“Ölkə Prezidenti İlham Əliyevin Soçi şəhərinə işgüzar səfəri, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dövlət başçısı İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşləri bir çox məqamlara aydınlıq gətirdi, ən əsası Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Rusiyanın roluna işıq saldı”.
Boyukmillet.com xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, politoloq Vüqar Rəhimzadə deyib.
“Prezident İlham Əliyev Rusiyanın səylərini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan savaşdan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 2020-ci il 10 noyabr Bəyanatında əksini tapmış digər məsələlər artıq icra olunub. Ölkəmiz dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa öyrənmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. Ölkə Prezidenti İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirmişdir ki, Ermənistanla Azərbaycan arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən bir ili bütövlükdə müsbət səciyyələndirə bilərik”, – o vurğulayıb.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişafından da geniş bəhs edərək bildirib ki, Azərbaycan 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyadan problemin həllində daha yüksək fəallıq, ədalətli yanaşma gözləyib: “Eyni fikirləri digər həmsədr dövlətlər – Fransa və ABŞ-la da bağlı qeyd edə bilərik. Amma reallıq budur ki, 30 ildə həmsədr ölkələrin mandatlarına uyğun olmayan mövqe nümayiş etdirmələri, neytrallığı qorumamaları, işğalçını adı ilə çağırmadan münaqişənin ədalətli həllindən danışmaları və sonda Vətən müharibəsinin baş verməsinə yol açmaları onlara qarşı etimadsızlıq mühitinin yaranmasına səbəb oldu. Diqqət çəkən və təəssüf hissi doğuran məqam budur ki, dünyanın bəzi gücləri, o cümlədən Fransa Vətən müharibəsi, həmçinin postmünaqişə dövründə də Azərbaycana qarşı mövqeyində müsbətə doğru heç bir dəyişiklik etmədi. Rusiyanın 10 noyabr Bəyanatının imzalanmasında vasitəçiliyi, eyni zamanda, 11 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünün təşkilində vasitəçiliyi Azərbaycan dövləti tərəfindən yüksək dəyərləndirildi. Rusiya sülhməramlılarının bölgədə sülhün, təhlükəsizliyin təminatına dəstəkləri də yüksək qiymətləndirilən addımlar sırasındadır”.
“Azərbaycan və Rusiya prezidentlərinin görüşündə də qeyd olunduğu kimi, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ikitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdırlar. İki ölkənin dövlət başçılarının, hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, müzakirə olunan məsələlər də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Rusiya və Azərbaycanı həm də bir-birinə tarixi, siyasi, mədəni tellər bağlayır. İllər keçdikcə münasibətlərin inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilir, birgə səylər göstərilir. Ölkələrimiz arasında ticarət dövriyyəsi yüksəlir, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq diqqəti xüsusilə cəlb edir. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur. Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb. 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Bir sözlə, rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası yüksəkdir”.
“Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Vladimir Putinin vasitəçiliyi ilə Prezident İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünü ölkəmizin növbəti qələbəsi, Ermənistanın tarixi Zəfərimizdən sonra adi hal alan təxribatlarının iflasa uğradığının etirafı kimi dəyərləndirə bilərik” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın nitqində yer alan fikirlər də təsdiqləyir:
“Ermənistan rəhbərliyi artıq başa düşür ki, Azərbaycanı hərbi təxribatlarla hədələmək onlara heç nə qazandıra bilməz. Bu kimi təxribatlar Ermənistana daha böyük faciələr gətirə bilər. Görüşün Rusiyanın vasitəçiliyi ilə keçirilməsi isə öz növbəsində 10 noyabr 2020-ci il Bəyanatında yer alan müddəaların yerinə yetirilməsinə, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin həllinə təsirsiz ötüşməyəcək. Rusiya Prezidenti Vladimir Putinin üştərəfli görüşdəki nitqində, həmçinin bu görüşün sonunda imzalanan Bəyanatda da bu müddəalar öz əksini tapıb ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılıq əldə edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında da bildirilir ki, 26 noyabr Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib”.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır. Müxtəlif səviyyələrdə görüşlərin keçirilməsinə, müzakirələrin aparılmasına tərəfdardır: “Bu baxımdan Avropa İttifaqı (Aİ) Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfinin razılıq verməsi də əhəmiyyətlidir. Avropa İttifaqı Şurasının Prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü çərçivəsində hər iki ölkənin rəhbərinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Təbii ki, hər bir təşəbbüs, vasitəçilik əsasında keçirilən görüş qarşıya qoyulan məsələlərin həllinə doğru atılan addımdır. Rusiya Prezidenti Vladimir Putin Soçi görüşündə Avropa İttifaqının bu addımını təqdir edərək bildirmişdir ki, əsas odur, dialoq faydalı olsun”.Bizim Facebook səhifəmizə abunə olun