“Nezavisimaya qazeta” Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalə dərc edib.
Boyukmillet.com məqalənin mətnini təqdim edir:
“Hər il fevralın 26-da dünyanın müxtəlif ölkələrində 1992-ci ildə Qarabağda gedən birinci müharibə zamanı Xocalı şəhərində baş vermiş faciə anılır. O vaxt erməni silahlı qüvvələri azərbaycanlıların məskunlaşdığı bu yaşayış məntəqəsinə basqın etdilər və əməliyyatın nəticəsi qaçmağa cəhd edən bir neçə yüz dinc sakinin ölümü oldu. O faciəli hadisələr haqqında çoxlu kitablar yazılıb, filmlər çəkilib, lakin bütün bunlar qanlı tarixin keçmişdə qaldığını, artıq unudulduğunu söyləməyə imkan vermir.
Birinci Qarabağ müharibəsi zamanı Xocalı şəhərinə edilən basqın zamanı baş vermiş faciə hadisədən 30 il sonra da xatırlanır. O vaxt Azərbaycan ordusunun müdafiəsi üçün strateji əhəmiyyətə malik olan şəhər bir neçə günlük artilleriya hazırlığından sonra fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən zəbt edilib. Dinc sakinlər son günə kimi Xocalıda qalmışdı, onların bəziləri təhlükəli yerləri tərk etməyə çalışsalar da, hər şey faciə ilə bitdi. Hücum başlayandan sonra şəhərdə yaşayan azərbaycanlılar oranı tərk etmək və Ağdama doğru istiqamətlənmək istəsə də, yolda dəfələrlə hücuma məruz qalıblar.
Qaçqınların bir qismi guya erməni qüvvələrinin nümayəndələrinin xüsusi olaraq açdığı “sərbəst dəhliz”lə hərəkət etsələr də, bu marşrutda qadınlar, qocalar və uşaqlar bir neçə dəfə atəşə tutulub, həmçinin əsassız hücumlara məruz qalıblar.
Müxtəlif növ silahlarla öldürülənlərlə yanaşı, onlarla mülki şəxs (əsasən qadınlar və uşaqlar) meşələrdə donvurmadan dünyasını dəyişib. Həmçinin, Azərbaycan nümayəndələrinin verdiyi məlumata görə, mindən çox vətəndaş əsir götürülüb. Ekspertlərin hesablamalarına görə, Xocalıya hücumdan sonrakı dörd gün ərzində təkcə Ağdama 200-ə yaxın cəsəd aparılıb, ümumilikdə isə Xocalı faciəsi zamanı 613 nəfər həlak olub. Ölənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca var. Bundan da çox sayda insan isə əsir götürülüb və onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Şahidlərin ifadələrindən də anlaşıldığı kimi, mülki şəxslər sonrakı mübadilə üçün məxsusi olaraq əsir götürülüb, yəni onlardan girov kimi istifadə edilib.
Baş verənlər Birinci Qarabağ müharibəsi zamanı ən böyük və ən amansız kütləvi qırğın olub. Xocalıda baş verənlər “Human Rights Watch”, “Memorial” (Rusiyada Ədliyyə Nazirliyi tərəfindən xarici agent funksiyalarını yerinə yetirən təşkilatların reyestrinə daxil edilib) kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında kifayət qədər aydın şəkildə təsvir edilib. Tomas de Vaal (“Qara bağ”) və Yuri Romanov (“Mən müharibəni çəkirəm”) səmimi və son dərəcə sarsıdıcı olan kitablarında baş verənlərdən danışıblar. Dəhşətli hadisə barədə Qarabağdakı döyüşləri izləyən müxtəlif ölkələrin KİV-ləri də məlumat verib. “Dağlıq Qarabağın qarla örtülmüş təpələrinə uçanda gördük ki, hər yerdə cəsədlər var. Aydındır ki, onlar qaçmaq istəyərkən güllələnmiş qaçqınlar idi”, – britaniyalı jurnalist Anatol Leven gördüklərini təsvir edib.
Ən dəhşətlisi odur ki, hadisə şahidləri ölənlərin bədənlərində güllə və qəlpələrin təsadüfən dəyməsi nəticəsində yaranmayan, qəsdən vurulmuş alçaldıcı izlər, yara və xəsarətlər olduğunu qeyd edirdilər. Dinc sakinlər, o cümlədən qocalar və uşaqlar hətta hərbçilərin acımasızlığı ilə də haqq qazandırılması mümkün olmayan mənasız vəhşiliyin qurbanına çevrildilər.
Xocalı sakinlərinin qətli Azərbaycanı şoka saldı – mart ayında operator Çingiz Mustafayevin ölənlərin cəsədləri ilə çəkilmiş məşhur fotoşəkilləri parlamentdə nümayiş etdirildi və respublikada şok yaratdı.
Bu il Xocalı faciəsinin 30-cu ildönümüdür. Faciədən ibrət götürülübsə, günahkarlar cəzalandırılıbsa, zərərçəkənlər itkilərlə barışıbsa, faciənin yaşanıb bitdiyini söyləyirlər. Ancaq göründüyü qədərilə 1992-ci ildə Xocalıda baş verənlər hələ də yaşanıb bitməyib, bir çox ölkələrdə bu faciə xatırlansa da, qurbanlar yad edilsə də. Məsələn, Xocalı hadisələri ABŞ-ın iyirmiyə yaxın ştatında və bir neçə ölkədə, o cümlədən Pakistan və İsraildə qətliam kimi tanınıb, Meksika, Türkiyə, Kolumbiya, Qvatemalada isə baş verənləri daha sərt qiymətləndiriblər. Türkiyədə və Almaniyada Xocalı faciəsinin xatirəsinə abidələr ucaldılıb. Amma həlak olanların qohumları və yaxınları günahkarların məsuliyyətə cəlb edilmədiyini, təşkilatçıların və bunu həyata keçirənlərin törətdikləri əməllərin cinayət olduğunu dərk etmədiklərini, əməllərinə görə peşman olmadıqlarını, dinc əhalinin məhv edilməsi faktının “susdurulduğunu” xatırlayaraq hələ də itkilərlə barışmaq istəmirlər. Azərbaycan Qarabağı öz nəzarətinə qaytara bildi və bu gün ölkə nümayəndələri deyirlər ki, onlar qonşuları ilə dinc həyata hazırdırlar. Lakin cinayət faktını etiraf etmədən sülhə gedən yol çox uzun olacaq, faciəni unutmaq isə onun yenidən baş verə biləcəyi ehtimalına görə təhlükəlidir”.