Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib.

Nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, tədbir torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarının səsləndirilməsi ilə başlayıb. Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək deyib ki, müqəddəs rəmzlərimizdən olan bayraq xalqımızın, millətimizin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarixboyu özünü qabarıq göstərmiş, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu Sərəncam dövlət rəmz¬lərinə hörmət və ehtiramın ən bariz ifadəsidir. Bu gün dövlət bayrağına hörmət və ehtiram, vətəndaş məhəbbəti hər bir azərbaycanlının Vətən sevgisinə, millət duyğusuna çevrilib. Ölkə Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, bu gün şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Prezident İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək deyib: “Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

“Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət bayrağı kimi qəbul olunmuşdur.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il yalnız ürəklərdə yaşamışdır. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur”, – deyə Bəxtiyar Əsgərov bildirib.

Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət bayrağımız da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının dövlət bayrağı haqqında çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir. Ulu Öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Azərbaycan Prezidentinin milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə göstərir. Dövlətimizin başçısının 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. Ölkəmizin hər yerində yaradılan bayraq meydanları, ucaldılan üçrəngli bayrağımız dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” imzalanmış digər Sərəncama əsasən, hər il noyabrın 17-si qədim diyarda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunmasını nəzərdə tutur. Bu Sərəncam bir tərəfdən Naxçıvan Muxtar Respublikasının həmişə olduğu kimi, bu gün də müstəqil dövlətçiliyimizə olan dərin sevgisinin göstəricisidirsə, digər tərəfdən, ümummilli lider Heydər Əliyevə dönməz sədaqətinin təntənəsidir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində çıxış edən Ali Məclisin sədri deyib: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır… Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmzlərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”.

Bəxtiyar Əsgərov sonda deyib: “Bu gün Azərbaycan xalqı bir aydan artıqdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. İllərdir ki, həsrətlə gözlədiyimiz gün gəlib çatdı. Prezident İlham Əliyevin əmri ilə müzəffər Milli Ordumuz uzun illərdir ki, erməni işğalında olan torpaqlarımızı addım-addım, qarış-qarış düşməndən azad edir, üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış müqəddəs, doğma torpaqlarımızda dalğalandırır. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı ordumuzun qanı və canı bahasına bayrağımızın Şuşada, Xankəndidə və işğal altında olan digər bütün torpaqlarımızda da dalğalanacağına sayılı günlər qalır. Bu şanlı, tarixi dövrü isə gələcək nəsillərə tarix kitablarımızda məhz ulu öndər Heydər Əliyev və onun layiqli davamçılarının qızıl imzaları daşıyacaq. Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcək. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Tədbirdə, həmçinin qeyd olunub ki, hər il noyabr ayının 12-də ölkəmizdə həm də Konstitusiya Günü qeyd edilir. 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifi olduğu ana qanunumuz xalqımızın yekdilliklə səsverməsi nəticəsində qəbul olunub və beləliklə, müstəqil Azərbaycanın ilk Konstitusiyası qüvvəyə minib.

Tədbir digər çıxışlarla davam etdirilib.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …