Bazar , 19 May 2024
Drone Cameras

Ölkə təkpartiyalı sistemə sürüklənir, yoxsa…

Qəribə paradoks yaranıb. Ölkənin üzdə olan siyasi partiyaları belə, qeydiyyatdan keçmək üçün lazım olan 5000 min üzvün adını Reysterə təqdim etməkdə bu şəkildə gücənirsə, buradan ciddi nəticələr çıxarmaq lazımdır.

Uzun illərdi ki, siyasi prosesləri yaxından izləyən adam kimi əminliklə deyə bilərəm ki, bu məsələdə hakimiyyətə tam şəffaf davranır. Yəni, inanıram ki, bir çox partiyaların təqdim etdiyi siyahılar tam dəqiqliyi ilə araşdırılır.

Keçmişdə güclü sosial bazası olan klassik partiyalar köhnə üzvlük siyahılarına arxayın olaraq, elə bilirlər ki, ötən əsrin 90-cı illərinin sonunda, yeni əsrin başlanğıc illərində onların sıralarına qoşulan üzvlər bu gün də həmin partiyaları dəstəkləyir. Bunu necə iddia etmək olar?

Əgər bu qədər üzücü siyasi mübarizədə əksər partiyaların üzdə olan tanınmış funksionerləri belə iqtidarla əməkdaşlığın bir neçənci dövrəsini vururlarsa, heç kimin tanımadığı, uçqar kəndəki bir sıravi üzv niyə Ədliyyə Nazirliyindən edilən zəngə “bəli, mən hələ də filan partiyanın üzvüyəm” deməlidir?..

Bir sözlə, mən siyasi partiyaların 5000 problemsiz üzvün adını təqdim edə bilməməsinə tam səmimiyyəti ilə inanıram və bunu hakimiyyətin təzyiqi kimi dəyərləndirmirəm. Niyəsini izah edim…

Ölkədə siyasi sistem bu şəkildə çökməsində uzun illər iqtidarın ideoloji siyasətinə cavabdeh olan şəxslərin də təqsiri böyükdür. Çünki onlar İlham Əliyevə ən böyük xidməti ölkədə ideologiyasızlaşmanın yaradılmasında görüblər. Rəqib siyasi partiyaları bu şəkildə diz çökdürməyi özlərinin və təmsil olunduqları iqtidarın ən böyük triumfu sayıblar.

İndi görün, ortada hansı nəticə hasil olub? 700 minlik şəffaf üzvlük siyahısı ilə liderlik edən YAP-dan başqa, heç bir partiya 5000 adamı ətrafına toplaya bilmirsə, onda belə çıxır ki, ölkədə təkpartiyalı sistem mövcuddur? Yox, bu təqdimatla hakimiyyətin ağıllı ideoloqları belə razılaşmaz.

Çünki Azərbaycan belə siyasətin yürüdülməsində maraqlı olsaydı, elə rəsmi şəkildə digər partiyaların fəaliyyətinə qadağa qoyardı. Biz də olardıq : Kuba və ya Şimali Koreya. Bu addım atılmayıbsa, deməli, dövlət çoxpartiyalı sistem mövcud olmasında sona qədər maraqlıdır. Belə olan təqdirdə, hakimiyyət klassik partiyaların yenidən qeydiyyatına şərait yaratmağa məcbur qalacaq.

İqtidarın növbəti güzəşti hesabına mümkün olacaq bu gediş vəziyyətdən çıxış yolu sayıla bilməz. Dövlətin təməlinin daha da möhkəm olması üçün çoxpartiyalı sistemin mövcudluğu, sağlam siyasi mübarizənin mümkünlüyünü şərtləndirən bütün zəruri addımlar atılmalıdır.

Bunun da ən başlıca yolu proporsional seçki sisteminin bərpası və iqtidarın müxalifətin bütün spektrləri ilə sağlam əməkdaşlığından keçir. Elə etmək lazımdır ki, gənclər siyasi mübarizəyə maraq göstərməkdən, siyasi partiyalara üzv yazılmaqdan qorxmasınlar.

Ali təhsil alan savadlı bir gənc düşünməsin ki, hansısa siyasi partiyaya üzv olsa, o, öz gələcək karyerasının üstündən xətt çəkmiş olacaq. Əksinə, düşünməlidir ki, hakimiyyətə oponentlik edən siyasi partiyalara üzv olmaq onun üçün: tanınmağa, potensialını reallaşdırmağa, deputat olmağa, hətta dövlət idarəetməçiliyində təmsilçiliyə yol açacaq.

Bu marağı yarada bilməsək, 5 ildən sonra biz ümumiyyətlə siyasi proseslərdən tam uzaq olan bir toplumla üz-üzə qalmış olacayıq. Bunun da ziyanını Dövlətimiz görəcək!

Məhəmmədəli Qəribli

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …