Bazar , 22 Dekabr 2024
Drone Cameras

“Oğru türmədə oturmalıdır”- “Qanuni oğru”larla savaşan nazir

“Şakro Molodoy”un həbs edilməsindən sonra Rusiya kriminalında bir xaos hökm sürməkdədir

Ötən il iyulun 11-də hüquq-mühafizə orqanlarının Moskvada həbs etdiyi Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri, “Ded Xasan”ın varisi sayılan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun apelyasiya şikayəti rədd edilib. Rusiya KİV-lərinin məlumatına görə, martın 29-da Moskva Şəhər Məhkəməsi Tver Məhkəməsinin “qanuni oğru”nun həbsdə saxlanılması barədə qərarını qüvvədə saxlayıb.

Şakro” ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı həbs edilib. Hadisə “Elements” restoranının sahibəsi Janna Kimlə azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə “Elements” restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Misikova isə öz növbəsində çoxdan tanıdığı “Şakro”ya müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib. Janna Kimin restoranına “qanuni oğru”nun silahlı adamları gələrək qarşı tərəflə “razborka”ya çıxıb. Keçmiş OMON-çulardan ibarət restoranın mühafizə xidməti işə qarışdıqda baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hadisəyə görə tutulan “İtaliyalı” ləqəbli avtoritet Andrey Koçuykov da həbs edilib. O, hələ “Şakro” həbsdə olanda onun ən yaxın adamı kimi tanınırdı. Məlum idi ki, iki il əvvəl azadlığa buraxılan “Şakro Molodoy” Rusiyaya şərtlə qayıtmışdı. Çünki 2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstan hökuməti İspaniya Ədliyyə Nazirliyinə “Şakro” nun ekstradisiyası üçün sorğu vermişdi. Ona erməni biznesmenin oğurlanması və öldürülməsi işi üzrə 18 il qiyabi hökm çıxarılıb. Rusiya isə həbs müddəti bitən kimi onu öz vətəndaşı kimi himayə etdi və Gürcüstana təhvil vermədi. Amma “Şakro” bu şərtləri pozdu və bu səbəbdən də indi onu uzun müddətli həbs gözləyir.

“Şakro”nun həbs edilməsindən sonra Rusiya kriminalında bir xaos hökm sürməkdədir. Xüsusilə ötən ilin avqustunda Türkiyədə azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qətlindən sonra Rusiya kriminal aləmində yaranmış boşluq davam edir. “Şakro”nun adamları vəziyyətə nəzarət etmək üçün cəhdlər etsə də, tezliklə aydın oldu ki, vəziyyəti dəyişmək mümkün olmayacaq. Bu səbəbdən də “Şakro”nun ən yaxın tərəfdarları Rusiyanı tərk etdilər. Onların arasında David Ozmanov (“Dato Krasnodarski”), Nodari Asoyan (“Nodar Rustavski”) və Şalva Ozmanov (“Kuso”) var idi. Həmçinin “Şakro”ya yaxın qanqsterlər qrupu və ona maliyyə xidmətləri göstərən bir sıra şəxslər Rusiyanı tərk etmək məcburiyyətində qalıblar. “Şakro”nun yaxın adamlarından olan slavyan qruplaşmaların lideri Yuri Piçuqin(“Piçuqa”) bu ilin fevralında həbs olunduqdan sonra “Şakro”nun “yezidi kürd mafiyası”nın daha bir neçə üzvüuzunmüddətli həbsə məhkum edildilər.

Rusiya kriminalında indi heç kim bir neçə il əvvəl olduğu kimi lider olmaq ambisiyalarını göstərmir. Rusiya KİV-ləri son aylar Azərbaycanda həbsdə olan Nadir Səlifov (“Lotu Quli”) haqda daha çox yazır. Cəzası 2021-ci ildə bitəcək “Lotu Quli”nin azərbaycanlı “qanuni oğru”lar arasında qeyd-şərtsiz lider olduğu aydındır.

Rusiyanın “oğru taxtına” iddiaçılar arasında Vladimir Tyurin (“Tyurik”) də var. Vladimir Tyurin 1958-ci il, noyabrın 25-də Başqırdıstan Muxtar Respublikasının Tirlyanski qəsəbəsində anadan olub. Orta məktəbi qızıl medalla qurtaran Tyurin əvvəl peşəkar musiqi təhsili alıb, sonralar isə Sankt-Peterburq Politexnik Universitetini bitirib. Həbsxanaya yolu 1974-cü ildə qarət ittihamı ilə başlayıb. Bir neçə il İrkutsk həbsxanalarında cəza çəkib. Tyurin Rusiyanın bir çox tanınmış siyasi xadimləri, biznes dairələri, eləcə də elm və incəsənət nümayəndələri ilə ciddi əlaqələrə malikdir. O, bugünlərdə Kiyevdə qətlə yetirilən Dumanın sabiq deputatı Denis Voronenkovun arvadı Mariya Maksakova ilə də vətəndaş nikahında olub. Onun Moskva ilə yanaşı Avropanın bir sıra ölkələrində daşınmaz əmlakı var. Amma o da kriminal aləmin “xaç atası” olmağa həvəsli görünmür.

Məlumata görə, Rusiyada “qanuni oğru”lara qarşı müharibənin əsas qəhrəmanı daxili işlər naziri Vladimir Kolokoltsevdir. DİN rəhbəri “Görüş yerinin dəyişmək olmaz” filminin qəhrəmanı Qleb Jeqlov kimi “oğru türmədə oturmalıdır” ideyasını həyata keçirir. Bir neçə il əvvəl Rusiya vətəndaşını öldürən Orxan Zeynalovu qolları bağlı şəkildə kabinetinə gətirdən Kolokotsevin kriminal aləmə amansız mövqeyi ilə tanınır. V. Kolokoltsev 2012-ci ildən Rusiyanın daxili işlər naziri vəzifəsində çalışır.

 

musavat.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir