Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

“Rusiyanın Türkiyədə müharibə planı…” – Politoloqdan sensasion müsahibə

“Putinin planı 5-6 gündə dəyişmir, uzunmüddətli olur. Putin böyük ehtimalla Əsədi qoruyacaq. Suriyanın şimalında Rusiya, Əsəd və Türkiyə ilə yanaşı, ABŞ-ın da varlığı var. Amma Amerika heç vaxt şərtsiz Türkiyəyə kömək etməyəcək”.

Politoloq Fərhad Mehdiyev belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– Türk ordusu Bəşər Əsəd ordusuna qarşı əməliyyatları davam etdirir, Rusiya hələlik cavab vermir. Sizcə, Rusiya buna cavab olaraq, hansı addımları ata bilər. Məsələn, müttəfiqi Əsədi zərbə altında qoyan Türkiyəyə qarşı bölgədəki silahlı kürd terror qruplaşmalarından istifadə edə bilər?

– Əslində Rusiya Türkiyənin bölgədəki davranışlarını o qədər də xoş qarşılamır. Rusiya mediasında rus hərbi ekspertlərinin apardığı müzakirələrdən də bunu görmək mümkündür. Çünki Rusiyanın Suriyada Türkiyəyə müqavimət göstərə biləcək qədər hərbi gücü yoxdur. Məsələn, quru qoşunları yoxdur, amma aerokosmik qüvvələri var. Bu aerokosmik qüvvələr də Türkiyə Hərbi Hava Qüvvələrinə cavab verə biləcək sayda deyil. Rusiyanın yeganə üstünlüyü budur ki, hava hücumundan müdafiə sistemləri vasitəsilə hava məkanına nəzarət edə bilir. Suriya ordusunun arsenalında S-300-lər var, Rusiyanın özünün Xmeymim bazasına isə S-400 sistemləri dislokasiya edilib. Bundan başqa, “Buk” hava hücumundan müdafiə raketləri var, bunlar da qırıcıları vurmaq üçün effektli sistemlərdir. Bunun xaricində, Rusiyanın bölgədə elə də ciddi üstünlüyü yoxdur. Amma Türkiyə Pilotsuz Uçan Aparatlardan (PUA) istifadə edərək, Suriya ordusunun iki hava hücumundan müdafiə sistemini sıradan çıxara bilib, amma bura S-300-lər daxil deyil. Bununla belə, həmin sistemlərin də məhv edilməsi nəzərdə tutula bilər, hər halda görülsə, dərhal vurulacaq.

Rusiyanın hərbi ekspertləri buna görə də yaxşı başa düşürlər ki, Rusiyanın Türkiyəyə təsir edə biləcəyi yeganə vasitə bölgədəki kürd qüvvələrinə modern silahlar verməkdir. Hətta rusiyalı hərbi ekspertlər açıq şəkildə deyirlər ki, S-400-lərin Türkiyəyə verilməsi yanlış qərar idi, bu vəziyyətdə də Türkiyəni dayandırmaq üçün ən təsirli vasitə savaşı Türkiyə ərazilərinə keçirməkdir. Bunu da kürd qüvvələrində çiyinlərdə daşına bilən zenit-raket kompleksləri verməklə təklif edirlər. Həmin sistemlərlə helikopterləri asanlıqla vurmaq olur, qırıcılara qarşı da istifadə etmək mümkündür. Rusiyalı hərbi ekspertlər bunu artıq dilə gətirirlər. Onlar yaxşı başa düşürlər ki, Türkiyə ərazilərinə birbaşa müdaxilə edə bilməyəcəklər, çünki bu zaman NATO-nun 5-ci maddəsi dövriyyəyə girəcək. Eyni zamanda, yaxşı başa düşürlər ki, Xmeymim bazasına əlavə donanma göndərmək mümkün olmayacaq, çünki Türkiyə Aralıq dənizində yolları bağlasa, rus gəmiləri ora gedib çıxa bilməyəcək. Yəni Xmeymim çox da güclü baza deyil. Onu da başa düşürlər ki, Türkiyə bölgədəki qüvvələrinin sayını artırsa, Dəməşqə qədər gedə bilər.

– Belə bir ssenari mümkündürmü?

– Böyük ehtimalla, Türkiyə bu vəziyyətdə təkcə İdliblə kifayətlənməyəcək Hələbə qədər gedəcək. Ayın 5-də keçiriləcək görüş bu baxımdan çox ciddi bir göstərici olacaq. Hər şey Türkiyə Prezidenti Ərdoğanın fəallığından asılıdır, hara qədər gedəcəklər və harada dayanacaqlar. Məlumdur ki, Türkiyə prezidenti Avropa sərhədlərini açaraq, miqrantların hərəkətinə mane olacaq bütün əngəlləri aradan qaldırıb. Bu onu göstərir ki, Ərdoğanın fikri təkcə İdliblə məhdudlaşmır, onun istəyi daha böyük əraziləri Əsəd qüvvələrindən təmizləməkdir.

Əlbəttə, Rusiya da böyük dövlətdir, Putinin planı 5-6 gündə dəyişmir, uzunmüddətli olur. Putin böyük ehtimalla Əsədi qoruyacaq. Suriyanın şimalında Rusiya, Əsəd və Türkiyə ilə yanaşı, ABŞ-ın da varlığı var. Amma Amerika heç vaxt şərtsiz Türkiyəyə kömək etməyəcək. Amerika o halda kömək edə bilər ki, Türkiyə şimaldakı kürd qruplaşmalarına təminat versin, Türkiyə də bu təminatı heç vaxt verməyəcək. Ehtimal etmək olar ki, Türkiyə bunu bildiyi üçün miqrantlara sərhədləri açdı. Yəni Amerika dəstək verməsə də, Avropa dövlətləri bu dəstək üçün Amerikanı məcbur etsinlər.

Bununla bərabər, NATO-da qərarlar vetosuz alınmalıdır, Amerikanın da bu halda veto qoyması mümkündür. Məsələn, Almaniyanın əlində “Patriot” raketləri var. Almaniya NATO-nun qərarı olmadan bu raketləri Türkiyəyə verə bilməyəcək.

– Belə bir vəziyyətdə Türkiyə hansı addımı atmalıdır və ya ata bilər?

– Bu halda Türkiyə İsraillə razılaşmalıdır. İsrailin müasir və inkişaf etdirilmiş “Jammer” sistemləri var. Bu sistemlər uğurla sınaqdan keçirilib. Məsələn, nə S-300, nə də S-400 sistemləri əraziləri bombalayan İsrail raketlərini görə bilməyiblər. İsrail qırıcıları çox asanlıqla əraziləri bombardman edərək, geri qayıdıblar. Bunu da sonradan biliblər. Amma böyük ehtimalla İsrail bu məsələdə ABŞ-la əlbirdir. Çünki bölgədə kürd dövlətinin qurulmasında İsrailin də maraqları var. Buna görə də Türkiyəyə dəstək verə bilməzlər. Amma Fələstin məsələsi üzərindən razılığa gələ bilərlər. Ən son nəticədə Türkiyə PUA-lardan istifadə edərək, hava məkanındakı üstünlüyünü təmin edə bilər.

Bir daha qeyd edirəm ki, proseslərin inkişafı martın 5-də Putin-Ərdoğan görüşündən sonra məlum olacaq. İndi əsas məsələ budur ki, Türkiyə İdliblə məhdudlaşa bilməz. İdlib haqda razılığa gəlsələr belə, bir qədər sonra bu razılaşma pozulacaq. Məsələn, tərəflər arasında Soçi anlaşması əldə edilmişdi, amma bir müddət sonra pozuldu. Çünki Rusiyanın planı var ki, Suriyanın bütün ərazilərini Əsəd rejiminin nəzarətinə qaytarsın. Buna görə də fikrimcə, Türkiyənin istəyi təkcə İdlib məsələsi ilə məhdudlaşa bilməz. Türkiyə Azad Suriya Ordusuna dəstək verməklə Dəməşqə qədər irəliləyib Əsəd rejimini dəyişməlidir.

– Bir məsələyə diqqət çəkdiniz ki, Rusiya qarşıdurmaları Türkiyə ərazilərinə keçirə bilər, əlbəttə, söhbət açıq müdaxilədən yox, müxtəlif qruplaşmalara ehtimal olunan dəstəkdən gedir. Bəs Rusiya bu addımı ata bilərmi?

– Dünən Ağrı vilayətində Türkiyə gömrüyünə personal daşıyan bir avtobusa raketlə hücum olub, nəticədə bir nəfər həlak olub, 4 nəfər ağır, 30 nəfər yüngül yaralanıb. Belə hücumlar mütəmadi olaraq həyata keçirilir, amma bunun Rusiyanın xəbərdarlıqlarından biri olduğunu istisna etmək olmaz. Əlbəttə, “Rusiya həmin qruplaşmalara raket kompleksləri verəcək”, demirəm, sadəcə hədə-qorxu gəlir ki, “verə bilərəm”. Çünki bu halda Rusiya Türkiyə ilə körpüləri tamamilə yandıra bilər. Rusiyaya da bu sərf etmir, çünki dünyanın iki supergücü Çin və ABŞ-dır. Bu halda Rusiya kiminləsə ittifaq qurmalıdır ki, vəziyyətdən çıxa bilsin. Bu ittifaqı da Çin və Avropa ilə qura bilməyəcək. İttifaq qura biləcəyi bir güc varsa, o da Türkiyədir. Amma ruslar Yaxın Şərqdən çıxmaq, Suriyadakı hərbi bazalarını itirmək istəmir.

Bu da əvvəllər də səsləndirilən bir fikirdir ki, Ərdoğan Suriya planlarını nəzərdən keçirib Əsədlə razılaşmaya getməli idi. Bu razılaşma olsaydı, həm suriyalı qaçqınların Türkiyəyə axınının qarşısı alınacaqdı, həm də kürd məsələsini həll edə bilərdi. Bu halda müəyyən şərtlər daxilində Əsədin kürdlərə dəstəyinin qarşısını almaq mümkün ola bilərdi. Amma indi Türkiyə çox irəli gedib, Azad Suriya Ordusuna dəstək verir, bu vəziyyətdə də onları qovub meydandan çıxara bilmir. Onu deyə bilmərəm ki, bu anlaşma olsa, onları nə qədər qoruma altına almaq olacaq? Yaxud demokratik seçkilərin keçirilməsi olsun. Ümumiyyətlə, Əsəd buna gedərmi? Türkiyə buna razı ola bilər, amma Əsəd getməyəcək. Çünki bu, Əsəd üçün hakimiyyətin itirilməsi deməkdir. Yəni Əsədlə danışmağın da çətinlikləri var. Proses göründüyü qədər sadə deyil, kifayət qədər mürəkkəbdir, ortada bizim bilmədiyimiz kəşfiyyat məlumatları və digər faktorlar var. Gözləyək, görək ayın 5-də Ərdoğan və Putin nədən danışacaqlar.

– Bəs baş verən son hadisələrin fonunda Rusiyada anlaşmağa meyl varmı?

– Rusiya anlaşmağa meylli olacaq. Fikir verin, İrandan Türkiyəyə görüş təklifi gəldi. Çünki İran əmin deyil ki, Rusiya məsələni həll edəcək. İranın da Suriyada bir ağırlığı və çəkisi var. İran başa düşdü ki, bu üstünlüyünü itirə bilər. Bunu itirməmək üçün də fikirləşdi ki, Türkiyə ilə razılaşmaq daha yaxşıdır. Qeyd etdiyim kimi, İran əmin deyildi ki, Rusiya məsələni onun da istədiyi formaya gətirəcək.

Rusiyaya gəlincə, “Türk axını” layihəsindən tutmuş, ikitərəfli iqtisadi və ticarət münasibətlərinə qədər Türkiyə ilə əlaqələrini yaxşılaşdırmışdı. Buna görə də Rusiya Suriyadakı maraqları uğrunda Türkiyə ilə aradakı körpüləri tamamilə yandırıb yox etmək istəməz. Sadəcə, müəyyən təzyiqlərdən istifadə edərək, hər iki marağını qorumaq istəyər: həm Türkiyə ilə ticarət əlaqələrini, hərbi-texniki tərəfdaşlığı, həm də Suriyadakı maraqlarını. Habelə, Rusiya indiki mərhələdə Əsədin bir qədər zəifləməsini də istəyə bilər. Çünki Əsəd də bir qüvvədir və Rusiyanın hər dediyi sözlə oturub-durmur. Əlbəttə Rusiya olmasaydı, indi Əsəd yox idi, amma ölkəyə nəzarəti bərpa edən Əsəd indi özünü daha güclü hiss edir. Buna görə də müəyyən məsələlərdə Rusiya ilə razılaşmaya bilər. Dediyim budur ki, Rusiya Türkiyəni tamamilə itirməyi gözə almayacaq. Bir yolunu tapıb Türkiyə ilə razılaşmağa çalışacaq.

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …