Cümə , 29 Mart 2024
Drone Cameras

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları ötən il 14 medal qazanıblar

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən federasiyanın sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib. Sonra federasiyanın sədr müavini Nəriman Quliyevin 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov muxtar respublikada aparılan uğurlu idman siyasətindən danışıb. Vurğulayıb ki, Naxçıvan idmançıları ötən il muxtar respublikadan kənarda keçirilən yarışlarda, ümumilikdə, 37 medal qazanıblar.
Diqqətə çatdırılıb ki, 2002-ci ildə yaradılan Karate-do Federasiyası idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib. Ötən il federasiya idmançıları beynəlxalq miqyaslı turnirlərdən 14 medal qazanıblar. Hazırda Karate-do Federasiyasında muxtar respublikanın şəhər və rayonlarını əhatə etməklə, ötən il ərzində 607 idmançı, 27 fərqli qrupda idmanın bu növü üzrə keçirilmiş hazırlıqlarda, təlim-məşq proseslərində iştirak ediblər.
Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxışında vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman və gənclər siyasəti ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam etdirilir. Fazil Ələkbərov muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir idman infrastrukturunun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən danışıb.
Qeyd edilib ki, muxtar respublikanın 12 idman federasiyasının hər birinə yüksək dövlət qayğısı göstərilərək işlərini günün tələbləri səviyyəsində qurmaları üçün hərtərəfli şərait yaradılıb. 2002-ci ildən muxtar respublikada fəaliyyət göstərən Karate-do Federasiyasının tərkibində hazırda 14 məşqçinin rəhbərliyi altında 3 klub və 26 karate bölməsi var. Ötən dövr ərzində “Nəqşicahan” karate-do qızlar idman klubunun da fəaliyyəti genişləndirilərək 2-si Naxçıvan şəhərində, 1-i Şərur rayonunda, 1-i isə Ordubad rayonunda olmaqla, ümumilikdə, 4 qız bölməsi yaradılıb. Bu gün muxtar respublikada karate idman növü ilə 600 nəfərdən artıq uşaq, yeniyetmə və gənc məşğul olur və onlardan 100 nəfərdən çoxu qızdır.
“Dünyada tüğyan edən pandemiya 2020-ci ildə digər federasiyalar kimi, Karate-do Federasiyasının da fəaliyyətində müəyyən fasilələrin yaranmasına səbəb olub. Lakin buna baxmayaraq, 2020-ci ilin birinci rübündə federasiya tərəfindən məşqlər müntəzəm olaraq davam etdirilib, karateçilərimiz iki beynəlxalq səviyyəli və bir muxtar respublika daxilində keçirilən turnirdə iştirak ediblər. Mövcud çətinliklərə baxmayaraq, Karate-do Federasiyası 2020-ci il beynəlxalq turnirlərdə 1-i qızıl, 1-i gümüş, 12-si bürünc olmaqla, ümumilikdə, 14 medal qazanıb”, – deyən federasiya sədri bildirib ki, göstərilən diqqət və qayğının bariz nümunəsi kimi, federasiyanın idmançısı Vüsal Seyidovun adı gənc istedadların “Qızıl kitabı”na salınaraq xüsusi aylıq təqaüdə, digər idmançı Rafiq Hüseynli isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin mükafatına layiq görülüb.
Fazil Ələkbərov yaradılan şəraitə görə məşqçi və idmançılar adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulayıb ki, federasiya bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcək.
Sonra federasiyanın şəhər və rayon bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirləri dinlənilib, il ərzində fərqlənən idmançılar mükafatlandırılıb.

Check Also

Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar Ankarada ABŞ …