“Türkiyənin TRT 1 telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün danışıqlar aparılır, bu məsələ həllini tapacaq”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, Azərbaycan telekanalları üçün mövcud olan şərtlər TRT 1 üçün də tətbiq edilə bilər: “Sadəcə TRT 1-in rəqəmli formatda yayımı üçün Teleradio İstehsalat Birliyi ilə müqavilə imzalanmalı, şərtlər yerinə yetirilməlidir. Teleradio İstehsalat Birliyi bu haqda TİKA-ya əvvəlcədən məlumat vermişdi. Əgər müqavilə bağlanmasa, onların razılığı olmadan biz onların yayımını necə həyata keçirə bilərik?!”
Qeyd edək, TRT 1 telekanalının rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə noyabrın 1-dən Bakı və Abşeron yarımadasında yayımı dayandırılıb.
Xatırladaq ki, TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb, Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixindən isə bütün ölkə üzrə analoq TV yayımı dayandırılacaq.