Məlum məsələdir ki, “Covid 19” dünyanın bütün ölkələrində bu və ya digər şəkildə sosial-iqtisadi böhrana səbəb olub. Lakin Ermənistan koronavirusun sosial-iqtisadi böhranla yanaşı, həm də dərin siyasi böhrana səbəb olduğu tək ölkədir. Hazırda işğalçı ölkədə iqtisadi böhranla siyasi böhran paralel surətdə dərinləşir.
Pandemiya Paşinyanı və Ermənistan hökumətini həqiqətən də çox pis məqamda yaxalayıb. Hökumətin fəaliyyəti tamamilə iflic vəziyyətinə düşüb. Lakin baş nazirin nə özü, nə də komandası böhrandan çıxış yolu tapa bilmir. İqtisadiyyatın tamamilə çökdüyü, hökumət strukturlarının isə öz funksiyasını yerinə yetirə bilmədikləri belə bir kritik məqamda Paşinyan çıxış yolunu müxalifətə qarşı repressiyaları gücləndirməkdə görür. Başqa sözlə desək, Paşinyan müxalifətə qarşı “müharibə” elan edib. Bu isə heç şübhəsiz ki, Ermənistanda yeni siyasi böhranın dərinləşməsinə doğru aparır.
Hazırda həm əhali tərəfindən, həm də müxalifət tərəfindən hökumətə qarşı təzyiqlər durmadan artır. Bu saat Paşinyan iqtidarı tamamilə küncə sıxışmış vəziyyətdədir. Bunun da əsas səbəbkarı ilk növbədə Paşinyanın özüdür, daha doğrusu, onun səriştəsizliyidir. Bu “meydan qəhrəmanı” nə siyasi rəqibləri ilə düzgün münasibətlər sistemi formalaşdıra bilmir, nədəki pandemiyanın fonunda ölkəni ağuşuna alan sosial-iqtisadi problemlərin effektiv həll yolunu tapa bilmir. Bu isə artıq Paşinyanın istefasını gündəmə gətirir. “Çiçəklənən Ermənistan Partiyası”nın sədri, milyonçu Qaqik Sarukyanın son günlər daha da fəallaşması və onun birbaşa Paşinyanın istefa etməsi də zərurətdən doğur. Sarukyanın birdən-birə fəallaşması və Paşinyana qarşı sərt mövqe tutması pandemiyanın çökdürdüyü Ermənistanda sanki odun üstünə benzin tökülməsinə bənzədi. Paşinyan heç şübhəsiz ki, belə bir “sürpriz”i gözləmirdi. Sarukyanın deputat toxunulmazlığının ləğv edilməsi, onun ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa çağırılması, “Sarukyan” fraksiyasının tərəfdarlarının etiraz aksiyalarının qarşısının kobud surətdə alınması – bütün bunlar hamısı Paşinyanın Sarukyana və müxalifətə qarşı atdığı preventiv addımlardır. Sarukyanın yaxın günlərdə həbs ediləcəyi heç də istisna olunmur.
Müxalifət liderinin bu cür təzyiqlərə məruz qalması, siyasi fəalların təqib olunması, dinc etiraz aksiyalarının zorakılıqla dağıdılması əsl diktatura əlamətləridir. Paşinyan öz ölkəsində sözün əsl mənasında inqilabi diktatura qurmaqdadır. Bolşeviksayağı diktatura. Artıq sıravi ermənilər də onu bir diktator kimi dəyərləndirməkdədirlər. Erməni xalqı bu dırnaqarası “demokrat”ı böyük bir təntənə ilə, “bəh-bəh”lə hakimiyyətə gətirməkdə necə böyük bir səhvə yol verdiyini artıq çox yaxşı anlayır. Odur ki, pandemiyanın və iqtisadi böhranın məngənəsində vunuxan sıravi vətəndaşlar get-gedə Paşinyandan dəstəyini geri çəkirlər. İctimai dəstəyini itirməkdə olan Paşinyan sürətlə iflasa uğrayır.
Lakin burada ən müəmmalı məqam isə ondadır ki, bugünləri Ermənistanda baş verən bütün bu siyasi çaxnaşmalara və Paşinyanın öz siyasi opponentlərinə qarşı repressiv davranışlarına Qərbin demokratiya institutları heç bir reaksiya göstərmir, siyasi qiymət vermir, rəsmi İrəvandan müxalifətə qarşı təzyiq və təqibləri dayandırmağı tələb etmirlər. İstər ABŞ Dövlət Departamenti, istər ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, istərsə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri və beynəlxalq QHT-lər bugünləri İrəvanda baş verən hadisələrə münasibət bildirməkdən sirli şəkildə yayınırlar. Səbəb də odur ki, Qərb siyasi institutları və diplomatik “demokratik lider” obrazına bürünmüş Paşinyanı öz əlaltıları kimi dəstəkləməkdə maraqlıdırlar. Məhz bu səbəbdən, onlar Paşinyanın diktator davranışlarına göz yumurlar. Ancaq analoji hadisələr Azərbaycanda baş versəydi bütün Qərb təsisatları ölkəmizə qarşı dərhal böyük bir təzyiq kampaniyasına start verər, Qərbin möhtəkir KİV-ləri isə Azərbaycanla bağlı bütün xəbərləri yalnız neqativ planda təqdim etməyə çalışardılar. Çünki Qərbin siyasi təsisatları da, KİV-ləri də Ermənistana münasibətdə bir cürə, Azərbaycana münasibətdə isə tamamilə başqa cürə davranmağa bir növ vərdiş ediblər. Siyasi leksikonda isə bunun adına “ikili standart”lar deyilir. Bu cür “ikili standart”lar siyasəti isə heç şübhəsiz ki, Qərbin təbliğ etdiyi dəyərlərin ayaqlar altına atılmasına, dəyərsizləşməsinə səbəb olur.
Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri