Cümə , 29 Mart 2024
Drone Cameras

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konsert keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri şəhər əhalisinə və şəhərin qonaqlarına konsert təqdim olunub.

Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA-nın Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, mədəniyyət işçiləri, şəhər ziyalıları, digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

Konsertin diktoru, Filarmoniyanın aparıcı artisti Mirqasım Əliyev səhnəyə gələrək Azərbaycan ərazi bütövlüyü, suverenliyi uğrunda, eləcə də II Qarabağ müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini elan edib.

Sonra Əməkdar artist, Filarmoniyanın direktor əvəzi Elçin Elçiyevin bədii rəhbəri olduğu Xalq Çalğı Alətləri Orkestri maraqlı konsert proqramını təqdim edib.

Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasında rəqslə başlayıb.

Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova musiqisi Üzeyir Hacıbəylinin, sözləri Nizami Gəncəviyə məxsus olan “Sevgili canan” romansını, Əməkdar artist Kəmalə Tağızadə bəstəkar Oqtay Rəcəbovun “Anam Azərbaycan” mahnısını, Milli Konservatoriyasının tələbəsi Günel Hacıyeva Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülcöhrənin ariyasını, Asəf Zeynallının “Ölkəm” romansını, Xalq artisti Sevinc İbrahimova Fikrət Əmirovun Nizami Gəncəvinin sözlərinə yazdığı “Gülüm” romansını, solist Rüstəm Cəfərov Niyazinin “Vətən nəğməsini”, solist Xəyal Əliyev Əlibaba Məmmədovun “Xudayar təsnifi”ni təqdim ediblər.

Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, bəstəkar Svetlana Zelmixan qızının Nizami Gəncəvinin “Görünür” qəzəlinə yazdığı mahnını “Gəncəm” triosu, Telman Hacıyevin bəstəsi olan “Gəncəm” mahnısını Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova təqdim ediblər.

Konsertdə Filarmoniyanın baletmeysteri Sənan Cavadovun rəhbəri olduğu “Xəmsə” uşaq rəqs ansamblı “İgidlər” və “Naz eləmə” rəqslərini təqdim edib.

Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov səhnə gələrək Xalq Çalğı Alətləri Orkestrinin kollektivinə, ifaçılara, konsertin təşkilatçılarına öz səmimi minnətdarlığını bildirib.

Konsert karantin rejimi qaydalarına uyğun təşkil edilib.

Check Also

Afaq Bəşirqızı “Bəxt üzüyü”ndə rejissora hansı şərti qoymuşdu?

Xalq artisti Afaq Bəşirqızı “Bəxt üzüyü” filmi ilə bağlı maraqlı fakt açıqlayıb. Boyukmillet.com olay-a istinadla …