Cümə , 24 Sentyabr 2021
Home » Dünya » Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etmək istəyir – böyük skandal

Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etmək istəyir – böyük skandal

Rusiyanın məkrli erməni diasporu və anti-Azərbaycan dairələri birləşərək Rusiyada yaşayan azərbaycanlıların təşkilatlarını qadağan etmək üçün fəaliyyətə keçiblər; tanınmış iş adamlarının da təmsil olunduğu qurumun fəaliyyəti kimlərin rahatlığını pozub?

Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etmək və fəaliyyətini dayandırmaq niyyətindədir. Bu sensasion bilgi “Yeni Müsavat”a Moskvadakı mənbələrdən daxil olub. Məlumatda bildirilir ki, Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatı məsələsinə aprelin 11-də baxacağı və müvafiq qərar çıxaracağı gözlənilir.

ÜAK mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub ki, konfransda Rusiya prezidenti Vladimir Putin da iştirak edib. Bundan başqa, Azərbaycan və Rusiya prezidentləri ÜAK-ın bütün qurultaylarına təbrik məktubları göndəriblər, qurumun fəaliyyətini yüksək qiymətləndiriblər. 
Yeri gəlmişkən, ötən ilin dekabrında Moskvada ÜAK-ın IV Qurultayında təşkilatın rəhbər orqanlarına yeni seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti olub.

Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib. Qurumun vitse-prezidentləri sırasında da kifayət qədər tanınmış şəxslər yer alıb. Məsələn, Mixail Qusman, dünyada tanınmış iş adamları Qod Nisanov, İsgəndər Xəlilov və dünya şöhrətli rəssam Tahir Salahovun adını çəkmək kifayətdir. Qeyd edək ki, son qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, cümlədən və Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi də iştirak edib.

“ÜAK Azərbaycan diasporunun tanınmış və nüfuzlu təşkilatıdır. Siz mədəni-maarifçilik fəaliyyəti ilə məşğulsunuz, sosial adaptasiya proqramlarının həyata keçirilməsinə yardım göstərirsiniz və digər başqa istiqamətlərdə çalışırsınız. Biz Azərbaycan diasporunun Rusiya cəmiyyətinin bütün sahələrinə töhfələrini yüksək qiymətləndiririk”. Rusiya prezidenti Vladimir Putinin ÜAK-ın fəaliyyəti haqqında vaxtilə dediyi bu fikirlər rəsmi Moskvanın indi sərgilədiyi mövqe ilə daban-dabana ziddir.

Məlumatda bildirilir ki, ÜAK-ın qeydiyyatının ləğv edilməsinin arxasında Rusiyanın Federal Təhlükəsizlik Xidməti dayanır. Dövlətin təhlükəsizliyi ilə məşğul olmalı qurumun rus cəmiyyətində və elitasında yaxşı tanınan şəxslərin də təmsil olunduğu diaspor təşkilatında “təhlükə” axtarması əlbəttə də ki, gülməli görünür. Çünki ÜAK Rusiyanın azərbaycanlı diasporunu birləşdirən kütləvi ictimai təşkilatdır. Qurumun başlıca vəzifələri Rusiyada yaşayan azərbaycanlıların vətəndaş hüquqlarının təmin olunması, milli-mədəni, sosial və digər ehtiyaclarının ödənilməsinə dəstək göstərməkdir. Heç bir siyasi iddiası olmayan, Rusiya ilə dostluq körpüsünü möhkəmlədən bir təşkilatın niyə “təhqiqat obyekti” olması həm də haqlı suallar doğurur.

Qeyd etmək lazımdır ki, Azərbaycanı Rusiya ilə təkcə dostluq və iki yüz illik tarix bağlamır, ölkəmiz şimal qonşumuzla strateji tərəfdaşdır. Diplomatik anlamda ittifaqdan sonra strateji tərəfdaşlıq dövlətlər arasında ən yüksək səviyyəli əməkdaşlıq hesab olunur. Buraya təkcə Rusiya ilə imzalanmış milyardlıq silah müqavilələrini də əlavə etsək, Kremlin belə bir addıma gedə bilməsi artıq sual yox, təəccüb doğurur.

Məlumata görə, Rusiyada azərbaycanlıların mütəşəkkil və güclü təşkilatının fəaliyyət göstərməsi ilk növbədə bu ölkədəki erməni diasporunun maraqlarına cavab vermir. Artıq uzun illərdir ki, Rusiyadakı erməni lobbisi və onun təsiri altında olan müəyyən dairələr (əgər FTX də bu sıradadırsa, söz tapmaq çətindir – “Yeni Müsavat”) ÜAK-ın fəaliyyətinin dayandırılması ilə bağlı müxtəlif təklif və təşəbbüslər irəli sürürlər. Görünür, ÜAK-ın ardıcıl və məqsədyönlü fəaliyyəti, xüsusilə sonuncu qurultaydan sonra təşkilatın fəaliyyətinin əsaslı şəkildə güclənməsi bu dairələri ciddi narahat etməyə başlayıb. Belə görünür ki, həm Rusiyanın məkrli erməni diasporu, həm də bu ölkənin anti-Azərbaycan dairələri birləşərək Rusiyada yaşayan azərbaycanlıların təşkilatlarını qadağan etmək üçün fəaliyyətə keçiblər. Onu da nəzərə alaq ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri indi hamıdan çox erməniləri narahat edir ki, Ermənistan rəhbərliyi tez-tez bunu açıq şəkildə büruzə verir, hətta Kreml rəhbərliyinə irad kimi deməyə belə cəsarət edirlər… Görünür, ÜAK-ın fəaliyyətini qadağan etməyə çalışan qüvvələrin əsas hədəfi də iki ölkə arasında münasibətləri pozmağa yönəlib. Bu isə aydındır ki, ancaq Rusiyadakı erməni diasporunun və Ermənistanın maraqlarına uyğun ola bilər.

Sual olunur: Rusiyada yaşayan bütün xalqların və milli azlıqların, o cümlədən ermənilərin bir yox, bir neçə təşkilatı heç bir maneə və problem olmadan fəaliyyət göstərdikləri halda, azərbaycanlıların birləşdiyi ÜAK niyə və hansı əsaslarla “qanundankənar” elan olunsun?

Azərbaycan hökumətinin bu məsələyə reaksiyası da maraq doğurur. Rəsmi olaraq hələ ki, Rusiya Ədliyyə Nazirliyinin vermək istədiyi qərara reaksiya yoxdur. Amma Rusiya rəsmilərindən indilikdə soruşmaq olar: Bəs Azərbaycanın Rus İcmasının fəaliyyəti, Rusiyanın Mədəniyyət Mərkəzi və digər bu kimi təşkilatların fəaliyyəti dayandırılsa necə?

Fikirləşmək və ağıllı qərar vermək üçün hələ vaxt var…

Check Also

Türkiyə və Finlandiyanın XİN rəhbərləri Əfqanıstanı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 76-cı sessiyasında çərçivəsində Finlandiyanın xarici işlər …