Cümə , 26 Aprel 2024
Drone Cameras

Naxçıvanda “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçirilib – FOTOLAR

Muxtar respublikanın iqlim şəraiti, zəngin bitki örtüyü bu ərazidə qədim zamanlardan bəri insanların arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaradıb. Bu gün dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olub. Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları-bal satış yarmarkası” da arıçılar üçün geniş imkanlar açır.

Boyukmillet.com xəbər verir ki, oktyabrın 16-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov satış yarmarkasında iştirak edib.

Naxçıvan Dövlət Universitetinin müəllimləri bal süzgəci, yeni nəsil pətəklər, vərəmum toplayan, çərçivə teli gərmə, çiçək tozu toplayan alətlər, arıçının rahat işləməsi üçün istifadə ediləcək yanmaz əlcəklər, yabanı arı tələsi, yem qabları, arıçının iş masası, elektrikli bal isitmə və çökdürmə qazanı, balı süzmə aparatı, eləcə də arı məhsullarından hazırlanan dodaq balzamı, gil maskası, əl kremi, müxtəlif faizli spreylər, kəklikotulu, nanəli, propolis və müxtəlif çeşiddə sabunlar haqqında ətraflı məlumat veriblər.

Ali Məclisin Sədri arıçılarla söhbət edib, bal və arıçılıq məhsullarından alıb, onların qayğıları ilə maraqlanıb.

Baxış zamanı məlumat verilib ki, satış yarmarkasına muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 301 arıçı tərəfindən 17 tondan artıq süzmə, 3 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu, güləm, bal arağı və baldan hazırlanan şirniyyatlar çıxarılıb. Naxçıvan balı öz dadı, ətri, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə yaxşı tanınır və yüksək qiymətləndirilir. Son illər Naxçıvanda arıçılıq sahəsində aparılan elmi araşdırmaların həcmi çoxalıb, bu sahəyə dair kitab və dərsliklər nəşr olunub. Balla yanaşı, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları yüksək tibbi əhəmiyyətə malikdir.

Naxçıvan şəhərindən olan arıçı Məhərrəm Eyvazov minnətdarlıq edərək deyib: “Bu gün bizim üçün ikiqat bayramdır. Tarixi Qələbəni qeyd edirik. Bu qələbənin qazanılmasında Naxçıvandan olan igid oğulların da payı vardır. Bunu ölkə başçısı cənab İlham Əliyev bu il mayın 10-da Naxçıvana səfəri zamanı qeyd edib, Naxçıvanın sürətlə inkişaf etdiyini bildirib. Biz də bu inkişafdan bəhrələnərək təsərrüfatımızı genişləndiririk”.

“Naxçıvan məhsulları” publik hüquqi şəxsin stendində məlumat verilib ki, stenddə 5 müəssisənin 8 məhsulu sərgilənir, müxtəlif çəkilərdə olan ballardan hədiyyəliklər nümayiş etdirilir.

Günnüt kəndindən olan arıçı Fikrət Məmmədov minnətdarlıq edərək deyib:  “Bu gün arıçılar üçün hər cür şərait  yaradılıb. Günnüt kəndinin arıçıları da bu şəraitdən səmərəli istifadə edərək kənd təsərrüfatı üçün əhəmiyyətli olan bu sahəni inkişaf etdirməyə çalışırlar”.

Cəlilkənddən olan arıçı Familə Mirzəyeva deyib: “Muxtar respublikada həyata keçirilən tədbirlər ailə təsərrüfatçılarını daha da ruhlandırır, onlar məhsullarını artırırlar. 20 arı ailəm var, 1 hektar sahədə sarımsaq əkmişəm. Gələcəkdə 3 hektarda taxıl əkməyi nəzərdə tuturam. Muxtar respublikada ailə təsərrüfatçıları üçün hər cür şərait yaradılır, yeni iş yerləri açılır. Mən də istifadəyə verildikdən sonra Şərur Sənaye Məhəlləsində istehsal olunacaq qarğıdalı yağına öz töhfəmi vermək üçün gələcəkdə eyni zamanda qarğıdalı əkməyi planlaşdırıram”.

Sələsüz kəndindən olan arıçı Ehtibar Məmmədov minnətdarlıq edərək deyib ki, bu il son 10 ilin ən yüksək məhsulun götürmüşük. İndi bazarlarda kənd adamlarının istehsal etdikləri yerli məhsullara üstünlük verilməsi, həm də satış yarmarkalarının keçirilməsi məhsulumuzun daha çox satılması ilə nəticələnir. Bu da təsərrüfatımı genişləndirməyə imkan verir. Bir sıra arıçılıq məhsulları ixrac edir, bazarlarda heç bir çətinlik çəkmədən satışını həyata keçiririk. Artıq yeni layihə əsasında ana arı yetişdirməyə hazırlaşırıq.

Babək rayon Gərməçataq kənd sakini Mətləb Quliyev öz təsərrüfatının inkişafından danışaraq deyib ki, yaradılan şəraitin nəticəsidir ki, 5-6 il əvvəl 20 arı ailəm olmasına baxmayaraq, hazırda 70 arı ailəsi saxlayıram. Eyni zamanda ucqar dağ kəndi olan Gərməçataqda quruculuq tədbirlərinin həyata keçirilməsi nəticəsində 3 ailə geri qayıtmış, kənddə hazırda 2 yeni ev inşa olunur.

Sədərək rayonundan olan arıçı Nadir Bağırov deyib ki, arıçı sahibkarların dərmanla təmin edilməsi, hər bir arı ailəsinə görə subsidiyanın və arıçılara güzəştli kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar açıb. Məhsullarımızı rahat şəkildə satır, büdcəmizi zənginləşdiririk. Eyni zamanda təsərrüfat adamlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu da məsuliyyətimizi artırır, daha həvəslə işləyirik. Gün o gün olsun, Kərki balının satışını həyata keçirək.

Satış yarmarkasında məhkumların əl işləri, eləcə də qadınların müxtəlif çeşiddə əl işləri və istehsal etdikləri bal məhsulları da maraqla qarşılanıb.

Ordubad rayonundan olan arıçı İsmayıl Əliyev öz arıçılıq təsərrüfatında tətbiq etdiyi təcrübəni və özünün hazırladığı arı yeşiklərini təqdim edib.

Ali Məclisin Sədri aid qurumlar tərəfindən bu cür təkliflərin dəyərləndirilməsi barədə tapşırıq verib.

Arıçılar Birliyinin sədri Etibar Məmmədov və digər arıçılar minnətdarlıq edərək deyiblər ki, arıçılığa göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada arıçılıq özünün inkişaf dövrünü yaşayır. Bu cür tədbirlərin keçirilməsi həm məhsul satışı, həm də arıçılar arasında təcrübə mübadiləsi aparılması baxımından əhəmiyyətlidir.

Satış yarmarkasında baldan hazırlanan müxtəlif şirniyyatların, eləcə də dulusçuluq, ağacişləmə, tikmə nümunələrinin, ana arı yetişdirmə qutularının, termoplastik pətəklərin, ana arı təcridedici qurğuların, arıçıların hazırladıqları müxtəlif əl işlərinin də nümayişi və satışı həyata keçirilib.

Ali Məclisin Sədri ailə təsərrüfatlarına, o cümlədən arıçılara kreditlərin verilməsinin davam etdirilməsi, onların təkliflərinin nəzərə alınması, bu sahədə nəşrlərin artırılması, maarifləndirici tədbirlərin davam etdirilməsi və arıçılıq mədəniyyətinin formalaşdırılması barədə tapşırıqlar verib.

Satış yarmarkası oktyabrın 17-də də davam edəcəkdir.

Check Also

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatında PKK-nın 6 terrorçusunu zərərsizləşdirib. …