Yanvarın 19-da Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsinin 31 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Daimi nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 20 yanvar hadisələri ilə bağlı ətraflı çıxış edərək deyib: “Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar, müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan bir gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı idi. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməli, təhlil edilməlidir”.
Bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı danışan daimi nümayəndəliyin rəhbəri bildirib ki; “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri qəsdən Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Sovet ordusunun ermənilərdən ibarət xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunmamış hərbi qulluqçular əliyalın insanları amansızcasına qətlə yetirdilər. Belə bir vəziyyət hətta fövqəladə vəziyyət elan edildikdən sonra da davam etdi. Nəticədə, Bakıda və ətraf rayonlarında 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Tariximizin qan yaddaşına əbədi həkk olunmuş həmin tarixdə soydaşlarımızın başına gətirilən faciə dünyada misligörünməmiş soyqırımıdır. Gündəlik sadə həyatını yaşayan, əliyalın, silahsız insanları, körpələri, qadınları amansız vəhşiliklə, qəddarlıqla qətlə yetirənlər öz məqsədlərinə çatmaq üçün XX əsrin sonlarında nələr etmədilər? Bakıda baş verən hadisələrlə bərabər, Azərbaycan həmin dövrdə həm də “qonşu” Ermənistanın silahlı təcavüzünə də məruz qaldı. Elə Ermənistanın təcavüzkarlıq siyasəti, ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürməsi də SSRİ rəhbərliyinin onlara himayədarlığından irəli gəlirdi. Zaman-zaman əsrlərin sınağına tab gətirmiş Azərbaycan xalqı, deyə bilərik ki, bu dəfə də sınaqdan mərd-mərdanə, üzüağ çıxdı. Nə zindan, nə qan, nə alov azadlıq istəyi ilə meydanlara çıxan xalqın qarşısını ala bilmədi. Yüzlərlə qəhrəman öz həyatını xalqımızın azadlığı, ərazi bütövlüyü uğrunda qurban verdi.”
Bəxtiyar Əsgərov, həmçinin qeyd edib: “Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirmişdir. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında məhz ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirərək deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində – heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib. Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir.”
Vurğulanıb ki, yalnız 1993-cü ildən sonra, ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət həm də xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. Beləliklə, 1994-cü il mart ayının 29-da ölkəmizin Parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Bununla da 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək azad vətənimiz üçün canlarını fəda etmiş şəhidlərimizi ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə yaxından maraqlanırdı. Bu gün Şəhidlər xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı növbəti Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.
Daimi nümayəndəliyin rəhbəri bildirib: “Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla, ləyaqətlə davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur, böyük ehtiramını ifadə edir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını dəfələrlə bəyan etmiş, onların qəhrəmanlığının dövlət müstəqilliyimiz üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır:
“1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Süquta məhkum olmuş sovet rejimi son günlərində bütün tarixi boyu törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. Həmin gün sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə, eləcə də Azərbaycanın bir sıra digər şəhər və rayonlarına yeridilərək, Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və ozamankı Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsinə etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Öz Konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə çıxış edən dinc, silahsız əhali gülləbaran edildi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Sovet rejiminin bu qanlı terror aktı bütün dünyada qətiyyətlə pislənildi. 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə şəhid ailələrinə xüsusi təqaüd verilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında bir neçə dəfə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 31 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.”
Uzun illərdən bəri torpaqlarımızı işğal etmiş faşist Ermənistan üzərində ötən il qazanılmış şanlı qələbədən bəhs edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qürur hissi ilə qeyd etdi ki, illər öncə cənab Prezidentimizin dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri, şükürlər olsun ki, bu gün real həyatda təsdiqini tapdı. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Rəşadətli Milli Ordumuzun cəsarəti, peşəkarlığı, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, iradəsi sayəsində 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, illərdir həsrətini çəkdiyimiz doğma Qarabağı, onun ətrafında yerləşən bir neçə rayonu işğaldan azad etdi. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını bir güllə atılmadan Azərbaycana qaytarmağa məcbur edildi. Keçən əsrin sonlarından bu günə kimi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin qisası alındı. Qalib Milli Ordumuz Ali Baş Komandanımız cənab İlham Əliyevin Sərkərdəliyi ilə həm də dünyaya daha müasir hərb qaydaları, yeni müharibə taktikası təqdim etməyi bacardı. Prezident İlham Əliyev, deyərdim ki, öz bacarığı, uzaqgörənliyi, ən başlıcası qətiyyətli qərarları ilə Azərbaycan dövlətinə və xalqına ictimai-siyasi sabitlik, firavanlıq, qürur, fərəh dolu yeni ruh, qüdrətdən yoğrulmuş, müasir silahlarla təchiz olunmuş, dünyanı heyrətə gətirən qalib Ordu, müqəddəs Zəfər bəxş etdi.”
Bəxtiyar Əsgərov vurğulayıb: “əsrlər keçsə də, 20 Yanvar faciəsi heç vaxt yaddan çıxmayacaq, dönə-dönə xatırlanacaqdır. Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar. 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Ümummilli lider Heydər Əliyevin dediyi kimi “20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.”
Bəxtiyar Əsgərov, eyni zamanda 20 Yanvar günü hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikasında, muxtar respublikanın şəhər və rayonlarında ucaldılmış və ziyarətgaha çevrilmiş 20 Yanvar abidələrinin önündə insanların izdihamlı keçidi ilə yad edilmə tədbirlərinə hazırlıqla bağlı məlumat verib, görülən tədbirlərdən danışıb. O, həmçinin Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu sahədə gördüyü işlər, atdığı humanist addımları qədirbilənliklə sadalayıb, Cənab Sədrin bu sahədə imzaladığı Sərəncamları, verdiyi tapşırıqları xüsusi vurğulayıb. Qeyd edib ki, məhz ulu öndər Heydər Əliyev məktəbinin ləyiqli davamçılarından olan cənab Vasif Talıbovun böyük rəhbərin ideyaları ilə həyata keçirdiyi uğurlu fəaliyyətin nəticəsində Naxçıvan Muxtar Respublikasında Vətənə, torpağa, xalqa bağlılığı tərənnüm edən abidələrin ucaldılması, həyata keçirilən fəaliyyət proqramları, sosial layihələr, şəhid ailələrinə yüksək diqqət və qayğının göstərilməsi, onlara mütəmadi olaraq pulsuz mənzil, maşın və digər yardımların verilməsi bu qədim diyarda gənc nəsillərin gələcəyə ümid, etibar, Vətənə, torpağa bağlılıq hissinin möhkəmlənməsinə təkan verib, əsaslı zəmin yaradıb. Hörmətli Cənab Vasif Talıbovun illərdir ki, muxtar respublikada qurucu, yaradıcı fəaliyyəti ilə ortaya qoyulmuş nəticələr haqlı olaraq, böyük Heydər Əliyevin Naxçıvanda yaşadığı illərdə o zaman Bakıda və Azərbaycanın bir çox yerlərində baş verən qanlı hadisələrə, xalqımıza qarşı törədilmiş qətllərə nifrətini, eyni zamanda, işıqlı Azərbaycan üçün görüləcək fəaliyyət proqramlarına real, operativ münasibətini və gələcək nəsillər üçün verdiyi tövsiyələri özündə yaşadır. Məlumdur ki, Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən, təkcə 20 Yanvar hadisələrinə deyil, respublikamızın bir çox taleyüklü məsələlərinə dair hüquqi əsas hazırlamış, bu məsələləri respublikamızın ali qanunvericilik orqanına da tövsiyə etmişdir. Odur ki, bu gün qalib xalq olaraq, uğurlarımızın əsl səbəbkarı-ulu öndər Heydər Əliyevi, onun xalqımız qarşısında tarixi xidmətlərini daim xatırlanalı, bu böyük şəxsiyyətin ideyalarının daşıyıcısı kimi hər birimiz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, düşmənlərimizə bir daha fürsət verməməliyik. Cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıdışı Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevirilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarmışdır. Bu tarixi qayıdışla Azərbaycanda gedən siyasi böhrana, iqtisadiyyatın dağılması prosesinə, hərc-mərcliyə, regionda siyasi və hərbi marağı olan qüvvələrin təsiri ilə ölkənin müstəqil dövlət kimi fəaliyyətinə xitam verilməsi istiqamətində düşünülən xəyanətkar planların gerçəkləşməsinə son qoyulmuşdur.”
Anım tədbiri digər çıxışlar və 20 Yanvar hadisələrini əks etdirən foto-stendə baxışla davam etdirilib.