Min illərdir bu torpaqlardan bir çay axır, min illərdir bu torpaqlarda bir həsrət nəğməsi eləcə Arpaçayın lal sularının səsinə, nəfəsinə, ruhuna qoşulub axıb gedir. Şərur torpağının köksünü yarıb axan bu çayın səsində bir həsrət, bir nigarançılıq baş qaldırıb. Yaşı qədim Şərur torpağının, Arpaçayın yaşı ilə ölçülən “Apardı sellər Saranı” mahnısı bu günə qədər öz sirrini saxlayan dəyərli sənət nümunəsidir. Biz isə bu gün ruhumuzun Arpaçayın səsinə kökləyib, bu bənzərsiz el nəğməsinin tarixçəsinə nəzər yetirəcəyik…
Bir çayın axarına, bir nəğmənin sorağına, bir səsin izinə düşüb geri qayıdıram, illərin daş yaddaşına qulaq verirəm. Haradan gəlir bu səs? Kim idi Sara? Xançobanın gözünün yolda qoyan o qızın nəğməsi necə oldu ki, illərin dizini qatlayıb günümüzə gəlib çatdı.
Hər oxunanda yenidən doğulur, hər avazda, yenidən yazılır, yenidən yaşadılır. Od kimi qədim ulu, su kimi təzə tər olan “Apardı sellər Saranı” xalq mahnısı hər oxunanda adama elə gəlir ki, lap elə indi, ilin günün bu vədəsində Arpaçayı aşıb daşıb Saranı özüylə aparır. Sanki o səs bir yalvarışdı, bir haraydı, Saranın harayı.. Üz tutsaq sahilinə qarşımıza o çıxacaq-dağda quzularını otaran Sara. Yada, elə Xançobanı çomağına söykənmiş üzü Arpaçaya baxan görəcəyik, Saranın yolunu gözləyən Xançobanı….
İlk kimdən dinlədik bu nəğməni, ilk kimin səsi gözümüzdə yasa, ürəyimizdə qubara çevrildi? Analarımızın laylasına, atalarımızın öyüdünə, körpələrin qığıltısına qoşuldu, axdıqca axdı. İllər dəyişdikcə Saranın hekayəsi də zamanın axarında yeniləndi, hər dildə, hər eldə bir variantı yarandı.
Azərbaycan xalq mahnıları özünün bütün göstəricilərinə görə həm sənətdi, həm də tarix. Bu dəyərli incilərdən bizim tarixi coğrafiyamız boylanır. Mahnıda yer alan sözlər bir bələdçi kimi yön verir, yarandığı zamanın güzgüsü olur.
Azərbaycan xalq mahnılarının ən qiymətli incisi sayılan “Apardı sellər Saranı” mahnısı yarandığı zaman ilk olaraq el aşıqlarının sazının siminə qonub. Xanəndə-müğənni ifalarına keçmədən öncə aşıqların repertuarında dinlənilib. İlk ifaçıları isə elə Şərur-Dərələyəz aşıqları olub. Mahnının Şərurlu el aşığı Aşıq Cəlilin ifasında səslənməsi də tədqiqatlardan məlum olur. Aşıqların repertuarında isə “Xançobanı” havası adı ilə, gəraylı üstündə oxunub. Mahnı mətni Azərbaycan türkcəsinə məxsusdur, söz mətni 8 hecalı gəraylıdır.
Folklor tədqiqatçılarının araşdırmaları belə deməyə icazə verir ki, mənbəyini Şərur torpağından, Arpaçayın sahilində yerləşən Muğanlı, Muğancıq kəndlərindən alan mahnının zamanla yeni variantları formalaşıb. Bəzi tədqiqatçılar mahnıda adı keçən “Gedin deyin Xancobana, bu il gəlməsin Muğana” fikrini əsas tutaraq mahnının məhz Muğan düzündən yarandığını söyləsələr də, bu fikirlər həqiqətə söykənmir. Belə ki, haqqında danışdığımız mahnı toponimləri məhz Naxçıvan torpağı ilə bağlıdır. Mahnıya “Arpaçayın” möhürü vurulub desək yəqin ki, yanılmarıq.
“Apardı sellər Saranı” mahnısının əsasını təşkil edən əfsanələr öz müxtəlifliyi ilə seçilir, bu da təbii ki, mahnı sözlərinə təsir göstərir. Bəzi ədəbiyyatşünaslar mahnı mətninin XIX əsrdə yaşamış Seyid Əbülqasim Nəbati olduğunun qənaətindədirlər. Bunu şairin “Xançoban” təxəllüslü ilə şeirlər yazması ilə əlaqələndirirlər. Ötən əsrin 80-ci illərində AMEA-nın Folklor institutunda mahnının tarixçəsinin araşdırmaq məqsədilə geniş ekspedisiya qrupu yaradılır. Bu axtarışlarda Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində, xüsusən də Şərur rayonunda mahnının 15 bəndə yaxın mətnini toplayırlar. Gəlinmiş ortaq nəticə isə belə idi ki, mahnı süjetli bir mahnıdır və mətndə adı keçən Sara yaxud da ki, Sarahın haqqında yayılmış əfsanə belə bir el mahnısının yaranmasına rəvac verib. Xalq arasında yayılan əfsanələri birləşdirən bir cəhət var idi: İllər əvvəl Arpaçayın sahilində Sara adlı qız yaşayırdı. Xancobanla əhdi-peyman bağlayan bu gözəl qız kiminə görə zalım xana yar olmamaq üçün özünü Arpacayın suların atdı, kiminə görə isə elə mahnı sözlərində deyildiyi kimi Arpacay aşıb daşdı və Saranı özüylə apardı.
“Xancoban” isə həm tayfa adı olmaqla yanaşı həm də milli rəqsimizin adıdır. “Xançoban”ı aşıq dastanı da var. Toplanmış folklor mətnlərində Xançobanın xanın çobanı olduğu üçün məhz belə adlandırıldığı fikri geniş yayılıb. Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının fikrincə, “Apardı sellər Saranı” mahnısında adı keçən Xançoban obrazı tarixən burda məskunlaşan eyniadlı tayfa adı ilə bağlıdır. Mahnıda yer alan “Gedin, deyin, Xançobana, gəlməsin bu il Muğana” misrası ona deməyə icazə verir ki, Arpacayın sahilində yerləşən Muğanlı, Muğancıq kəndləri Xançoban tayfasının qışlağı olub. Sara da məhz bu tayfanın üzvüdür. Mahnı mətnində də məhz o fikir çatdırılır ki, artıq Xançoban tayfası Muğana gəlməsin, Muğan qana batıb.
Uzun illər sazın simlərində həyat tapan bu el nəğməsinin tar və kamançanın səsində eşidilməsi, xanəndə repertuarına keçməsi bu mahnıya həm əbədiyaşarlıq qazandırdı, həm də böyük səhnəyə çıxışına səbəb oldu.
Naxçıvandan Qarabağa yol alan nəğmə
Ötən əsrin əvvəllərində xalqın milli ziyalıları sözün, fikrin yaddaşında olan zəngin folklor nümunələrini yazının yaddaşına köçürməklə onlara əbədi yaşamaq haqqı qazandırdı. Dahi Üzeyir Hacıbəyovun başlatdığı bu müqəddəs missiyanı, ədəbiyyatda vətənpərvər şair və yazıçılar davam etdirdi. Azərbaycanda ilk dəfə folklor nümunələrinin Üzeyir Hacıbəyov və Müslüm Maqomayev toplayıb musiqinin yaddaşına köçürdülər. ”Azərbaycan türk el nəğmələri” adı altında hazırlanan bu məcmuənin girişində yazılırdı. ”Bu məcmuə yalnız başlanğıcdır, lakin elə bir başlanğıc ki, Azərbaycan musiqi həyatına yeni bir şəfəq gətirmişdir. Böyük sənət sevdalılarının yaratdığı bu müqəddəs missiya bütün xalq nəğmələri kimi ”Apardı sellər Sara”nı mahnısına da əbədilik yaşamaq haqqı qazandırdı.
Əsası Üzeyir Hacıbəyov tərəfindən el nəğmələrini yazıya köçürmək missiyası davamçıları tərəfindən yaşadılırdı. 1932-1943-cü illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Bülbülün rəhbərlik etdiyi ekspedisiya qrupu yaradılır. Məqsəd isə muğam, təsnif, xalq mahnı və rəqslərini tapıb yazıya almaq və yaşamasını təmin etmək idi.
Böyük xanəndə Xan Şuşinskinin “Apardi sellər Saranı” mahnısının taleyindəki rolu da məhz belə başladı. Ekspedisiya qrupunun üzvləri olan Asəf Zeynallı və Xan Şuşinski el-obanı gəzib dildə olan aşıq mahnılarını nota köçürməyə çalışırlar. Azərbaycan muğam məktəbinin əvəzsiz səsli xanəndəsi Xan Şuşinski həm də bir çox xalq mahnılarımızın nota köçürən, eyni zamanda xalq mahnısı kimi səslənən bir çox şah əsərin də müəllifidir. İlk dəfə Qarabağda bir el aşığından “Apardı sellər Saranı” mahnısını eşidən Xan əminin xatirələrindən: “Bir el aşığından eşitmişdim Qarabağda bu mahnını. Çox xoşuma gəldi sözləri. Müəllifini soruşdum. Aşıq dedi bu xanəndələr üçün deyil aşıq mahnısıdır. Dedim belə oxumazlar, mahnının qol-qanadını sındırıb oxuyursan. Mahnını nota yazdım, ilk dəfə elə oradaca oxudum”.
Bakıya, paytaxta qayıdan Bülbül və Asəf Zeynallı nota yazılmış mahnını musiqi məktəblərinın dərs proqramına salıb, şagirdlərə oxudurlar. Bu gün demək olar ki, bütün xanəndələrin, muğam bilicilərinin avazında eşidilən bu beləcə sazın tellərindən tarın simlərinə köç edir.
“Apardı sellər Saranı” hətta yazılı ədəbiyyata təsiri böyükdür. Xalq arasında dillər əzbəri olan bu el nəğməsini bəzən elə olduğu kimi, bəzən də yazıcı tamamilə fərqli formada oxucusuna təqdim edir. İstər nəsrdə, istər poeziyada mahnının dərin izləri görünməkdədir. Fərman Kərimzadə, Şahlar Həsənoğlu, İlyas Əfəndiyev, Mədinə Gülgün, Xəlil Rza Ulutürk, Məmməd Araz, Adil Babayev, Kəmalə Ağayeva, İsa Həbibbəyli və digər şair və yazıçıların yaradıcılığında bu el nəğməsinin obrazlı ifadəsi yer almaqdadır. Ulu Xəlil isə mahnını bir az da obrazlı şəkildə yurdumuza uzanan məkrli əllərlə əlaqələndirirdi:
Yox, bunu görməyin Arpaçayından,
Kim deyir Saranı sellər apardı.
Şahənşah bağından, Qış sarayından
Yurduma uzanan əllər apardı.
Fərman Kərimzadə isə “Təbriz namusu” kitabında hətta mahnının yaranma tarixin XIII-XIV əsrdə mövcud olan Elxanilər hakimiyyəti dövründə yarandığını bildirir. Mahnıda adı keçən Xançoban surətinin Saranın atası olduğunu, Elxanilərin sonuncu hökmdarı Əbu Səidin sarayında əmirlər əmiri kimi yaşadığını, lakin Əbu Səidinın Xançobanın qızları Bağda xatun və Saranı hərəminə qatmaq istədiyi tarixi hadisələrin fonunda verilir. Əsərdə Xançobanın hər il Naxçıvana, Arpaçay sahillərində yerləşən Muğan kəndinə gəldiyini, lakin Əbu Səidlə qızlarının namusunu qorumaq üçün mübarizə apardığını, zalım Əbu Səidin Xancoban və oglanlarını xaincəsinə qətlə yetirdiyini oxuyuruq. Qızı Sara isə bu zülmdən qurtarmaq ucun əri Qara bəylə birlikdə Arpaçay sahilindəki “Qız qalasına” sığınır. Lakin Əbu Səidin qoşunları burda da onları tapır və Saranı Əbu Səidin sarayına aparmaq istəyirlər. Sara isə düşmən əlinə keçməmək üçün özünü Arpaçaya atır. ”Təbriz namusu” əsərinin sonunda Saranın suya atıldığının şahidi olan, bu kəndlərdə yaşayan yanıqlı səsli bir cavan xanəndənin, hansı ki, onun şair Nəbatinin şagirdi olduğu bildirilir – “Apardı sellər Saranı” mahnısını oxuduğu yazılır. Mahnıda yer alan “Gedin deyin Xançobana, bu il gəlməsin Muğana” fikrini də Fəman Kərimzadə tarixdə var olan Silduz sülaləsinin böyük sərkərdəsi Xançobanla bağlı olduğunu ifadə edir.
Mən Qədir Rüstəmovdan eşitmişdim bu mahnını, evimizin qənşərinə asılmış radiodan. Yaşı 90 haqlamış babam əli üzündə dinləyəndə, o yaşlı kişini uşaq kimi ağladan bu nəğməni sonra kimlər oxumadı ki? Mütləqdir ki, “Apardı sellər Saranı” mahnısına Qədirdən əvvəl də necə qızıl səslər nəfəs verib, sonra da bu ənənə davam etməkdədir.
Bütün dövrlərin ən yaxşı xanəndələri, müğənniləri, xalq artisti Arif Babayev, Mütəllim Mütəllimov, Səxavət Məmmədov, Alim Qasımov, Qədir Rüstəmov, Könül Xasıyeva, Teymur Mustafayev, Elnarə Abdullayeva, İlkin Əhmədov, Firuz Səxavət və digər xanəndələr mahnıya müraciət etdi.
Bir az layladır, bir az oxşama, bir ağız bayatı . “Apardi sellər Saranı” təkcə bir nəğmə deyil, Saranın məhəbbət, sədaqət, qeyrət dərsidir. “Apardı sellər Saranı” bu xalqın qanayan yarasıdır. Haçan eşitsək bu musiqini, Sara oluruq içimizdə, Xançoban oluruq, Arpaçay oluruq, sinəsini çaylar yuyan Şərur torpağı oluruq. Tarın, kamançanın nazını çəkdiyi bu el nəğməsi oxunanda adı dillərdə gəzən Sara gəlib durur gözümüzün qarşısında. Xanəndə isə yanıqlı səsi ilə hey oxuyur:
Arpaçayı aşdı-daşıdı
Sel Saranı aldı qaşdı…
Fizzə Bağırova