Şənbə , 27 Aprel 2024
Drone Cameras

Neft üçün kritik həftə: Dollar da bu həftədən asılıdır

Koronavirus epidemiyası ilə əlaqədar olaraq, Çinin neftə tələbi azalıb və bu da neft qiymətlərinin düşməsinə səbəb olur.

Brent markalı neftin qiyməti epidemiyaya dair narahatlıqlar ilə yanvar ayında 15% düşdükdən sonra bu ay da 12%-ə yaxın geriləyib və ötən həftə 50 dollardan da aşağı düşərək 49,67 dollara enib. Brent markalı neftin qiyməti 40 dollara düşərsə, qara qızıl istehsalçısı olan Körfəz ölkələrinin kredit reytinqi “zibil” səviyyəsinə düşə bilər. Bu barədə Beynəlxalq kredit reytinqi təşkilatı “Standart &Poor’s” (S&P) məlumat yayıb.

Azərbaycanın da iqtisadiyyatının böyük hissəsi neft sektorundan asılı olduğu üçün bu vəziyyət ona təsirsiz ötüşməyə bilər. Çünki neft gəlirlərinin azalması büdcəyə birbaşa təsir edir. Bu da böyük miqdarda və uzunmüddətli olarsa, manatın məzənnəsinə avtomatik olaraq təsir göstərir.

“Cümhuriyət”ə açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, əgər neftin qiyməti 40 dollara düşərsə və bu proses 6 ay davam edərsə, manatın məzənnəsinə təsir edəcək:

“Azərbaycanın milli valyutası neftin qiymətindən asılıdır. Bu da ölkəyə daxil olan xarici valyutanın neft və qaza görə gəlməsi ilə bağlıdır. Neftin qiymətinin düşməsi də xarici valyutanın azalmasına səbəb olur. Yəni milli pulun qarşılığında nə qədər az xarici valyuta alırıqsa, o dəqər manatın məzənnəsinə təsir artır. Bizdə dövlət büdcəsində neftin qiyməti 55 dollar qoyulsa da, reallıq göstərir ki, qiymət 50 dollara düşüb. Əsas məsələ bu prosesin hara kimi və nə qədər davam edəcəyidir. Bu gün neftin qiymətinin düşməsi koronavirusla bağlıdır və onun da nə qədər davam edəcəyi bilinmir. Hələlik məlumatlarda mütəxəsislər bu prosesin uzun müddət davam etməyəcəyini bildirir. 5 aya kimi bu proses davam edərsə, büdcə ehtiyatları hesabına qarşısını almaq olar. Lakin dövlət ehtiyat büdcədən nə qədər xərcləməyə hazırdır? Burda da son qərar dövlətindir. Bu məsələ də əsasdır. Əgər büdcə ehtiyatları tam xərclənərsə, neftin qiyməti 20 dollara düşsə və proses 2 il də davam etsə də bunun qarşısını almaq olar. Ancaq nəticə olaraq ehtiyatımız qalmaz. Ona görə də dövlət büdcədə yığılmış ehtiyatın hamısını xərcləməyə getməz. Belə olan halda, neftin qiyməti 40 dollara düşərsə və 6 aydan çox davam edərsə, bu manatın məzənnəsinə təsir edə bilər. Digər bir məsələ də bizim neft hasilatımızın azalmasıdır. 2015-ci ildə bu sahədə hasilatımız da çox idi və neftin qiyməti də baha idi. Lakin buna baxmayaraq devalvasiyaya getdik. Ona görə də neftin qiyməti 40 dollara düşsə və 6 aydan çox davam edərsə, ehtimal var ki, bizdə yenə də devalvasiya olsun”.

İqtisadçı alim Fuad İbrahimov hesab edir ki, neftin qiyməti 30 dollara qədər düşərsə və 6 aydan çox davam edərsə, o zaman büdcə xərclərinə baxıla bilər:

“Bu həftə birjalarda pozitivlik müşahidə olunub. Neftin qiyməti 2 martda birjalarda 50.16 dollara qalxıb. Martın 5-i və 6-nı gözləmək lazımdır. Çünki bu tarixlərdə OPEC və OPEK+ formatında növbəti görüşlər keçiriləcək. Burada neft hasilatının miqdarı müəyyən olunacaq. O cümlədən Rusiyanın da yeni kvotasına baxılacaq. Düşünürəm ki, hasilatın azalmasının neftin qiymətinə təsiri olacaq. Çünki sonuncu dəfə analoji proses neftin qiymətinə müsbət təsir göstərmişdi. Birjada iki yanaşma var: Fundamental institutsional səviyyədə yanaşma və spikulyasiya yanaşmaları.

Çox təəssüflər olsun ki, koronavirus xəbəri də spekulyativ yanaşmadır və gəlir əldə etmək üçün yayılır. Bu da neftin qiymətinin ucuzlaşacağı barədə təşviş yaradan fikirlər formalaşdırır. Amma neftin qiymətinin ucuzlaşacağı barədə belə asanlıqla proqnoz verilirsə, düşünürəm ki, tam tərsinə olacaq. Yəni neftin qiyməti müəyyən bir enişdən sonra yenidən 60 dollar səviyyəsinə qalxacaq. Məsələnin Azərbaycana təsiri ilə bağlı danışsaq, deyə bilərik ki, hələlik heç bir problemli vəziyyət yoxdur. Amma neftin qiyməti 30 dollar səviyyəsinə düşsə və 6 ay belə davam etsə, manatın məzənnəsinə təsir edə bilər. Hətta devalvasiya təhlükəsi yarana bilər. Nəticə olaraq isə büdcə xərclərinə yenidən baxıla bilər. Digər hallarda isə manata heç bir təhlükədən söz gedə bilməz”.   

Check Also

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 19 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan …