Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Paşinyanı bu razılaşmaya Prezident Əliyevin açıq bəyanatları məcbur etdi, ancaq o yenə oynayır…” – Aydın Quliyev

Ermənistan hökumətinin iclasında Paşinyanın Prezident İlham Əliyevlə Qarabağa dair və regional məsələlərlə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bəyan etməsi növbəti qara və pozucu niyyətli oyundan başqa bir şey deyil.

Bu barədə “Bakı-Xəbər” media qrupunun rəhbəri, poltoloq Aydın Quliyev rəsmi Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Bəzi sosial şəbəkə fəalları artıq indidən Paşinyanın bəyanatından bir qədər sevincərək olsalar da, məsələnin mahiyyəti başqadır. Paşinyan bu bəyanatla özünün guya konstruktiv və danışıqlara meylli imicini qabartmağa çalışır. Bəs Paşinyanın bəyanatının əsil mahiyyəti nədir?

Əvvəla, Azərbaycan prezidenti münaqişəni bitmiş və statusun olmayacağını birmənalı bəyan etdiyi halda, Paşinyanın İlham Əliyevlə nəyi müzakirə etməyi hədəfləməsi sual doğurur. Əslində Qarabağ mövzusu üzrə İlham Əliyevin Paşinyanla ikitərəfli formatda müzakirə edəcəyi bir şey qalmayıb.

İkinci, Paşinyan bu bəyanatla bir daha hamıya göstərmək istəyir ki, guya Dağlıq Qarabağ münaqişəsi hələ bitməyib və status üzrə danışıqlara da ehtiyac var.

Üçüncü, Paşinyanın Qərb müttəfiqləri, hətta həmsədrlər və ATƏT rəhbərləri bir neçə dəfə tərəfləri dialoqu bərpa etməyə çağırıblar. Paşinyan hazırkı bəyanatı ilə Qərbdən gələn bu mövqelərə şərik olduğunu nümayiş etdirir.

Bir sözlə, Paşinyanla Prezident Əliyevin Qarabağa dair ikitərəfli dialoq apara biləcəyi mövzu yoxdur.

Paşinyanın bəyanatında yeganə pozitiv məqam regional kommunikasiyaların bərpası üçün üçtərəfli komissiyanın işinin bərpa edilməsinə razı olduğu ilə bağlıdır. Əslində onu buna Azərbaycan Prezidentinin açıq çıxışları məcbur etdi. Belə ki, Prezident Əliyev xeyli əvvəllər bildirmişdi ki, üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan komissiyasının işi iyunun əvvəlindən məhz ermənilər tərəfindən bloklandığı üçün üçtərəfli komissiya öz işini ikitərəfli Rusiya-Azərbaycan, Rusiya-Ermənistan formatlarında aparmaq zorunda qalıb.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …