Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümü qeyd olunub – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünü qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Naxçıvanın qədim və zəngin dövlətçilik tarixi vardır. 5-7 minillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvanda yeddinci əsrdə müstəqil idarəçilik formalaşıb, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranıb. Naxçıvan şəhəri XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olub, bu torpaqda XVIII əsrdə Naxçıvan xanlığı, 1918-ci ildə Araz-Türk Respublikası fəaliyyət göstərib. Naxçıvana muxtariyyət statusunun verilməsi isə çoxəsrlik dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. 1920-ci ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilmişdi. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb. Bu müqavilələrin imzalanmasından 3 il sonra – 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

Ali Məclisin Sədri deyib: Ötən dövrdə Naxçıvanın muxtariyyət tarixi geniş tədqiq olunub, yubileyləri qeyd edilib, muxtariyyətin hüquqi və siyasi bazası formalaşıb, Naxçıvan böyük inkişaf yolu keçib. Təbii ki, muxtar respublikanın inkişafı və muxtariyyətinin qorunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Əgər 1924-1969-cu illərin Naxçıvanı ağır siyasi, sosial-iqtisadi və mədəni problemlər dövrü kimi səciyyələnirsə, 1969-1987-ci illərdə ümummilli liderimizin qayğısı ilə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevril. 1990-1993-cü illərdə xalqımızın böyük oğlunun Naxçıvanda siyasi fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən qorumuş, həmin dövrdə Naxçıvanda bütövlükdə Azərbaycanın xilasına hesablanmış tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının muxtariyyət, dövlətçilik statusu daimidir, əbədidir”, – deyən ulu öndər ölkəmizə ikinci rəhbərliyi dövründə də Naxçıvanın inkişafını və muxtariyyətinin möhkəmləndirilməsini diqqətdə saxlamışdır. Dahi şəxsiyyətin quruculuq xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında dinamik inkişafı təmin etmiş, enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı kimi ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Ötən dövrdə muxtar respublikada 166 ümumtəhsil məktəbi, 374 mədəniyyət müəssisəsi, 202 səhiyyə müəssisəsi, 55 idman obyekti, 288 hərbi obyekt tikilərək istifadəyə verilmiş, 98 mindən artıq yeni iş yeri açılmışdır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında 1995-ci illə müqayisədə ümumi daxili məhsul istehsalı 66, onun hər bir nəfərə düşən həcmi 48, əhali gəlirləri 61, sənaye məhsulu 114, informasiya və rabitə xidmətləri 132, nəqliyyat sektorunda yük daşınması 26, kənd təsərrüfatının ümumi məhsulu 14, xarici ticarət dövriyyəsi isə 27 dəfə artmışdır. Bu dövrdə yaşıllıqların sahəsi genişlənərək ümumi ərazinin 20 faizinə çatmış, kənd təsərrüfatına yararlı torpaqların sahəsi artaraq 177 min hektardan artıq olmuşdur. Hazırda muxtar respublikada 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 88 faiz təşkil edir. Naxçıvan Muxtar Respublikasında inkişafın nəticəsi olaraq yaşayış məntəqələri böyümüş, şəhər, qəsəbə və kəndlərin sayı artmışdır. Hazırda muxtar respublikada 217 səhiyyə, 492 mədəniyyət, 442 sənaye müəssisəsi fəaliyyət göstərir, 34 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıqla məşğul olur. Naxçıvanda inkişafı xarakterizə edən ən mühüm amillərdən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz verilməsin. Muxtar respublikada 10 elektrik stansiyası vardır ki, onun da 8-i alternativ və bərpaolunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, Naxçıvan şəhərində, rayon mərkəzlərində və ətraf kəndlərdə müasir içməli su və kanalizasiya sistemləri qurulmuş, əhali 24 saat dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilmişdir. Əhalinin həyat şəraiti, məskunlaşması və rifahı da yaxşılaşmış, muxtariyyətin əvvəlindən bu günə muxtar respublika əhalisi 5 dəfə artaraq 462 min nəfərə çatmışdır. Artan iqtisadi imkanlar muxtar respublikada elmin, təhsilin və mədəniyyətin inkişafına da öz təsirini göstərmişdir. Bu gün muxtar respublikada 3 ali, 4 orta ixtisas təhsili müəssisəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, 212 ümumtəhsil məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 5 peşə məktəbi, 36 məktəbdənkənar, 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Görülən tədbirlər nəticəsində təhsilin səviyyəsi artmışdır. Əgər 1995-ci ildə orta məktəbi bitirən məzunlardan 11 faizi və ya 401 nəfəri tələbə adını qazanmışdırsa, 2020-ci ildə bu göstərici müvafiq olaraq 67 faiz və ya 1955 nəfər təşkil etmişdir.

“Naxçıvanın tarixi, etnoqrafiyası, mədəniyyəti və təbii sərvətləri ciddi tədqiqat predmetinə çevrilmiş, minlərlə kitab nəşr olunmuş, naxçıvanşünaslıq zənginləşdirilmiş, abidələrimiz bərpa edilmiş, milli dəyərlərimizin qorunub yaşadılmasına diqqət artırılmışdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, artıq Naxçıvanın Azərbaycan dövlətçilik tarixindəki rolu, nail olduğu müasir inkişaf elmi tədqiqatların və araşdırmaların mövzusudur. 97 illik muxtariyyət tarixinin, təbii ki, ən mühüm nailiyyəti Naxçıvanın ərazisinin qorunub saxlanmasıdır. Muxtariyyət statusu çoxşaxəli inkişafla yanaşı, həm də Naxçıvanda böyük müdafiə potensialının formalaşdırılmasına əsas vermişdir. Bir sözlə, Naxçıvan Muxtar Respublikası bütün sahələrdə uğurlu yol keçmişdir. Bunun nəticəsini təkcə rəqəmlərdə yox, eyni zamanda real həyatda, insanların rahat yaşayışında, sabitlikdə, yüksək rifahda, yaşayış məntəqələrimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında, ordu quruculuğunda görürük. Aparılan quruculuq işlərinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına öz töhfələrini verənlərin əməyi isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar dövlət mükafatları və fəxri adlarla təltif olunur.

Ali Məclisin Sədri bu tarixi gündə şəhidlərimizin xatirəsini yad etmiş, Naxçıvanda sabitliyin və sərhədlərin qorunmasında, inkişafın təmin edilməsində əməyi olanlara təşəkkürünü bildirmiş, təltif olunanları və mükafat alanları, onların timsalında bütün muxtar respublika əhalisini təbrik etmiş, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir… Bu uğurların təməlində ulu öndərin siyasəti dayanır. Biz, onun davamçıları bu siyasətə sadiqik”.

Sonra Naxçıvan Dövlət Televiziyasının Naxçıvan Muxtar Respublikasının yaranmasının 97 illiyi münasibətilə hazırladığı filmə baxış olmuşdur.

Tədbirdə Naxçıvan Muxtar Respublika mükafatlarının, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olmuşdur. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə 2021-ci il üçün elm sahəsi üzrə Mətanət Məmmədovaya “Naxçıvan blokadası” ikicildliyi, mədəniyyət sahəsi üzrə isə Nizami Alıyevə “Gəmiqaya qayaüstü rəsmləri” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatları verilmişdir.

Ali Məclisin Sədri muxtar respublika mükafatlarını təqdim etmişdir.

Naxçıvan Muxtar Respublika mükafatının qalibi Mətanət Məmmədova minnətdarlıq edərək demişdir: “1990-cı illərin əvvəllərində muxtar diyarımız mənfur qonşularımız tərəfindən blokadaya salınmış, böyük çətinliklərlə üzləşmiş, işğal təhlükəsi qarşısında qalmışdı. Həmin dövrdə ümummilli liderimiz Naxçıvana gəlməsəydi, Naxçıvan da işğal olunacaqdı. Ulu öndərin muxtar respublikada layiqli davamçısı, Ali Məclisin Sədri seçilən Vasif Talıbov həmin illərdə gənc yaşda olmasına baxmayaraq qaranlığa qərq olmuş Naxçıvanda işıq yandırdı. Qədim Naxçıvanı böyük çətinliklə, zəhmətlə çıraq işığından işıqlı günlərə çıxardı. 70 il sovetlər dövründə əl dəyməyən resurslara doğru gedildikcə Naxçıvan nura qərq oldu, çıraq işığından elektrik enerjisi ixracatçısına çevrildi, illərlə əkilməyən torpaq shələrinə yeni həyat bəxş olundu, ərzaq təhlükəsizliyi təmin edildi. Bu illərdə Naxçıvan böyük inkişaf yolu keçmişdir. Bütün sahələr kimi, mətbuat sahəsinə də bu inkişafdan pay düşmüşdür. “Naxçıvan blokadası” ikicildliyi Naxçıvanın dünəni və bu gününün müqayisəsi fonunda ərsəyə gəlmişdir. Kitabda blokada Naxçıvanının əvvəlki və sonrakı illərində muxtar diyarın ümumi mənzərəsi gənclərin Naxçıvan tarixini öyrənmələri üçün mənbə rolunu oynayır”. Müəllif bundan sonra da Naxçıvan tarixi ilə bağlı kitabların yazılmasına səy göstərəcəyini bildirmişdir.

Naxçıvan Muxtar Respublika mükafatının qalibi Nizami Alıyev demişdir: “Muxtar respublikada bütün sahələr kimi, mədəniyyət sahəsi də uzun illərdir ki, dövlət qayğısı ilə əhatə olunur. Milli dəyərlərin qorunması, tarixi abidələrin bərpası, ənənələrin yaşadılması, mədəniyyətimizlə bağlı çoxcildli kitabların nəşri muxtar respublikada bu sahəyə göstərilən diqqətin əyani ifadəsidir. Mənə göstərilən etimada görə minnətdarlığımı bildirir, bundan sonra da mədəniyyətin inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyimə söz verirəm”.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun, 1 iyul, 22 iyul və 2021-ci il 23 yanvar tarixli sərəncamları ilə Azərbaycan Respublikasında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs “Şöhrət” ordeni, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları və Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri adı ilə təltif olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 sentyabr, 5 oktyabr və 2021-ci il 8 fevral tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar hüquqşünası”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar tibb işçisi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar artisti” fəxri adları və “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşlar.

Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim etmişdir.

“Şöhrət” ordenli İsmayıl Hacıyev demişdir ki, muxtar respublikada elmin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaranması və ötən dövrdə keçdiyi inkişaf yolu bu qayğının bəhrəsidir. 97 illik muxtariyyət tarixinin müstəqillik dövründə bütün sahələrdə inkişaf, tərəqqi və sabitlik təmin edilib. Muxtar respublikanın yubileyləri yüksək səviyyədə qeyd olunub, muxtariyyətimiz daha da möhkəmləndirilib. İsmayıl Hacıyev əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi və elm adamları adından minnətdarlıq etmişdir.

Təltif olunanlardan Rauf Əliyev əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə və Ali Məclisin Sədrinə minnətdarlıq etmiş və bunu çalışdığı kollektivin fəaliyyətinə göstərilən qayğı kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin də inkişafını təmin edib. Azərbaycan Dövlət İnformasiya Agentliyinin Naxçıvan bürosu fəaliyyətini Naxçıvanda həyata keçirilən tədbirlərin ölkə miqyasında və dünyada yayılması sahəsində qurmuşdur. Qazanılan uğurlar və bu işdə əməyi olanların dövlətimizin yüksək mükafatlarına layiq görülməsi məsuliyyəti daha da artırır.

“Tərəqqi” medalı ilə təltif olunan Səməd Canbaxşıyev minnətdarlıq edərək demişdir: “Muxtar respublikanın hər yaşdan olan nümayəndəsi kimi, mən də respublika rəhbərinin qayğısını dəfələrlə öz üzərimdə hiss etmişəm. Bu əlamətdar gündə zəhmətimə verilən qiymət məni ikiqat sevindirdi. Bundan sonra da çalışacağam ki, göstərilən etimadı layiqincə doğruldum”.
Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri adı ilə təltif olunan Elnarə Heydərova minnətdarlıq edərək demişdir: “Mən 25 ildir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində çalışıram. Televiziyada bu günədək olan dəyişikliklər gözümün önündə baş verib. Azərbaycan mətbuatının 145 illik yubileyində hər ikisi televiziya əməkdaşı olan gənc ailənin mənzillə təmin olunması muxtar respublikada jurnalistlərə göstərilən qayğının bariz nümunəsidir. Naxçıvan mətbuatında elə bir jurnalist yoxdur ki, diqqətdən kənarda qalsın.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuş Gülmirə Əsgərova minnətdarlıq edərək demişdir: “Belə bir gündə ümummilli liderimiz Heydər Əliyevin müəllim əməyini qiymətləndirərək dediyi “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikirlərini xatırlayaraq muxtar respublikada təhsilin inkişafına və müəllim əməyinə xüsusi diqqət yetirildiyini vurğulamaq istəyirəm. Biz elə düşünürdük ki, ancaq müəllimlər öyrədir. Lakin bu gün biz də Ali Məclisin Sədrindən öyrənirik. İndi Naxçıvan şəhəri ilə yanaşı, ən ucqar dağ kəndlərində də lazımi şəraiti olan məktəb binalarının tikilib istifadəyə verilməsi gələcəyimizə göstərilən qayğıdır. Müasir tədris avadanlıqları ilə təmin olunmuş məktəblər müəllimlərin fəaliyyəti üçün geniş imkanlar açır. Onların əməyinin qiymətləndirilməsini də yaradılan şəraitin və təhsilə göstərilən qayğının bəhrəsi kimi dəyərləndiririk. Bu etimadın müqabilində daha səylə çalışacaq, ölkəmiz və xalqımız üçün savadlı və vətənpərvər gənclər yetişdirəcəyik”.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuş İradə Zeynalova demişdir: “Çalışdığım Heydər Əliyev adına Hərbi Liseydə Ali Məclis Sədrinin qayğısı ilə yüksək biliyə malik və vətənpərvər gənc nəsil yetişir. Vətən müharibəsində məktəbin məzunları ərazi bütövlüyümüzün bərpası uğrunda böyük şücaət göstərmişlər. Bundan sonra da vətənpərvər gənc nəslin yetişdirilməsi üçün üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyik”.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuş Tərlan Nəcəfova demişdir: “Naxçıvan muxtariyyətinin 97-ci baharını yaşayır. Ötən əsrin 80-ci illərinin tələbəsi və Naxçıvan blokadasının ilk illərinin acılarını görən insan kimi deyə bilərəm ki, Naxçıvanın dünəni ilə bu günü hər kəsin gözü önündədir. Çox qürur duyuram ki, inkişaf etmiş Naxçıvanda gələcək nəslin təhsilli və dünyagörüşlü yetişdirilməsi üçün çalışıram”.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif olunmuş Mehparə Hüseynova çıxış edərək demişdir: “Muxtar respublikada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb. Torpaq mülkiyyətçiləri, fermerlər qayğı ilə əhatə olunub. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində ailə təsərrüfatları inkişaf etdirilir. Zəhmət adamlarının əməyinin qiymətləndirilməsi bizi daha da ruhlandırır. Söz veririk ki, bundan sonra da doğma diyarımızın inkişafına töhfəmizi verəcəyik”.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi” Məhərrəm Tarverdiyev demişdir ki, muxtar respublikada bütün sahələr qayğı ilə əhatə olunub. Müasir səhiyyə sistemi yaradılıb. İnsanların sağlamlığı qorunur. Eyni zamanda sağlam nəsil yetişdirilir. Üç övladım Naxçıvandakı təhsil şəraitindən bəhrələnərək 500-dən yuxarı bal toplayıb ali məktəblərə qəbul olub. Ali Məclisin Sədri tərəfindən hər biri mükafatlandırılıb. Bu gün isə mənim əməyimə yüksək qiymət verilir. Bütün bunlara görə minnətdarlıq edirəm.

Digər təltif olunanlar da əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq etmişlər.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …