyamı, menşevikmi, yoxsa başqa birimi olsun, bizim daxili işlərimizə qarışmamalıdır. Biz Rusiyadan yalnız bunu tələb edirik. Bunun da haqqımız olduğunu, təbii, kimsə inkar etməz, zənn edirik”.[5]
Ona görə, Sovet Rusiyasına ya da bolşevizmə qarşı dayanmaq üçün tək çıxış yolu qüvvətli olmaqdır: “Bunu tək bilməliyik – qüvvətli olmasaq nə hürriyətimiz, nə də istiqlalımız mümkün deyil. Onun üçün hərbi işimiz hökumət işinin əsası olacaq. Əsgərimizin ehtiyacına, ləvazimatına hökumət ayrıca diqqət və səy edəcək. Əsgərlik kimi müqəddəs vəzifənin ilk əvvəl zənginlərin, imkanlıların, ziyalıların övladlarının vəzifəsi olduğunu hökumət onlara izah edəcək. Ayrıca boyun qaçıran olursa lazım olan cəza veriləcək. Xülasə, əfəndilər! Təkrar edirəm, hər şeydən əvvəl, gələcəyimiz qüvvətə və millətin əzminə möhtacdır. Birincisi hərbiyyə nazirimizin müqtədir və təcrübəli əllərində olub, ikincisi isə sizin əlinizdədir”. [6]
1919-cu ilin mayında Bakıda rus fəhlələrinin çox çalışdığı müəssisələrdə tətillər keçirilirdi ki, bu məsələ parlementin 6 may 1919-ci il tarixli 34-cü iclasında müzakirə olunan zaman Nəsib bəy Yusifbəyli bildirmişdir ki, bu tətil iqtisadi deyil, siyasi xarakter daşıyır: “Bu tətilin siyasi olduğunu tətil edənlər və tətil etdirmək istəyən şəxslərin özləri də inkar etmiyorlar. Onlar öz məclislərində açıq deyirlər ki, biz gərək bütün Rusiyada, eyni zamanda Azərbaycanda da (ki, onu Rusiyanın bir parçası olaraq görərlər) Sovet hökuməti təşkil edək. Onlar bunu inkar etmirlər və bu məqsədə çatmaqdan ötəri hər cür vasitəyə müraciət ediblər və edirlər”.[7]
O, çıxışında daha sonra deyirdi ki, indiyə qədər iş başında olan hökumət və indiki hökumət Azərbaycanda mətbuat azadlığı, yığıncaq, tətil azadlığını qoruyub: “Bunun səbəbi nədir? Səbəbi budur ki, hökumətimizə hər nə qədər bəy-xan hökuməti desələr də iş başında olan hökumət öz demokrat və xalqpərəst əməli ilə demokratlığı sübut etmişdir. Ancaq indi bu azadlıqlardan sui-istifadə edilir. Bunlar da öz içərimizdən olan əhbalimiz deyil, özgə dövlətlərdən gələnlərdir ki, sui-istemal edirlər. Bununla da əsl məqsəd Azərbaycanı Rusiyaya ilhaq etməkdir. Bunu rusların əksəriyyəti, mütəəssifanə, hər bir Rus istəyir”.[8] Yusifbəyliyə görə, Rusiya Azərbaycanın istiqlalını tanıyarsa, onunla hesablaşarsa o zaman ruslara neft satmaq mümkündür: “Bunlar olmayınca hökumət Sovetlərə neft verməz. Lakin bunlar deyirlər ki, yolu şərtsiz açın, gəlsinlər. Buna heç bir hökumət, heç bir işçi, Türk demokratiyası, heç bir azərbaycanlı razı olmaz”.[9]
Həmin dövrdə Moskvada yaşayan Nərimanov N.Yusifbəyliyə yazdığı məktubunda bolşeviklərlə bir yerdə olmasını siyasi-ideoloji baxışlarındakı fərqlərlə izah etməyə çalışıb, onu təslimçiliyə çağırmışdır.[10] Yusifbəyli isə Nərimanov kimi düşünənlərə cavab olaraq Parlament kürsüsündən deyirdi ki, milli istiqlalçı kimi bütün qüvvələrə bir nəzər ilə baxır: “Mənim tutduğum nə bolşevik, nə də menşevikdir. Mən yalnız vətənimizin, istiqalliyyətimizin düşmənlərini tuturam. Onlar öylə adamlardır ki, hər zaman fikirləri bizim hüququmuza və istiqlalımıza təcavüz etməkdir və yaxud idarə tərzimizi dəyişmək üçün çalışmaqdır. Bunlar bizim düşmənlərimizdir”. [11]
Bütün bunları nəzərə alaraq Rəsulzadə Türkiyədə mühacirətdə yaşadığı dövrdə “Yeni Qafqaziya” dərgisində yazırdı ki, ümumilikdə, Nəsib bəy xalqçı, idealist, millətpərvər, demokrat və liberal bir şəxsiyyət olmuşdur: “Nəsib bəyin şəxsiyyətini, onu yetişdirən mühitin xüsusiyyətini kamilən təhlil etmək və nəticədə mərhumun tutduğu həqiqi mövqeyi olduğu kimi təsbit etmək üçün məqaləmizin həcmi müsaid deyildir. Bu qədər söyləyə bilərik ki, o, milli Azərbaycan demokratiyasının yetişdirdiyi ən tipik müməssillərindən biridir. Elə bir müməssil ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun ismilə mərbutdur”.[12]
Fikrimizcə, M.Ə.Rəsulzadənin silahdaşı, məsləkdaşı Nəsib bəy haqqında dedikləri o qədər doğru, dürüst və səmimidir ki, bu deyilənlərə əlavə bir söz demək çox çətindir. Rəsulzadənin Yusifbəyli ilə bağlı dediklərində diqqəti çəkən məqamlardan biri də, Nəsib bəyi milli Azərbaycan ideyasının müəllifi kimi göstərməsidir. Bu onun göstəricidir ki, Rəsulzadə memarı olduğu Azərbaycan Cümhuriyyəti ideyasında Nəsib bəyin rolunu daha üstün verməklə öz ləyaqətinin ucalığını ifadə etmişdir. Başqa sözlə, Rəsulzadənin bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, milli və müstəqil Azərbaycan ideyasının nəzəri-ideoloji müəllifi Rəsulzadə, siyas hədəfçisi isə Nəsib bəy olmuşdur. belə ki, Nəsib bəy Rəsulzadənin nəzəri-ideoloji şəkildə irəli sürdüyü milli və müstəqil Azərbaycan ideyasını siyasi bir tələb kimi ifadə etmişdir. Deməli, Azərbaycan Cümhriyyəti iki böyük liderin nəzəri-ideoloji və siyasi praktiki əməllərinin nəticəsidir. Bu mənada bu iki böyük Azərbaycan Türkünün Azərbaycan Cümhuriyyətinin yaranması və inkişafında göstərdiyi xidmətlər misilsizdir.[13] Rəsulzadə yazırdı ki, Yusifbəyli Qafqazda Türk milliyətpərvərliyini tərvic edən dəyərli xadimlərmizdəndir: “Nəsib bəy qüvvətli bir qələmə malik olduğu kimi, hərarətli də bir natiq idi. Ona görə də qüvvətli iman sahibi və demokrat bir adamdı”. [14]
Milli istiqlal ideyasına sona qədər sadiq qalan Yusifbəyli Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən qısa bir müddətdən sonra yaxın silahdaşlarıyla (Nağı Şeyxzamanlı və b.) görüş zamanı demişdir: “Azərbaycan istiqlalını qurduq. Ancaq onu saxlaya bilmədik. Əbədi düşmənimiz olan ruslar güclü qüvvələri ilə vətənimizi işğal etdilər və istiqlalıçıza son qoydular. Müqəddəs ölkəmiz rusların istilası altına keçdi. Ancaq inandığımız və iman etdiyimiz bir şey varsa, o da bizə təsəlli verməkdədir. Ruslar zülmləri, vəhşilikləri ilə xalqımızı nə qədər əzirlərsə əzsinlər, əbədi olaraq qala bilməzlər. xalqımızn beyninə yerləşdirdiyimiz istiqlal məfhumundan mənəvi varlığımıza hopmuş hürriyyət ruhunu söküb ata bilməzlər. Onlar buna nail olmaq üçün vəhşiliyi və qəddarlığı ilə məhur olan Neronu köməyə çağırsalar da yenə müvəffəq ola bilməzlər”. [15]
Beləliklə, deyə bilərik ki, böyük turançı Əli bəy Hüseynzadənin Türklük, İslamlıq və Müasirlik “üçlüy”ü, M.Ə.Rəsulzadənin və N.Yusifbəylinin bu “üçlük” əsasında Azərbaycan türkçülüyü ideyasını – azərbaycançılığı irəli sürməsi bir təkamülün nəticəsi idi. Bu təkamülün kökü nə qədər qədimlərə gedib çıxsa da, çağdaş mərhələdə onun yeni cizgiləri 19-cu əsrdə meydana çıxmış, 20-ci əsrin əvvəllərində isə Azərbaycan milli ideyasının və onun bariz nümunəsi olan Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələnmişdir. Azərbaycan Cümhuriyyəti isə Azərbaycan türklərinin milli azadlıq hərəkatı nəticəsində və onların nüvəsi ilə yaranmasına baxmayaraq, bu dövlətdə yaşayan etnosların heç birinə qarşı ayrı-seçkilik siyasəti yürüdülməmişdir. Bir sözlə, Azərbaycan Cümhuriyyəti etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların ortaq dövləti olmuşdur ki, bu işdə ən başlıca rollardan biri də N.Yusifbəyliyə aiddir. Bunu, vaxtilə Rəsulzadə belə ifadə etmişdir: “Sadə bu mərbutiyyət Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir ismi halına qoymaq üçün kafidir. Nisan matəmində intiqam əhdini təcdid edən milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də heç şübhəsiz Nəsib bəyin şəhadətidir. Müzəffər istiqlal nəslinin ilk edəcəyi təşəkkür vəzifələrindən birincisi siyasi azərbaycançılığın ilk mübəşşirlərindən Nəsib bəy adını davam etdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqdan ibarət olmalıdır!”.[16]
Ancaq təəssüf ki, bu günə qədər Bakıda ya da Gəncədə Nəsib bəy Yusifbəyliyə layiq bir abidə ucalda bilməmişik. Yusifbəyli bu gün Azərbaycanın ən böyük şəhərlərində (Bakı, Gəncə və b.) və həmin şəhərlərin ən görkəmli yerlərində abidəsi ucaldılmalı olan ən layiqli dövlət xadimlərimizdən, mütəfəkkirlərimizdən biridir. Ən azı ona görə ki, o bugünkü Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş baş nazirdir. Bu gün torpaqları rus-erməni hərbi birləşmələri tərəfindən işğal altında olan bir dövlət və millət üçün N.Yusifbəyli örnəyini öyrənmək və tanımaq son dərəcə zəruridir. Azərbaycan xalqı bilməlidir ki, onun milli varlığı və müstəqilliyi uğrunda şəhid olan Yusifbəyli kimi baş naziri, mütəfəkkiri olmuşdur!!!
[1] Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, s.142
[2] Yenə orada, s.144-145
[3] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqraifk hesabatlar). II c. Bakı, «Azərbaycan» nəşriyyatı, 1998, s.67
[4] Yenə orada, s.68
[5] Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, s.136-137
[6] Yenə orada, s.137-138
[7] Yenə orada, s.138
[8] Yenə orada, s.139
[9] Yenə orada, s.139
[10] Nərimanov N. Məqalələr və nitqlər. II cilddə, I cild, Bakı, Azərnəşr, 1971, s.218-219
[11] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqraifk hesabatlar). II c. Bakı, «Azərbaycan» nəşriyyatı, 1998, s.69
[12] Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, s.177
[13] Ələkbərov F.Q. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə). Bakı, “Elm və təhsil”, 2014, s.149
[14] Rəsulzadə M.Ə. Əsərləri (Mühacirət dövrü: Türkiyə, 1922-1929). I Cild. Bakı, “OL” npkt, 2016, s.133
[15] Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, s.195-196
[16] Rəsulzadə M.Ə. Nəsib bəy Yusifbəyli. “Odlu Yurt” dərgisi, 1929, № 3, s.112