Süleyman İsmayılbəyli: “Türk dünyası media platforması istiqamətində mühüm addımdır”
Türk dünyası siyasi mənada birlik və bərabərlikdən iqtisadi, ticari, humanitar və digər sahələrdə birgə əməkdaşlığa uğurla, əzmlə addımlayır. Bu əməkdaşlıq sırasında media sahəsində əlaqələr və onu daha da inkişaf etdirmək başlıca prioritetlərdən sayılır. Qardaş Türkiyə ilə media platforması çərçivəsində qeyd edilən sahədə qurulan yüksək səviyyəli əməkdaşlıq və əlaqələr artıq digər türk dövlətlərinə də sirayət edir. Hər halda bu günlərdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində iki ölkə arasında imzalanmış sənədlər arasında media sahəsində əməkdaşlıq memorandumunun yer alması belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, biznes forum çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı-direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev arasında Anlaşma Memorandumu imzalanıb. Bəs görəsən sözügedən Anlaşma Memorandumu Azərbaycan üçün nə verəcək?
“Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli hesab edir ki, bu günlərdə Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində iki ölkənin müvafiq qurumları arasında imzalanmış sənədlər arasında media sahəsində əməkdaşlığın da özünü ehtiva etməsi ölkə jurnalistlərinin daha bir beynəlxalq təcrübədən yararlanmasına imkan yaradacaq. İctimai Birlik sədrinin sözlərinə görə, bu həm də türk dünyası media platformasının reallaşdırılması istiqamətində atılan ilkin, eyni zamanda mühüm addımlardan sayıla bilər: “Bu gün Azərbaycan-Türkiyə media platforması çərçivəsində iki qardaş ölkənin kütləvi informasiya vasitələri arasında çox sıx əlaqələr mövcuddur. Həyata keçirilən qarşılıqlı səfərlər, təşkil edilən seminarlar, müxtəlif səviyyəli tədbirlər Azərbaycan və Türkiyənin media təmsilçilərinin bir-birilərinin təcrübələrindən yararlanmağa imkan yaradır. Artıq bu prosesi digər türk respublikaları ilə də həyata keçirmək, eyni xətlə əməkdaşlıq qurmaq günün tələbinə çevrilib. Hesab edirəm ki, Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı-direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev arasında imzalanmış Anlaşma Memorandumu bu baxımdan mühüm əhəmiyyət kəsb edəcək”.
“Məlumdur ki, son illərdə Azərbaycan mediasının dünya mediası ilə ayaqlaşması, beynəlxalq təcrübəni öyrənməsi vacib amillərdən birinə çevrilib. Bu baxımdan dost-qardaş ölkələrlə bu sahədə əməkdaşlıq olduqca vacibdir” deyən Süleyman İsmayılbəyli hesab edir ki, bu kimi sənədlər, əldə edilən təcrübə jurnalist peşəkarlığının artırılmasında da öz müsbət nəticələrini göstərəcək: “Son illərə qədər Azərbaycan mediası yalnız Türkiyə və qismən də Rusiya mediasının təcrübəsi ilə tanış olub ki, bu da bizim üçün kifayət etmir. Düşünürəm ki, MEDİA-nın İnkişafı Agentliyinin bu istiqamətdə başladığı fəaliyyət ümumən Azərbaycan mediasının inkişafına öz töhfəsini verəcək”.
İctimai Birlik sədri sonda onu da qeyd edib ki, Özbəkistanla media sahəsində imzalanmış memorandum Azərbaycan həqiqətləri, ölkə olaraq zaman-zaman üzləşdiyimiz problemlərin özbək mediası vasitəsilə ümumən Orta Asiya regionuna çatdırılması baxımından əhəmiyyətli olacaq: “Sirr deyil ki, Orta Asiya respublikaları ilə əksər sahələrdə normal əməkdaşlıq mühiti olsa və bu əlaqələr gündən-genə inkişaf etsə də, lakin media sahəsində bu coğrafiya ilə əlaqələrimiz istənilən səviyyədə deyil. Orta Asiyanın böyük bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, o zaman imzalanmış Memorandumun nə dərəcədə əhəmiyyətli olduğunu görə və MEDİA-nın İnkişafı Agentliyinin beynəlxalq əməkdaşlıq istiqamətində mühüm bir addım atdığını deyə bilərik. Agentliyin bundan sonra da qeyd edilən istiqamətdə sistemli və nəticəyə hesablanmış addımlar atacağına şübhə yoxdur. Çünki İkinci Qarabağ müharibəsi və eləcə də ondan sonra qlobal mənada cərəyan edən proseslərdən bir daha əmin olduq ki. informasiya mübarizəsində erməni təbliğat maşınından geridəyik. Baxmayaraq ki, erməni təbliğat maşını şər-böhtanla məşğuldur, ancaq beynəlxalq aləmdə ona inananlar az deyil. Ona görə də informasiya sahəsində hələ çox ciddi işlərin görülməsinə ehtiyac var və düşünürəm ki, imzalanmış son memorandum da bu istiqamətdə atılan ilkin addımlardandır. Bu proses davamlı xarakter daşıyacaq”.
Füzuli